Bələdiyyələrə məqsədli maliyyə dəstəyini nəzərdə tutan hüquqi bazası tənzimləmə üçün yetərlidir?- EKSPERTİN BAXIŞI

İqtisadçı ekspert Qalib Toğrul hesab edir ki, subvensiyanın ayrılması və istifadəsi mexanizmini əhatə edən ayrıca normativ-hüquqi akt qəbul edilməlidir   

Azərbaycanda bələdiyyələrə dövlət büdcəsindən subvensiya ayrılmasına dair hüquqi baza 2014-cü ildə yaradılıb.

Həmin il “Büdcə sistemi haqqında” qanuna edilən dəyişiklikdən sonra bələdiyyələr dövlət büdcəsindən məqsədli transfertlər – subvensiya almaq üçün müraciət etmək imkanı qazanıblar.

Lakin bələdiyyələr bu məqsədlə müraciət hüququndan 2018-ci ildən istifadə etməyə başlayıblar ki, onlara ilk subvensiyalar 2019-cu ildə verilməyə başlanılıb.

2019-cu ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın ümumi məbləği 500 min manat azaldılıb və bu məbləğin yerli özünü idarəetmə orqanlarına subvensiya şəklində verilməsi nəzərdə tutulub. Lakin parlamentdə keçirilən büdcə müzakirələri zamanı məbləğ yetərli hesab olunmayıb, artırılaraq 1 milyon manata çatdırılıb.

Subvensiya da dotasiya kimi dövlət büdcəsindən verilən əvəzsiz maliyyə yardımıdır. Lakin təqdim olunan layihələr üzrə ayrılan məqsədli (təyinatlı) dövlət maliyyə yardımıdır. Məhz bu səbəbdən ilin sonunadək nəzərdə tutulan təyinat üzrə xərclənməyən maliyyə vəsaiti geri, dövlət büdcəsinə qaytarılmalıdır.

Yerli özünüidarəetmə orqanlarına ayrılmış subvensiyaların bölgüsünü bu dövlət maliyyəsini almaq üçün müraciət etmiş bələdiyyələrin müraciətlərinin təhlili və qiymətləndirilməsi yolu ilə Maliyyə Nazirliyi həyata keçirir, Nazirlər Kabineti isə yekunda hər il fevralın 15-dək subvensiya alan bələdiyyələrin siyahısını təsdiq edir. 2019-cu ildə ümumi məbləği 1 milyon manat olan subvensiya məbləği 4 bələdiyyə arasında, 2020-ci ildə isə 1 milyon 200 min manatlıq subvensiya 6 bələdiyyə arasında bölüşdürülüb.

Birinci ildə yalnız şəhər bələdiyyələrinə vəsait ayrılsa da, ikinci ildə qəsəbə və hətta kənd bələdiyyələrinə də subvensiya verilməsi barədə qərar qəbul olunub. 2020-ci ildə subvensiyanın ayrılmasında təqdir olunmalı digər məsələ bələdiyyələr tərəfindən istehsal müəssisələrinin yaradılması və xidmət göstərilməsi ilə bağlı layihələrə üstünlük verilməsidir.

Hazırda Maliyyə Nazirliyi tərəfindən subvensiyaların hansı meyarlar əsasında qiymətləndirilməsi geniş ictimaiyyətə məlum deyil. Qiymətləndirmə meyarları ilə yanaşı, bələdiyyələr tərəfindən subvensiyaların alınması üçün vahid müraciət forması və təqdim edilməli sənədlərin siyahısı, subvensiyanın aşağı və yuxarı həddi, bu hüququn yaranması kimi vacib məsələlər qanunvericiliklə təsbit olunmayıb. Eyni zamanda subvensiya layihələrinin icrası prosesinə nəzarət və hesabatlılıqla bağlı da hər hansı qanunvericilk norması yoxdur.

Bələdiyyələrlə iş sahəsində ixtisaslaşmış iqtisadçı ekspert Qalib Toğrulun Etikxeber.az-a açıqlamasına görə, subvensiya layihələrinə müraciət, müraciətlərin qiymətləndirilməsi, subvensiyadan istifadə, yaradılmış daşınar və daşınmaz əmlaka bələdiyyə tərəfindən sərəncam verilməsi, onun özgəninkiləşdirilməsi, icarəsi ilə bağlı xüsusi qaydaların hazırlanması vacibdir:

“Bu gün Maliyyə Nazirliyi bələdiyyələrə subvensiya ayırarkən, yalnız “Büdcə sistemi haqqında”  2 iyul 2002-ci il tarixli, 358-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 11.14-cü, 32.2.2.-ci və 34.4-cü maddələrinə istinad edir”.

  Subvensiya layihələrinin qiymətləndirilməsi üçün meyarlar sisteminin hazırlanmasının vacibliyinə diqqət çəkən ekspert hesab edir ki, subvensiya ilə bağlı geniş müzakirə olunub vahid qərar qəbul edilməli məsələlər çoxdur:

“Hazırkı qanunvericilik subvensiya ilə bağlı müraciətlərin olunmasına hər hansı məhdudiyyət nəzərdə tutmur. Maliyyə vəziyyətindən, kadr potesialından, ərazisinin ölçüsündən, əhalisinin sayından, büdcə gəlirlərinin səviyyəsindən asılı olmayaraq bütün bələdiyyələr subvensiya almaq üçün müraciət edə bilərlər. Bu da biz ekspertlərdə müəyyən haqlı suallar doğurur.

Hazırda 1607 bələdiyyənin əksəriyyətinin Dövlət Sosial Müdafiə Fonduna sosial ayırma, dövlət büdcəsinə isə fiziki şəxslərin əmək haqqı gəlirlərindən ödəmə mənbəyində vergi borcları var. Büdcə və Fond qarşısında öhdəliklərini yerinə yetirməyən bələdiyyəyə subvensiya ayrılması nə dərəcədə doğrudur? Əhalisinin sayı 500, 1000, 2000 nəfər olan bələdiyyələrdə dövlət vəsaitindən hansı səmərəli istifadə mexanizmlərindən danışmaq olar? Yalnız sədrdən və mühasibdən ibarət olan bələdiyyələrə dövlət büdcəsi vəsaitini etibar etmək olarmı?

Belə suallar çoxdur. Ona görə də subvensiya müraciəti üçün mütləq meyarlar hazırlanmalıdır. Ancaq çalışmaq lazımdır ki, bu meyarlar ifrat məhdudlaşdırıcı olmasın, əksinə bələdiyyələri müraciət hüququnu qazanmaq üçün öz işlərini qaydaya salmağa, vergiləri vaxtında toplamağa təşviq etsin.”

Hazırda dövlət büdcəsindən subvensiya almaq üçün bələdiyyələr cari il martın 15-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə subvensiya təklifi ilə müraciət edirlər.

Ekspert müraciət formasının və sənədlərin siyahısının dəqiləşdirilməsini zəruri hesab edir:

“Yaxşı olar ki, bələdiyyələr ərizə forması ilə müraciət etsin, ərizədə suvbensiya təklifinin əsaslandırılması, görüləcək işlərin qısa təsviri, subvensiya layihəsinin müddəti və tələb olunan subvensiyanın məbləği və digər məlumatlar əks etdirilsin. Ərizəyə subvensiya təklifinin təsdiq olunması və subvensiyanın ayrılması ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi haqqında bələdiyyə iclasının qərarının, subvensiya layihəsinin maliyyə-iqtisadi əsaslandırmasının, investisiya planının, layihə-smeta sənədlərinin, o cümlədən smetaya daxil edilən avadanlıq və qurğular barədə məlumatların və layihənin eskizini əlavə eidlməsini təklif edərdim.

Subvensiya layihələrinə vəsait ayrılmasına razılıq verilmiş bələdiyyələr ikinci mərhələdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bağlanılmış müqavilələrin surətini, icra palanını və digər zəruri sənədləri təqdim etsələr, prosesin şəffaflığı təmin olunar. Təbii ki, bu sadaladıqlarım mütləq ayrıca qanunvericilik aktında nəzərə alınmalıdır. Sadaladığım sənədlərin nümunəvi formalarının əlavə kimi həmin qanunvericilik aktında nəzərdə tutulması isə bələdiyyələrin işini xeyli yüngülləşdırərdi”.

Q. Toğrul hesab edir ki, subvensiya layihələrinin müddəti və məbləği, icrası, subvensiya hesabına yaradılmış əmlakın bələdiyyə balansına qəbul edilməsi, idarə olunması və hesabatlılıq məsələləri də bu sahədəki hazırkı qanunvericiliyin tənzimləməsindən kənarda qalıb:

“Bələdiyyənin bir ildə bir subvensiya layihəsi alması, layihənin müddətinin 1 ilədək müəyyənləşdirilməsi səmərəlilik baxımından daha doğru olardı. Subvensiya layihələrinin kənar təşkilat tərəfindən icra olunması və onların üzərində ciddi nəzarətin olması məqsədəuyğundur.

İcraçı təşkilat müəyyənləşdirilərkən onun müvafiq sahədəki peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, ödəmə qabiliyyətli olması mütləq nəzərə alınmalıdır. Hesabatlılığa gəlincə, yaxşı olar ki, bələdiyyələr layihələrin icrası ilə əlaqədar görülmüş faktiki işlərin layihə-smeta sənədlərinə müvafiq həyata keçirilməsini, layihələrin icrasına ayrılmış vəsaitin istifadə vəziyyətini, layihələrin icrasının planlaşdırılan mərhələlərə uyğunluğunu araşdırsınlar və layihənin icrasına dair rüblük və illik hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etsinlər.”

Ekspert sonda onu da bildirib ki, bələdiyyələrə subvensiya ayrılması ilə bağlı qaydaların qəbul edilməsi çox vacibdir və əgər müraciət olarsa, şəffaf, hesabatlı subvenisya mexanizminin yaradılmasına öz töhfəsini verməyə hazırdır.

Etikxeber.az

Read Previous

MN bu dəfə Şahbulaq kəndindən görüntülər-YAYDI – FOTO-VİDEO

Read Next

Daha 4170 yeni yoluxma-ÖLÜM SAYINDA ARTIM – 38…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir