“Azərbaycanı, bu bölgəni və bütövlükkdə dünyanı təhdid edən edən erməni terrorizminə biz qalib gələcəyik-əzmimizlə, iradəmizlə, səbrimizlə, qətiyyətimizlə!”-ZİYAD SƏMƏDZADƏ YAZIR

Dünya, kürreyi-ərz, bəşər övladı yarandığı gündən qanlı qarşıdırmalar, silahlı toqquşmalar, müharibələr, insanlıq dramları daim, hər zaman mövcud olmuş, bu günlərimizəcən davam etmiş və təəssüflər olsun ki, hazırda da davam etməkdədir.

Davamlı sülh niyyətləri, sülh çağırışları, bu yöndə atılan əməli addımlar da bu neqativ, dağıdıcı, fəlakətli tendensiyanın qarşısını tam ala bilməmişdir.

Dünyada hələ də, o cümlədən, yaşadığımız coğrafiyada qanlı qarşıdurmalar yaşanmaqda, münaqişə ocaqları öz “mövcudluqları”nı davam etdirməkdədirlər.

Bu qanlı qarşıdurmaların, münaqişə ocaqlarının alovlandırılmasında, insanlıq dramlarının bir-birini əvəzləməsində də son əsrlərin ən qorxunc, antibəşəri və antinsani cinayətləri sırasında ilk yerlərdə dayanan terrorizm, terrorçuluq fəaliyyətləri “xüsusi” yer almışdır.

Hətta bəzən münaqişələrin, qanlı müharibələrin sülhlə bitirilməsi ərəfəsində gözləri qandan doymayan açıq və gizli çevrələr dövriyyəyə məhz terrorçuluğu, terrorçuları daxil etmiş və təəssüflər olsun ki, sonda da öz məkrli, qorxunc ssenarilərini, planlarını reallaşdıra, gerçəkləşdirə bilmişlər.

Dünyada terrorizm, terrorçuluq “fəaliyyətləri”ndən və terrorçulardan danışarkən də ilk və mütləq şəkildə yada düşən, göz önünə gələn məhz ermənilər, erməni terror təşkilatları və erməni terrorçularıdır.

Terrorizm artıq necə deyərlər, ermənilərin və “erməniçiliyin”  “fəlsəfəsi”nə,  “yaşam tərzi”nə çevrilmişdir.

19-cu əsrdən bu yana, xüsusilə, son iki – 20-ci əsrdə  və artıq 20 ilini arxada qoyduğumuz 21-ci əsrdə terrorçuluq ermənilərin başlçıca “fəaliyyət prinsinlər”ini, “erməniçiliyin” “ana xətti”ni təşkil etmişdir.

Belə demək mümkünsə, yetərli siyasi və hərbi gücün olmadığı bir zamanda erməni terrorizmi, ilk başladığı dövrdən etibarən dünyanın hər yerinə səpələnmiş ermənilər üçün vahid yaşayış məkanının yaradılması naminə resursların və ərazilərin ələ keçirilməsi üçün effektiv vasitə kimi istifadə edilmişdir.

İlk erməni siyasi institutları olan Armenikan (1885), Hnçak (1887) və Erməni İnqilabi Federasiyası-Daşnaksütun/EİFD (1890) terroru düşmənləri ilə mübarizə üçün zəruri vasitə və erməni etnosunun erməni Qriqorian kilsəsinin etnik-dini təriqətindən dövlətçiliyə malik monoetnik millətə çevrilməsində birləşdirici bir vasitə kimi tanımış və istifadə etmişlər.

Erməni terrorizminin qanlı “uğurları” XIX əsrin sonu, XX əsrin əvvəllərində Hnçak və EİFD-nin üzvləri və tərəfdarları tərəfindən yüksək səviyyəli şəxslərin silsilə qətllərinə təkan vermişdir (Erməni terrorunun xronologiyası əlavə olunur).

Geniş erməni icması arasında böyük dəstək alan erməni terrorizmi qarşısına çıxan öz və digər etnik qrupların nümayəndələri də daxil olmaqla hər kəsə əsl nifrət və nifaqın təzahürünü nümayiş etdirərək yadda qalmışdır.

Bunun bariz nümunəsi 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən amansız qətliam olmuşdur.

Azərbaycanlılar ən sevilən milli bayramı – Novruz bayramını qeyd edərkən, EİFD-nin minlərlə silahlı terrorçusu Azərbaycanın şəhər və kəndlərinə basqın etmiş və mülki əhalini misilsiz qəddarlıqla qətliama məruz qoymuşdurlar.

Həmin günlərdə 20 000 dinc azərbaycanlı həlak olmuş, 167 kənd dağıdılmış, onlardan 35-i tamamilə yerlə yeksan edilmişdir.

Təsadüfi deyil ki, 1918-ci ilin qanlı hadisələri, erməni terrorizmi nəticə etibarı ilə 31 martın Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi tarixə həkk olunmasına, təqvimdə əksini tapmasına səbəb olmuşdur.

XX əsrin ortalarında erməni terrorizmi bir müddət səngiyərək, əsasən Yaxın Şərq və Avropanın ermənilərin məskunlaşdığı regionlarında gizli fəaliyyət göstərən erməni terror təşkilatları çərçivəsində təsisatlanmışdır.

“Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu”-ASALA (1975), “Erməni Soyqırımı Ədalət Komandanlığı”-JCAG, “Yeni Erməni Müqaviməti”- NAR (1977) və digər ekstremist qruplara məxsus erməni terrorçuları Fransa, İsveçrə, İtaliya, ABŞ, Livan, Türkiyə, İran və Böyük Britaniyada türk məmurlarına hücum etmiş, səfirlər də daxil olmaqla, 24 türk diplomatını qətlə yetirmişlər.

1970-ci ildən 1990-cı ilədək olan dövrdə erməni terror təşkilatları 1988-ci ilin fevral ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən terrorizmə qarşı mübarizə üzrə bir sıra beynəlxalq hüquqi aktların, o cümlədən “Mülki aviasiyaya xidmət edən hava limanlarında qanunsuz zorakılıq aktlarının qarşısının alınması haqqında Protokol”un qəbul edilməsinə səbəb olan, 70-dən çox insanın qətlə yetirildiyi, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmişdirlər.

1988-ci ildə şovinizm və “erməniçilik” virusuna yoluxmuş ermənilər, Ermənistan tərəfindən Qarabağ məsələsinin ortaya atılması, Qarabağ münaqişəsinin alovlanlandırılması  ilə erməni terror təşkilatlarının fəaliyyəti yenidən Azərbaycana istiqamətləndirilmişdir.

1980-ci illərin ikinci yarısı erməni terrorçularının Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdır.

1991-ci ildə işğalçı və təcavüzkar Ermənistan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının irəliləməsində terrora dövlət səviyyəsində bəraət qazandırmış və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, həmçinin yeddi ətraf rayonun işğalı və ilhaqında terror vasitələrindən geniş istifadə etmişdir.

Bütövlükdə son 32 il ərzində-Qarabağ münaqişəsi başlayandan bu yana terrorizm demək olar ki, işğalçı və təcavüzkar Ermənistanın dövləti siyasətinə çevrilmişdir. Bu ölkə sözün əsl mənasında insanlığı, təhlükəsizliyi təhdid edən dünyanın bir saylı terror dövlətidir.  

Heç kimə sirr deyil və heç də təsadüfi deyil ki, erməni diasporu və xüsusi təhlükəsizlik xidməti orqanlarının maliyyəsi və təchizatı ilə Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞda yaşayan 6000-dən çox erməni Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalında fəal iştirak etmişdir.

Ermənistanın Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarının ən dəhşətlisi 26 fevral 1992-ci ildə bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində baş vermişdir. 

Bu sıraya 20 noyabr Qarakənd faciəsi-terraktı, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Ağdaban, Ballıqaya, Bağanıs-Ayrım faciələri də daxildir. 

Həmçinin, Ermənistanın azərbaycanlı mülki əhalisinə qarşı törətdiyi terror aktlarında əsasən qadınlara, uşaqlara və qocalara qarşı snayper hücumları və ya yaxınlıqdakı çaylara partlayıcı yerləşdirilmiş oyuncaqların atılması üsulları üstünlük təşkil etmişdir.

Cəbhə və dövlət sərhədi yaxınlığında törədilmiş erməni terror aktlarının qurbanları arasında Ağdamdan 5 yaşlı oğlan, Tovuzdan 13 yaşlı qız və Füzulidən 2 yaşlı qız uşaqlarını qeyd etmək olar.  

Həmçinin, terroru dövlət siyasətinə çevirən Ermənistanın terrorçuluq fəaliyyəti bu ilin iyul-Tovuz hadisələrindən, eləcə də, 27 sentyabr təxribatından, Azərbaycanın İkinci Vətən Müharibəsinə başlanmasından sonra qanlı və murdar üzünü daha açıq şəkildə göstərmişdir.

Belə ki, dünya sivilizasiyasının ilk məskənlərindən və mərkəzlərindən olan qədim Gəncə şəhərinin 4 dəfə bombardmana, raket zərbələrinə məruz qalması, Naftalanın Qaşaltı kəndində 5 nəfərlik ailənin məhv edilməsi, iki gün –  əvvəlcə Bərdənin Qarayusifli kəndinin, sonra isə Bərdənin şəhər mərkəzinin qadağan edilmiş kütləvi qırğın silahları ilə-“Smerç”lərlə vurulması, burada insanlıq dramları yaşadılması, Tərtər rayonunun və şəhər mərkəzinin hər gün atəş altında saxlanılması, dinc, mülki insanların məqsədli şəkildə hədəf seçilməsi, qəbiristanlıqda Şəhid dəfni zamanı vandalizm aktının törədilməsi, 4 nəfərin qətlə yertirilməsi və daha neçə-neçə dəhşətli hadisələr erməni terrorizminin və Ermənistanın terrorçuluq siyasətinin qanlı əməlləridir.

Düşmən, terror dövləti yenə də dinc dayanmır və dayanmaq istəmir.

Noyabrın 10-da təslimçilik aktını biabırcasına imzalasa da, yenə də terrorçuluq əməllərindən əl çəkmək fikrində, niyyətində görünmür.

Belə ki, 27 ildən artıq işğal altında saxladıqları Kəlbəcər rayonunda son bir neçə gün ərzində törətdikləri əməllər, vəhşiliklər əsl soyqırımı-terrorçuluq cinayətlərdir.

Məğlubiyyətləri ilə barışa bbilməyən ermənilər, terror dövləti, terrorçular təbiəti, meşəlikləri, yaşıllıqları məhv etməklə, evləri yandırmaqla, vəhşiliklər törətməklə terrorçuluq fəaliyyətlərini davam etdirməkdədirlər.

Ancaq onların bu cinayətlərinin sonuna da az qalmayıb.

İkinci Vətən Müharibəsini cəmi 44 günə Zəfərlə başa çatdıran, 32 illik münaqişəyə cəmi 44 günlük Müharibə və Qələbə ilə son nöqtəsini qoyan Azərbaycan dövləti erməni terrorizminin də öhdəsindən gələcək.

Erməni terrorçuları, terror dövləti olan Ermənistan bir gün-çox da uzaq olmayan bir zaman kəsiyində terrorçuluq fəaliyyətlərinə görə də cavab verməli olacaqlar.

Mütləq cavab verəcəklər, bunu biz edəcəyik, buna biz, güclü-qüdrətli, Qalib Azırbaycan dövləti nail olacaq.

Azərbaycanı, bu bölgəni və bütövlükkdə dünyanı təhdid edən edən erməni terrorizminə biz qalib gələcəyik-əzmimizlə, iradəmizlə, səbrimizlə, qətiyyətimizlə!

Ziyad SƏMƏDZADƏ,

Akademik, millət vəkili  

Etikxeber.az

Read Previous

“Qurumun sədri kimi biz Milli Məclis olaraq TÜRKPA-nın fəaliyyətinə lazımi dəstəyi bundan sonra da göstərmək niyyətindəyik”-SAHİBƏ QAFAROVA

Read Next

“Qarabağda son vəziyyət!”-GƏNC POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir