“Azərbaycanın beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır…Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir…”-DÖVLƏT KOMİSSİYASI – YENİLƏNİB

Azərbaycan Respublikası 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hələ müstəqilliyinin ilk illərində, 1993-cü ildə qoşulub, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə və humanizm prinsiplərinə daim sadiq olub.

Etikxeber.az-ın məlumatına görə, bunun Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.

E. Səmədovun sözlərinə görə, Ermənistan Respublikasının hərbi təxribat əməlləri ilə bağlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı 2020-ci il sentyabrın 27-dən sonra Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə olunmuş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal internə edilib, saxlanma şəraiti, onlarla davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin olunub:

“Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazmasına, bəzilərinin video ismarıclar göndərməsinə, o cümlədən telefon əlaqəsi saxlamalarına imkanlar yaradılıb”.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələ daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”-deyən E. Səmədov bildirib ki, hazırda Dövlət Komissiyasında birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb:

“Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir”.

E. Səmədov qeyd edib ki, bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir:

“BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır. Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib. Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib”.

***

Sonra “Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcək. Dediyim kimi, döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir”-deyən E. Səmədov sonra qeyd edib:

“Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”.

Etikxeber.az

Read Previous

Azərbaycan dünyanın “Ən islahatçı on ölkəsi” sırasına-DAXİL OLDU…

Read Next

“Bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaq”- Prezident Əfqanıstanın yeni səfirinin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir