“Azərbaycanı Liviyaya, Misirə, Suriyaya çevirmək məqsədi güdürlər…”-NADİR QOCABƏYLİ – TANINMIŞ YAZAR, O CÜMLƏDƏN, BİR BAŞ REDAKTOR VƏ ÖLKƏ RƏHBƏRLİYİ TƏHDİD OLUNDU…

Yazar, ictimail fəal Nadir Quliyev (Qocabəyli) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə müraciət ünvanlayıb.

Etikxeber.az həmin müraciəti olduğu kimi, təqdim edir:

“Hörmətli Prezident, hörmətli 1-ci Xanım və hörmətli cənablar!

Dünən son dərəcə ədəbsiz söyüşlərlə müşayiət olunan təhqir və təhdid dolu bir mesaj almışam. Mesaj WhatsApp nömrəmə +1(650) 300-1020 nömrəsindən gəlib. Mesajda mənimlə yanaşı, hörmətli cənab Prezidentin, Vitse-Prezidentin, daxili işlər naziri Vilayət Eyvazovun, DTX rəhbəri Əli Nağıyevin, Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun, “Azvizion” saytının baş redaktoru Vüsal Məmmədovun ünvanına da ağır söyüş və təhqirlər yer alıb. Mesajda daha sonra bildirilir ki, tezliklə mitinqlər başlayacaq və hamımızın axırına çıxacaqlar. Mənim yaşayış ünvanım göstərilərək əlavə olunur ki, o zaman gəlib məni və ailəmi cəzalandıracaqlar. Bu təhdid də son dərəcə əxlaqsız, ədəbsiz formada ifadə olunur. Daha sonra mesaj müəllifi yazır ki, “az qalıb”, hamınızı cəzalandıracağıq (daha doğrusu, bu fikri də nalayiq küçə söyüşü ilə yazıb). Ən sonda məni və adını çəkdiyim hörmətli insanları bir daha ağır söyüşlərlə təhqir edir.Həmin son dərəcə ədəbsiz, təhqiramiz mesajın surətini burada paylaşa bilmirəm, ancaq müvafiq orqanlara təqdim edə bilərəm. Mən öz imkanlarım daxilində xırda bir araşdırma apararaq təxmini müəyyən etdim ki, mesaj ABŞ-ın Kaliforniya ştatından göndərilib.

Çünki İnternet resurslarında +1 (650) kodunun məhz həmin ştata aid olduğu göstərilib. Ancaq əlaqədar orqanların daha dəqiq və səhih məlumat əldə edəcəyini düşünürəm. Mesajın üslubundan, dialektik xüsusiyyətlərindən göndərənin Azərbaycanın hansı bölgəsindən olduğunu da təxmin etmək mümkündür. Ancaq bunu da müvafiq orqanlar daha dəqiq müəyyənləşdirə bilərlər. Hörmətli cənab Prezident, Vitse-Prezident, digər vəzifəli şəxslər və səlahiyyət sahibləri. Mən bu məktubu söz və ifadə, fikir azadlığına qarşı son dərəcə ağır təhdid, mənəvi terror hesab edirəm. Mən və ailəm sosial şəbəkələrdəki fikirlərimə görə təhdid olunuruq. Xaricdəki müəyyən qruplar açıq-aşkar ölkədəki sabitliyi pozmaq niyyətlərini dilə gətirir, ölkə rəhbərliyini və vətəndaşları ağır söyüşlərlə təhqir, təhdid edirlər. Əslində sərbəst toplaşmaq, fikir yürütmək vasitəsi olan mitinqlərdən terrorist kimi istifadə edərək, sözdən başqa heç bir silahı olmayan dinc insanlar, onların ailələri hədələnir. Mənə əvvəllər də belə təhqir dolu mesajlar gəlib və bu haqda hüquq-mühafizə orqanlarına müraciət də etmişəm. Ancaq beləsi olmayıb. Belə mesajlar, yəqin ki, başqa insanlara, vətəndaşlarımıza da gəlir və hesab edirəm ki, mən tək deyiləm.Mən, əlbəttə, belə insanlardan qorxmur, dövlətimə və özümə, oğullarıma, qonşularıma, qohumlarıma, dostlarıma güvənirəm. Bu tip anonim söyüş yazan, təhdid yağdıran pozğun məxluqların qabiliyyətlnə, qeyrətinə də bələdəm. Ancaq milçək özü bir şey olmasa da, ürək bulandırır.

Eyni zamanda, belələrinin cəzasız qalması mühitimizi çirkləndirir, qara milçəklərin, digər ziyanverici həşəratların sayını artırır.Bu təhqir və təhdidlərə sərt karantin günlərində Yasamal rayonunda vətəndaşlarla polis arasında baş verən hadisəyə verdiyim qiymətə görə məruz qalıram və bu, birinci deyil. Məsələ burasındadır ki, qadınlara, uşaqlara qarşı heç bir kobudluq etməyən polisin hərəkətini zorakılıq kimi qiymətləndirən qüvvələrin mövqeyindən çıxış edən, onların yönləndirdiyi, onların əlaltısı olan bu tip məxluqlar bizi qadınlarımız, uşaqlarımızla son dərəcə ədəbsiz, tərbiyəsiz formada təhdid edir, terrorla hədələyirlər. Hesab edirəm ki, polisə müqavimət göstərən, onun başına zibil atan, onu təhqir edən adamlarla həmin bu təhqir dolu təhdid yazanlar eyni kateqoriyalı tiplərdir. Mən də məhz belə düşündüyümə və bunu açıq ifadə etdiyimə görə təhqir olunur, son dərəcə pozğun ritorika ilə təhdid olunuram.

Hesab edirəm ki, məlum hadisə ilə bağlı fikir ayrılıqları sivil dialoq yolu ilə yoluna qoyulmalı, hər kəs törətdiyi əmələ görə adekvat cəza almalı, etik formada ifadə olunan fikirlərə dözümlü yanaşılmalıdır. Odur ki, Sizlərdən xahiş edirəm, bu tip xain, məkrli, cinayətkar, terrorist təfəkkürlü insanların aşkara çıxarılması və cəzalandırılması üçün əlinizdə olan imkanlardan istifadə edəsiniz.Terrorçu təfəkkürlü bu adamlar bu vasitə ilə bizi qorxutmaq, gözümüzü qırmaq, ağzımızı yummaq və öz bədxah əməllərini gerçəkləşdirmək istəyirlər. Hesab edirəm ki, onların arxasında məkrli siyasi ambisiyası olan müəyyən daxili və xarici qüvvələr dayanır. Onlar ölkəmizdə vəziyyəti qarışdırmaq, Azərbaycanı Liviyaya, Misirə, Suriyaya çevirmək məqsədi güdürlər”.

Etikxeber.az

Read Previous

Milli Məclisin sabahkı iclası-7 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ, DEPUTATLAR YENƏ MASKALARDAN İSTİFADƏ EDƏCƏK, İKİ METR ARALI MƏSAFƏDƏ ƏYLƏŞƏCƏK, JURNALİSTLƏR İCLASA BURAXILMAYACAQ

Read Next

“Kömək istəyirlər… Deputat olaraq onlara necə kömək göstərə bilərəm? Çıxış yolu tapmıram, deputatın büdcəsi yoxdur…”-MİLLƏT VƏKİLİ “ÜSYAN” ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir