Azərbaycanın Ankarada, Türkiyənin Bakıda mədəniyyət mərkəzləri açılacaq

Azərbaycanın Türkiyənin paytaxtı Ankara şəhərində, Türkiyənin isə Azərbaycanın paytaxtı Bakı şəhərində mədəniyyət mərkəzləri fəaliyyət göstərəcək.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsinin sentyabrın 12-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclasında müzakirə olunub.

Qeyd edək ki, həmin mədəniyyət mərkəzlərinin yaradılması “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişdə nəzərdə tutulur və həmin sənədin də təsdiq edilməsi məsələsi  komitdədə müzakirəyə çıxarılıb.

Sazişlə bağlı qanun layihəsi  haqqında məlumat verən adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov iki qardaş və dost ölkə arasında belə bir məsələnin nəzərdə tutulmasının hər iki dövlətin milli mənafeyinə uyğun olduğunu, onun ümumtürk mədəniyyətinin inkişafına böyük töhfə verəcəyini bildirib:

rafael-10

“Bu, olduqca önəmli bir Sazişdir və hesab edirəm ki, parlamentimiz tərəfindən ratifikasiya edilərək, hüquqi qüvvəsinə minməlidir”.

Millət vəkili, akademik Gövhər Baxşəliyeva öz növbəsində bu Sazişin çöx böyük önəm kəsb etdiyini, Türkiyəylə Azərbaycan arasında inteqarasiyanı daha da gücləndirəcəyini bildirib:

govher x shekil son

“Sazişdə də göstərilir ki, Azərbaycan tərəfinin Mədəniyyət Mərkəzi ölkəmizin qardaş ölkədəki səfirliyinin nəzdində fəaliyyət göstərəcək. Eyni zamanda, Türkiyə tərəfinin “Yunus Emre Türk Mədəniyyət Mərkəzi” adını daşıyacaq Mədəniyyət Mərkəzi qardaş ölkənin Azərbaycandakı səfirliyinin nəzarəti altında fəaliyyət göstərəcək. Həmçinin, Sazişdə göstərilir ki, Bakı və Ankara ilə yanaşı, Türkiyənin və Azərbaycanının digər şəhərlərində də mədəniyyət mərkəzlərinin şöbələri təsis edilə bilər. Mədəniyyət mərkəzlərinin öz səlahiyyətləri çərçivəsində  isə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və dostluğu təşviq, mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına kömək etməsi, həmin sahələrdə iki ölkə arasında imzalanmış sazişlərinin həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur və sair. Hesab edirəm ki, bunlar olduqca vacib və önəmli məsələlərdir. Bunlar Azərbaycan-Türkiyə qardaşlığı və dostluğuna, iki dövlət arasında əlaqələrin inkişafına, inteqrasiya prosesinin daha da güclənməsinə öz töhfəsini vermiş olacaq. Bu gün dünyada ikinci bir dövlət tapa bilməzsən ki, Azərbaycanla Türkiyə qədər bir-birinə sıx, ayrılmaz tellərlə bağlı olsun. Dünyada bunun analoqunu tapmaq mümkün deyil. Çünki bu iki dövlət bir-birinə milli, dini, tarixi köklərlə bağlıdır. Biz eyni dilə, eyni ortaq dəyərlərə malikik. Odur ki, bu iki dövlət arasında inteqrasiyanı gücləndirəcək bütün addımlara dəstək vermək, onlara sevinmək, onları təbliğ və təşviq etmək lazımdır. Bu Saziş də məhz bu amala, bu niyyətə xidmət edir və edəcək”.

Saytımız açıqlamasında millət vəkili Eldəniz Səlimov da belə bir Sazişin imzalanmasını və hüquqi qüvvəyə minməsi üçün ratifikasiyaya təqdim olunmasını çox müsbət və təqdirəlayiq hadisə adlandırıb:

eldeniz salimovvv

“Bu gün Azərbaycanla qardaş Türkiyə ideal münasibətlərə malikdir, bu münasibətlər dünya üçün bir nümunə, bir modeldir. Elə bir məsələ yoxdur ki, orada mövqelərimiz üst-üstə düşməsin. Elə bir məsələ yoxdur ki, iki dövlət bir-birinə dəstək verməsin. Əməkdaşlıq etdiyimiz, birgə üzvü olduğumuz təşkilatlarda da hər zaman Azərbaycan və Türkiyə nümayəndə heyətləri qoşa qanad kimi addımlayıblar, bir-birilərinə arxa-dayaq çıxıblar. Təbii ki, Azərbaycanla Türkiyənin bu cür münasibətlərə malik olması bəzi dairələri də qıcıqlandırmaya bilməz, xüsusilə də, ermənipərəst anti-Azərbaycan və anti-Türkiyə dairələrini. Onlar dəfələrlə bu münasibətlərə kölgə salmağa, xələl gətirməyə cəhdlər ediblər, ancaq bütün cəhdlər də Türkiyə və Azərbaycan dövlətləri, cəmiyyətləri, onların müdrik liderləri tərəfindən dəf edilib, fiaskoya uğradılıb. Bütün dünya da görüb və bilib ki, bu iki qardaşın, iki qardaş dövlətin arasına girmək mümkün deyil və mümkün olası məsələ deyil. Odur ki, Türkiyəmizlə Azərbaycanımız arasında bütün məsələlərdə, bütün sahələrdə inkişafa, inteqrasiyaya xidmət edəcək bütün addımlara dəstək verilməlidir. Bu, bizim müqəddəs vəzifəmiz, borcumuzdur”.

Müzakirələrdən sonra Sazişin ratifikasiya olunması parlamentin payız sessiyasının plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Siqaretlə bağlı məsələni yaradıcılığa “tətbiq etmək” düzgün deyil – MİLLƏT VƏKİLİ

Read Next

Oqtay Əsədov ATƏT-in baş katibinə Minsk qrupundan gileyləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir