Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Asif Abışovun-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ, 33 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asif Əlövsət oğlu Abışovun doğum günüdür.

Asif Abışovun bu gün-16 may 2025-ci il tarixində 33 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Lək kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb.

Ailəsinə-valideynlərinə, anası İsbət xanıma, atası Əlövsət kişi Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin Lək kəndində yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, Asif Abışov 1992-ci ilin may ayının 16-da Bərdənin Lək kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə üç uşaq-iki qardaş, bir bacı olublar.

Qardaşı Ariflə həm də əkiz idilər.

Əkiz qardaşı ilə 1999-2010-cu illərdə eyni məktəbdə, eyni sinifdə oxuyublar.

Əsgərliyi, hərbi xidməti də iki qardaş bir yerdə çəkiblər.

Hərbi xidmətdən sonra isə Asif Abışov həyatını yenidən hərblə, Ordu ilə bağlayıb.

Hərbi kursa gedib və kursu bitirdikdən sonra 5 il Murovda hərbçi kimi xidmət edib.

İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərdə olub.

Şərəfli döyüş yolu uzun çəkib.

Sentyabrın 27-dən noyabrın 2-nə, Şəhidliyinə qədər 35 günlük döyüş yolu keçib.

Füzuli və Xocavənd istiqamətlərində döyüşən Asif Abışov noyabrın 2-də Xocavənddə ağır döyüşlər zamanı Şəhidlik məqamnına ucalıb.

Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 17-də bildirilib və nəşi 18-də doğulduğu Lək kəndində torpağa tapşırılıb…

Asif həm də Ləkin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra da Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Əkiz-tək qardaşı oğluna da Onun-Asif Abışovun adı və soyadı verilib.

Bərdədə adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:00

***

FOTOLAR:

17:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyevlə Rama işçi naharında-NƏDƏN DANIŞDILAR? – FOTO

Read Next

“Toydan söz salanda deyərdi ki, mən hələ işləmək, karyera qurmaq istəyirəm…”-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN QƏBƏLƏLİ ŞƏHİD AĞAŞİRİN BABAYEVİN ANASI ƏSLİ BABAYEVA…VƏ QƏBƏLƏLİ ANTİTERROR ŞƏHİDİ XƏYYAM SƏMƏDOVUN AİLƏSİNİ, OCAĞINI ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir