“Azalmalara yenidən baxmaq lazımdır…”-MUSA QULİYEV – 4 QANUN LAYİHƏSİ MM-İN SABAHKI İCLASINA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB – (1) -FOTOLAR

Milli Məclisin (MM) növbədənkənar sessiyası başlayıb.

Etikxeber.az-ın məlumatına görə, növbədənkənar sessiya çərçivəsində bu gün Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

Komitə sədri Musa Quliyev bildirib ki, iclasda dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur. İclasının gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidır (birinci oxunuş).

M. Quliyev qeyd edib ki, 2020-ci il bütün dünyada koronovirus pandemiyası ilə müşayiət olunur:

“Pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən zərərləri olmuşdur. Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş vermişdir. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər”.

Sonra gündəlikdəki birinci məsələ – “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qanun layihəsinin mahiyyəti barədə ətraflı məlumat verib.

Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat  məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır.  Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunmuşdur.  

Qeyd olunub ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla – cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılır. Bu vəsait isə dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcəkdir. 2020-ci ilin birinci yarımilliyi ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1.489,4 mln. manat proqnoza qarşı 1.708,2 mln.manat vəsait daxil olmaqla proqnoza 114,7% əməl edilmişdir. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 mln. manat təşkil edir. 2020-ci ilin 6 ayı ərzində daxil olmuş məbləğ 2019-cu ilin müvafiq dövrünə nisbətən 434,6 mln. manat və ya 34,1% çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 mln. manat və ya 51,3%, qeyri-büdcə sektoru üzrə 198,9 mln. manat və ya 24,4% çox olmuşdur.

“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”-deyən M. Quliyev bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir:

“Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək”.

O, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindəki azalmalara da münasibət bildirib:

“Bu azalmalara yenidən baxmaq lazımdır. Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.

10:49

***

Sonra “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta pulu vermək imkanı yaranacaq”-deyən M. Quliyev bildirib ki, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində işsizlikdən sığorta təyin olunması üçün tələb olunan 3 illik müddət 1 ilə endirilir:

“Bütün dəyişikliklər vətəndaşlar üçün müsbət yöndədir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün 520 mindən çox vətəndaş müddətli əmək müqaviləsi ilə çalışır:

“Yəni potensial olaraq bu vətəndaşlar bizə müraciət edə bilər. Buna görə də hazırlıqlı olmaq, vətəndaş məşğulluğunun təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Şəxsin fərdi məşğulluğu təmin olunanadək işlər davam etdiriləcək. Burada əsas məqsəd işsiz vətəndaşların işlə təmin olunmasıdır. İşsizlikdən sığorta haqqında qanunda fondun vəsaitlərinin hansı istiqamətdə xərclənəcəyi göstərilir”.

Daha sonra “Əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən yeni meyarlar hazırlanır”-deyən nazir müavini bildirib ki, Nazirliyə müvafiq tapşırıq verilib ki, əsassız əlillik təyinatlarına ciddi nəzarət etsin:

“Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə də TƏBİB-lə sıx işləyirik. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir”.

***

11:49

Nazir müavini A. Əliyev eyni zamanda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Bildirib ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəsini əhatə etməsi və digər  məqamlar öz əksini tapıb. 

Qeyd edilib ki, qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilmişdir. Keçən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğul şəxslərin reyestri” yaradılmış və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlumat bazalarından əldə olunur. Bunu nəzərə alaraq, “Məşğul şəxslərin reyestrinin” formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur. Qanunun yeni redaksiyada verilmiş 20.2-ci maddəsində bildirilir ki, işsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir. Sənədə əlavə olunan yeni 20.5-ci maddədə deyilir ki, “Peşə təhsili haqqında” qanunun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətə həyata keçirilir. 

Qeyd olunub ki, 2016-cı ildən başlayaraq, ölkədə özünüməşğulluq proqramının icrasına başlanılmışdır. Son iki il ərzində proqramın əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənmişdir və 2020-ci ildə bu proqrama 12 min şəxsin cəlb edilməsi planlaşdırılmışdır. Hazırda proqrama cəlb olunan bütün şəxslər haqqında məlumatlar “Məşğulluq” altsistemində yerləşdirilir və ictimaiyyət üçün açıqdır. Proqramın sosial xarakter daşıdığını nəzərə alaraq, özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə əmlakların istifadəyə bir il müddətinə verilməsi, habelə fəaliyyətinin monitorinqinin müddətinin də iki ildən bir ilə kimi azaldılması təklif olunur. Qanuna bir sıra digər dəyişikliklər də nəzərdə tutulub.

İclasın sonunda müzakirəyə çıxarılan dörd qanun layihəsinin hər biri MM-in plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

Etikxeber.az

Read Previous

İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər…-QƏNİRƏ PAŞAYEVA YAZIR

Read Next

Fəttah Heydərov 82 yaşında-DÜNYASINI DƏYİŞDİ – I FƏXRİ XİYABANDA DƏFN EDİLDİ – PREZİDENT NEKROLOQ İMZALADI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir