AzTV-nin daha bir əməkdaşı-BAŞ REDAKTOR ETİBAR BABAYEV KORONAVİRUSDAN DÜNYASINI DƏYİŞDİ – AzTV AÇIQLAMA YAYDI…-YENİLƏNİB – (1)

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) baş redaktoru Etibar Babayev koronavirusdan ölüb.

Etikxeber.az  xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov özünün facebook səhifəsində məlumat paylaşıb.

Paylaşımda deyilir:

“Lakin təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu… Bu dəqiqə aldığım məlumat çox acınacaqlıdır – Etibar Babayev dünyasını dəyişib… Deməyə sözüm qalmayib, Allah rəhmət eləsin”.

Qeyd edək ki, bu, son günlərdə AzTV əməkdaşları arasında baş verən ikinci hadisədir.

Belə ki, iki gün öncə AzTV-nin daha bir əməkdaşı-36 yaşlı rejissor Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, AzTV-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxub.

***

“Əhəmiyyət vermədiyimiz, heçə saydığımız bu bəla son üç gündə iki işçimizi apardı…Hər ikisi dəyərli, hər ikisi istedadlı, hər ikisi cavan! Səhiyyəmiz niyə bu vəziyyətə düşdü? Bu 4-5 ayda təcrübə toplamalıydıq axı… Allah hər birinizi və doğmalarınızı qorusun”.

Bunu isə AzTV-nin tanınmış simalarından olan telejurnalist Telli Pənahqızı öz sosial şəbəkə hesabında yazıb.

Daha bir tanınmış jurnalist-Elçin Mirzəbəyli də bunları qeyd edib:

“Lənətə gəlmiş koronavirus tələbə yoldaşım, ailəvi dostum, qonşum, çox istedadlı rejissor, gözəl insan Etibar Babayevin də həyatına son qoydu…Allah rəhmət eləsin. Sözün bitdiyi yerdəyəm .Hər şey bu qədər ciddidir, əziz həmvətənlər. Çox ciddi. İnsafınız olsun…”

07:29

***

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında koronavirusdan vəfat edib”.


Bu barədə isə AzTV-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

“E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.

E.Babayev bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olub. Həmin filmlərə son bir ildə çəkilmiş və tamaşaçılar tərəfindən böyük rəğbət görmuş “Ana və poçtalyon”, “Xocalı yol gözləyir” və digərlərini misal göstərmək olar.

QSC-nin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Məlumat üçün bildirək ki, hazırda 5 əməkdaşımız xəstəxanada koronavirusdan müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.

Etikxeber.az

Read Previous

“Onun geniş fəaliyyəti Azərbaycan cəmiyyətinə nümunədir…”-VAQİF ABDULLAYEV

Read Next

Paytaxt sakinlərindən sabah küçəyə çıxmamaq-XAHİŞ OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir