Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri: Əfsanəvi Xüsusi Təyinatlı Devran Nayibov və MAXE Şövqi İsmayılzadə-BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı Devran Fazil oğlu Nayibovun (Naibovun) və MAXE Şövqi Raqub oğlu İsmayılzadənin Anım günləridir.

Bu gün-8 oktyabr 2025-ci il tarixində hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından 5 il keçir.

Anım günləri ilə bağlı bu gün səhər saatlarında Devran Nayibovun Bərdə Şəhidlər Xiyabanında, Şövqi İsmayılzadənin isə Bəcirəvan kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Hər iki Şəhidin valideynlərinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra hər iki Şəhidin ailəsinin-valideynlərinin yaşadığı evdə adlarına ehsan verilib, bir daha ruhlarına dualar edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım günləri ilə bağlı ehsan süfrəsində ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Devran Fazil oğlu Nayibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Bacısı və qardaşlarından biri hazırda ailəli, digər qardaşı isə subaydır.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və həyatını Ordu, hərb ilə bağlayıb.

Peşəkar hərbçi-Kiçik gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

Həm 2016-cı il Aprel, həm də 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.

Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

Nəşi oktyabrın 8-də Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyirlər.

Hazırda Bərdədə adını daşıyan küçə var.

Devran həm də subay olub.

***

Şövqi Raqub oğlu İsmayılzadə isə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində-ziyalı ailəsində dünyaya gəlib.

Sövqi ailənin iki övladından biri, evin tək oğlu olub.

O, həm də ailəli, bir qız atası idi.

Şövqi İsmayılzadə Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Müharibənin 11-ci günündə, oktyabrın 7-də isə Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 8-də doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.

Şövqi həm də Bəcirəvanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yaşadığı kənddə adını daşıyan küçə var.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

12:27

Qeyd edək ki, axşam saatlarında isə Bərdəli Qazi, keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov və Goranboylu Qazi Vüsal Yusibov tərəfindən hər iki Şəhidin ocağı, ailəsi ziyarət olunub.

Qazilər hər iki Şəhidin ailəsi ilə söhbətləşib, dərdləşib, onlara Allahdan səbr diləyib, sonda da xatirə fotoları çəkdiriblər.

19:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

YUĞ Meksikada 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında-İŞTİRAK EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir