AZƏRBAYCANIN VƏ AMERİKANIN “20 YANVAR”I – Deputat

Hər xalqın öz tarixi var.Yeni millətlər anlayışı dünyada çox ehtiyatla qəbul olunur. Əksinə, qədimləşmək tendensiyası daha güclüdür. Min il yaşı olmayanı az qala hibrid siyasi orqanizm hesab edir, tutullu millətlər sırasında onlara şərəfli yer vermək istəmirlər.

Lakin qəhrəmanlıq və uğursuzluq səhifələrindən asılı olmayaraq, xalqlar tarix şüurundan və mədəniyyət genotipindən kənarda mövcud deyillər.Ona görə də çoxları üçün zaman baxımından sırf təsadüf kimi üst-üstə düşən Amerika prezidentinin rəsmi vəzifəsinə başlaması ilə Azərbaycanın “20 Yanvar”ı arasında vahid bir tablonu görməzdən keçmək olmaz.

Doğrudur,yaşanan hisslər çox müxtəlifdir. Əslində 200 ildən bir az artıq yaşı olan və son imperiya adlandırılaraq Bizansı,Romanı, Britaniyanı üstələyən siyasi-hərbi mogikan üçün məğrurluq, triumfal qalibiyyət,iftixar günü-Ağ Evdəki taxt-tacın təhvil alınması mərasimi bütün başqa qitələrin faciə və sevinc günlərini kölgədə qoyur.Lakin hətta antiamerikanistlərin belə Oval saray teatrında oynanılan tamaşadan zövq alaraq,orada öz millətini gördüyünə şübhə yoxdur.

Azərbaycanlılar üçün qibtə,heyranlıq,eyni zamanda,həyəcanla izlənən hakmiyyət tranziti ilə Sovet imperiyasının çöküş günü olan “20 Yanvar” tarixinin arasınadkı paralellər inkarolunmazdır və hər ikisi yeni siyasi eranın başlanğıcı sayıla bilər.

Dünən amerikalı prezidentin and içdiyi anlarda saat fərqi ilə Bakıda insanlar Vətən uğrunda canlarından keçən oğulların ruhu qarşısında vəfa borclarını 27-ci dəfə verməyə qalxmışdılar. Ahıl kişilər-qadınlar övladları ilə birgə hər gün sakit nəzərlərlə ötüb keçdikləri Şərəf abidəsinin başına toplaşmışdılar. Həmin günün xüsusi müqəddəslik mahiyyəti kəsb etdiyini sanki təhtəşüurla hamı dərk edir və yenidən böyümək üçün o məkana yollanır.

Əslində “20 Yanvar” Azərbaycan xalqı üçün də andiçmə günüdür.Müstəqilliyin ağır imtahanı qarşısında yenilməzlik dərsini alanla üçün, güclülər qarşısında daim aşılanan qorxu hissini boğmaq naminə və ali ideallar uğrunda mətin olmaqdan ötəri inanc,etiqad və əbədiyyət ünvanına dönüşə hamı məhkumdur. Azərbaycanlılar hər “20 Yanvar”da tarixinin yeni dövrünə qədəm qoyaraq, fərqli bir millətə çevrilməyi bacarmalıdılar.

Yoxsa,ildönümlər sadəcə çağırış və inzabi səfərbərlik mərasiminə çevriləcək,”hüzn,yoxsa qəhrəmanlıq günü” olduğu hələ də dartışılan “qara bayramlar”ın ağladıb-sısqatdığı adamlar ayaqları böyüyəcək,siyasi və mənəvi boyları isə yerndə sayacaq.Görürsüzmü, şahidliyi şəhidlikdən cəmi bir addım məsafə ayırır!
Prezident və parlament binasının arasında təkcə coğrafi deyil,həm də ilahi bir qanunayğunlqula ruhi vəhdət körpüsünə çevrilən Şəhidlərin abidəsinin ziyarəti əslində həm də müstəqllik gününün qeydiyyatıdır.Yüz minlərlə insan azadlıq mübarizəsinə qurban gedənlərə yenidən baş çəkərək,daxilən ucalmağa duyduqları ehtiyacı xiyabanlara daşıyırlar.Amerikada dövlətin quruculuq daşına çevrilən Vaşinqtonun abidəsi ilə yüzlərlə azərbaycanlı fədaisinin Dağüstü heykəli bir ideyada-“azadlıq “ amalında birləşir!

Bakı və Vaşinqtonun dünyada fərqli çəkisini bir kənara qoyun,”balacalıq kompleksi”ndən bir anlıq azad olun.Əslində ortada o qədər bağlar,oxşar tablolar var ki.Məgər sayı bir milyard yarıma çatan qədim impertatorluğun yadıgarı olan müasir Çin dövləti dünyada eyni siyasi entüziazmı və qələbəliyi doğura bilirmi? Xeyr,bacarmır. Dünən Sezarın hərbi qələbələrdən sonra Romaya daxil olduğu təntənəli mərasim yaşanırdı.Gücün sirrini kənarda axtarmağa ehtiyac yoxdur.Yerin və Göyün sahibləri burada sanki birləşmişdilər.

Hansı nöqtədə Amerikanın başlayıb, harada Tanrının qurtardığı yeri tapmaq mümkün deyildi.Yeni dünya hökmdarının hakimiyyət mücrüsünə sahib durması ilə yer üzünü yaradan qüvvənin seçilmiş bir millətə ilahi səlahiyyətlər verməsi ideyası mistik bir şəkildə şüurlara yeridilirdi.
Amerikada 4 ildən bir Kapitoli təpəsinə toplaşan yüz minlərlə insan Ağ Evin-dünyanın ecazkar,sirli, qüdrətli binasının ətrafına toplaşaraq,cəmi iki əsrdən bir az artıq yaşı olan Taxt-Tacın növbəti sahibinə xeyir-dua verirdilər.

Səhnə-yüksək tərtib olunmuş mütləqiyyət meydanı peyğəmbərlərin uca mərtəbəsinə bərabər bir yüksəklikdə qurulmuşdu. Əslində yuxarı lojalarda əyləşən əyanlar, zəngin siniflərin və silklərin nümayəndələri onları aşağıdan alqışlarla izləyən rəiyyətin və milyonlarla seyrçinin gələcək xoş gününə şahidliyi üçün bura toplaşdıqlarını təqdim edirlər.İsa Məsihin ruhunu çağıran keşiş əzabkeş Linkolnun İncilindən xütbələr oxumaqla bütün dinləri və millətləri vahid ayinin ecaskar səsini dinlməyə məcbur edir.Unudulmaz tablodur,elə deyilmi?

Böyüklüyə can atan millətlər hamıda heyrət və həsəd doğurur,dünyanın dörd bir yanında bütün siyasi paytaxtlar üzərində heyranlıq və cazibə yaradır. Deyə bilərsiz ki,dövlətin məhək daşı qoyulanda onu güclü sütunlar üstündə inşa ediblər.Öz dövrünü qabaqlamış böyük filosofdan, yazıçıdan və siyasi xadimdən-Bencamin Franklindən,dövlətin baş planını yazan adamdan hamı sual edirdi ki, yeni Konstitusiya və İstiqlal Bəyənnaməsi ilə indi onlar hansı təsisatı qazandılar? ”Respublika”deyə,cavab vermişdi o böyük kişi.Amerika dövlətini quran fikir adamları monarxiyadan yan keçərək insanların hürr yaşamaq hüququnu rəhbər tutan bir formasiyaya səs verdilər.

Dünyada bir-birindən ilhamlanan xalqlar çoxdur. İdeyalar qatar kimi bütün dayanacaqlardan keçərək öz sonsuz hərəkətini davam etdirir.Amerika xalqının yeni siyasi təqvim günündə Azərbaycan da azadlığına qovuşmaq üçün meydanlarda mücadilə verirdi.Hər iki milləti birləşdirən ideallar bax budur! Lakin imperiyaların ədaləti tükənəndə sovet rejimi kimi süquta uğrayır.

“20 Yanvar” bütün dünyanın tarixi günüdür!

Azərbaycanın siyasi miladı heç bir xalqın keçmişindən az nikbinlik doğurmur.Hər bir millət məramı və məqsədi ilə böyükdür.

Daşıdığımız ideallar bizi yenilməz və güclü edəcək!

Zahid Oruc,

Millət vəkili

Etikxeber.az

Read Previous

Alonso bu yay bitirir…

Read Next

Deputatlar Lüksemburqda “Qarabağ” Assosiasiyasının fəaliyyəti ilə tanış olub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir