Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən-Bərdəli Asif Əlövsət oğlu Abışov, Qəbələli Ağaşirin Firuz oğlu Babayev və Sumqayıtlı (həm də Laçınlı) Elgün Ağayar oğlu Abbaslının doğum günləridir.
Bu gün-16 may 2026-cı il tarixində Asif Abışovun 34, Ağaşirin Babayevin 25, Elgün Abbaslının isə 35 yaşları tamam olur.
Bu, həm də hər üç Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.
Etikxeber.az xəbər verir ki, Bərdəli Asif Abışov 1992-ci ilin may ayının 16-da sözügedən rayonun Lək kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç uşaq-iki qardaş, bir bacı olublar.
Qardaşı Ariflə həm də əkiz idilər.
Əkiz qardaşı ilə 1999-2010-cu illərdə eyni məktəbdə, eyni sinifdə oxuyublar.
Əsgərliyi, hərbi xidməti də iki qardaş bir yerdə çəkiblər.
Hərbi xidmətdən sonra isə Asif Abışov həyatını yenidən hərblə, Ordu ilə bağlayıb.
Hərbi kursa gedib və kursu bitirdikdən sonra 5 il Murovda hərbçi kimi xidmət edib.

İkinci Vətən Müharibəsi başlayan gündən döyüşlərdə olub.
Döyüş yolu uzun və şərəfli olub, sentyanrın 27-dən noyabrın 2-nə, Şəhidliyinə qədər 35 günlük döyüş yolu keçib.
Füzuli və Xocavənd istiqamətlərində döyüşən Asif Abışov noyabrın 2-də Xocavənddə ağır döyüşlər zamanı Şəhidlik məqamnına ucalıb.
Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 17-də bildirilib və nəşi 18-də doğulduğu Lək kəndində torpağa tapşırılıb…
Asif həm də Ləkin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra da Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Əkiz-tək qardaşı oğluna da Onun-Asif Abışovun adı və soyadı verilib.
Bərdə şəhərində adını daşıyan küçə var.
***
Qəbələli Ağaşirin Firuz oğlu Babayev 2001-ci ilin may ayının 16-da adıçəkilən rayonun Qəmərvan kəndində dünyaya gəlib.

Ailənin dörd övladından biri, üç bacının tək qardaşı olub.
Orta məktəbi bitirdikdən sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərdə iştirak edib və noyabrın 3-də, 19 yaşında Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 16 gündən sonra-noyabr ayının 19-da Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ağaşirin də subay olub.
Qəbələdə adına küçə verilib.
***
Həm Laçınlı, həm də Sumqayıtlı Elgün Ağayar oğlu Abbaslı isə 1991-ci ilin may ayının 16-da Laçın rayonun Dəhyan kəndində anadan olub.

Bir yaşının tamamından iki gün sonra-1992-ci ilin 18 may tarixində Laçın rayonunun işğal olunması ilə bağlı öz doğma yurdlarından məcburi köçkün düşüblər, Sumqayıt şəhərinə üz tutublar.
Uşaqlıqdan hərb sənətinə böyük marağı olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
Əsgərliyini başa vurduqdan sonra o da həyatını Ordu, hərb ilə bağlayıb, Şəhidliyinə kimi 7 il Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk günündən son gününə qədər də döyüşlərdə olub.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətlərində 44 günlük şərəfli döyüş yolu keçib.
Axırıncı dəfə ailəsi ilə noyabrın 10-da, İkinci Vətən Müharibəsinin başa çatmasından sonra, Şəhidliyindən isə saatlar öncə danışıb.
Həmin gün, axşam 5-7 radələrində də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 6 gün sonra, noyabrın 16-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də ailəli, bir övlad atası idi.
Şəhid olarkən övladı-qızı, balaca Nəzrin cəmi 4 ayının içində olub.
11:00
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Elgün Abbaslının Sumqayıt Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Məzarını ziyarətdən sonra N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində “Tarixə çevrilən ömür” adlı xatirə gecəsi keçirilib.
Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Ardınca Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Sonra çıxışlar ediliib.
Çıxışlarda Şəhidin İgidlik və Qəhrəmanlığından, Vətən naminə fədakarlığından bəhs olunub.

Şəhidin keçmiş hərbçi və döyüş yoldaşları Orxan Adıgözəlov və Ümid Seyfullayev çıxışlarında qeyd ediblər ki, onlar Elgünü özlərinə təkcə döyüş yoldaşı deyil, həm də böyük qardaş biliblər.
“Biz onu özümüzə böyük qardaş bilirdik…O, müharibə zamanı elə İgidliklər göstərib ki, əsl Milli Qəhrəmanlığa layiqdir…400-dən çox Şəhid və Qazinin döyüş zonasından təxliyyə olunmasında birbaşa iştirak edib…O, sözdə deyil, əməldə əsl Milli Qəhrəmandır…Bu adı tam Haqq edir…”-deyə, döyüş yoldaşları sonra qeyd ediblər.
Çıxışlarda eyni zamanda, Şəhidin ailəsinə, valideynlərinə-anası Sevda xanıma və atası Ağayar kişiyə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Həmçinin, Şəhidin Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Bununla yanaşı, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.
Xatirə fotoları çəkdirilib.

Xatirə gecəsindən sonra isə Sumqayıtda yerləşən Mərasim evində Cənnətdəki altıncı doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.
Şəhid Səbuhi Həsənquliyevin anası Maisə xanım və digər şəxslər tərəfindən şeirlər ifa edilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə, Cənnətdəki altıncı doğum günü ilə bağlı tədbirdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, müəllim və şagirdlər, yerli ziyalılar və sənətçilər, din xadimləri, Laçın rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
13:27
***
FOTOLAR:










15:57
***

















16:20
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




