“Azərbaycandillillər” və “rusdillilər” kimi ifadələrdən istifadə etməməliyik” – DEPUTATIN TÖVSİYYƏSİ

Sosial şəbəkələrdə ana dili ilə bağlı sərt statuslara, bəzən təhqirə keçən müzakirələrə rast gəlirəm. Jurnalistlərdən biri ana dilinin özgə dillərdən üstünlüyünü çox qüsurlu, əndazəni aşan şəkildə ifadə edib. Eşitdiyimə görə, həmin jurnalist sonra üzr istəyib. Gəlin, məsələyə soyuqqanlı yanaşaq. Əlbəttə, istənilən ölkədə əsas danışıq dili doğma dildir. İnsan ilk növbədə ana dilini bilməlidir. Ancaq qloballaşan dünyada yaşayırıq. Ana dilimizdən başqa daha çox xarici dilləri də öyrənməliyik. Bu bizə bir neçə istiqamətdə üstünlük saxlayır.

Birincisi, qarşımızda Ermənistan kimi düşmənimiz var və bu işğalçı ölkə bizimlə təkcə cəbhədə savaşmır, Azərbaycanla informasiya müharibəsi də aparır. Biz informasiya müharibəsini uğurla aparmaq üçün isə rus, fransız və ingilis dillərini öyrənməli və ədalətin bizim yanımızda olduğunu dünyaya anlatmalıyıq. Şükürlər olsun ki, ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm prezidentimiz İlham Əliyevin siyasəti sayəsində Ermənistanın və erməni lobbisinin vaxtilə formalaşdırdıqları informasiya blokadasını yarmışıq.

Yeni nəsil gəncliyimiz müxtəlif dillərdə işğal altındakı torpaqlarımız, Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır və bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Bakıda keçirilən çoxsaylı konfranslar, simpoziumlar və ümumiyyətlə, daxili və xarici siyasətdə qazanılan uğurlar bizi 2017-ci ildə dünyaya daha yaxından tanıtmağa kömək edib. Bu haqda yaxın günlərdə növbəti yazım olacaq. Hələliksə dil məsələsinə qayıdıram.

Ümummilli liderimiz Heydər Əliyev hələ SSRİ illərində Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin yerini və rolunu əks etdirmişdi. Bu, asan məsələ deyildi. Başqa respublikaların Konstitusiyasında ana dillə bağlı xüsusi bənd olmazkən, bizdə bu var idi və ümummilli liderimizin ana dilinin inkişafında müstəsna xidmətləri var.

Biz ana dilimizdə yazmalı və danışmalı, o cümlədən xarici dillərdəki elmi ədəbiyyatı və məşhur yazıçıların əsərlərini ana dilimizə çevirməliyik. Bununla yanaşı, övladlarımız xarici dilləri də öyrənməli və bu yolla dünyaya çıxış əldə etməlidirlər. “Azərbaycandillillər” və “rusdillilər” kimi ayırıcı ifadələrdən istifadə etməməliyik.

Hamımız azərbaycanlıyıq və bu vətənin övladlarıyıq. Dini və milli tolerantlığımız dünyaya nümunədirsə, öz aramızda da dil məsələsində dalaşmamalı, sərt ifadələrdən uzaq durmalıyıq.

Biz Dünya Azərbaycanlılarının Həmrəylik günündə sözün həqiqi mənasında həmrəy olmalıyıq.

Həmrəylik günümüz mübarək olsun!

Adil ƏLİYEV,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

Dünyada ən gözəl bayram şəhid ailəsi ilə keçiriləndir – QƏNİRƏ PAŞAYEVA – FOTO

Read Next

2018-ci ili böyük ümidlərlə qarşılayacağıq… – ƏMƏKDAR ARTİSTİN ARZUSU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir