“Bərdəli Yaqub Yaqubov və Kürdəmirli Nizami Osmanov oktyabrın 14-də gözümün qabağında Şəhid oldular…Hələ də o anları unuda bilmirəm…”-AĞDAMLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, KEÇMİŞ MAXE, HƏLƏ MEDAL VƏ ƏLİLLİK HAQQI TANINMAYAN, SƏHHƏTİ GÜNDƏN-GÜNƏ PİSLƏŞƏN ELCAN MEHDİYEV – FOTOLAR

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq göstərən Vətən sevdalısı oğullarımızdan biri də Ağdamlı, Qarabağlı Elcan Mehdiyevdir…

Evin-ailənin üç övladından biri, Azərbaycan Ordusunun hərbçisi, MAXE Elcan Qədir oğlu…

Müharibə zamanı sağ ayağından qəlpə yarası və ağır kəllə-beyin travması alan Elcan Qədir oğlu Mehdiyev…

Qeyd edim ki, məcburi köçkün ailəsindən olan Elcan Mehdiyev 1999-cu ilin 10 noyabr tarixində Bərdə rayonunda yerləşən çadır şəhərçiyində dünyaya gəlib…

Sonra ailəsi ilə birlikdə Ağdam rayonunun Bənövşələr qəsəbəsinə köçüblər və hazırda da orada yaşayırlar…

Anası Nərgiz Məmmədova Ağdamın özündən, atası Qədir Mehdiyev isə Ağdamın Xıdırlı kəndindəndir…

Elcan evin-ailənin üç övladından, iki qardaşdan biridir…

Tək bacıları ailəli olub, İkinci Vətən Müharibəsindən cəmi günlər öncə hərbçi, Aprel döyüşlərinin iştirakçısı olan həyat yoldaşını itirib…

Bir övladı ilə hazırda anası və qardaşlarının yanında yaşayır…

Elcan orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-ci illərdə həqiqi hərbi xidmətdə olub…

Əsgərlikdən qayıtdıqdan cəmi aylar sonra isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda-Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi döyüşlərə, İkinci Vətən Müharibəsinə qatılıb…

Tərtər-Ağdərə-Suqovuşan və Füzili istiqamətlərində döyüşüb, vuruşub, ölümlərdən dönüb…

Oktyabr ayının 14-də Suqovuşan istiqamətində qəlpə yarası və ağır kəllə-beyin travması alıb…

10 günə yaxın hospitalda müalicə-müayinə aldıqdan sonra yenidən cəbhə, döyüş bölgəsinə qayıdıb…

Müharibənin son gününə, Qələbəyəcən döyüşlərdə iştirak edib…

Səhhətində problemlər olsa da, bir neçə dəfə həkim müayinəsindən keçsə də, MAXE kimi fəaliyyətini davam etdirib və 2022-ci ilin sonlarında Ordudan təxris olunub…

Adı bir neçə medala təqdim edilsə də, bugünə kimi, sadəcə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…

Vətən sevdalısı Elcan Haqqı olan “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəsur döyüşçü” medalları ilə təltif olunmayıb…

Ancaq ümid edir ki, haçansa Haqqı tanınacaq və adıçəkilən medallarla təltif ediləcək…

Ən önəmli və vacib məqamlardan biri isə Elcanın səhhətində ciddi problemlər olmasına, ağır kəllə-beyin travması almasına, dəfələrlə halının pisləşməsinə, səhhətinin kəskinləşməsinə baxmayaraq, hələ əlillik dərəcəsi almamasıdır…

3 ildən çox vaxt keçşə də, Elcan hələ də əlillik dərəcəsini ala bilmir…

Səhhəti də düzəlmək əvəzinə, günü-gündən pisləşir…

Qəbul etdiyi dərmanlar belə ona kömək olmur…

Elcanın halına, səhhət durumuna bu gün-3 may 2024-cü il tarixində öz gözlərimlə şahidlik etdim…

Bu gün axşam saatlarında Qazi, Əfsanəvi Xüsusi Təyinatlılarımızdan olan Sadiq Məhərrəmovla birlikdə Elcanı, ailəsini ziyarət etdik…

Həm özü, həm də üç övladını minbir əziyyətlərlə böyüdən anası Nərgiz xanımla görüşdük, söhbətləşdik…

Və ziyarət zamanı Elcanın halının dəfələrlə dəyişdiyini gördük…

Aldığı güclü kəllə-beyin travması, eləcə də bir çox haqqının tanınmaması Elcanın səhhətini daha da korlayır…

Əlilliklə bağlı iki dəfə imtina cavabı alan Elcan ümidlidir ki, heç olmasa, bu dəfə əlillik dərəcəsini ala biləcək…

Bu dəfə də imtina cavabı gələrsə, bu, sözün həqiqi mənasında çox böyük haqsızlıq və ədalətsaizlik olar…

Çünki səhhəti əlillik dərəcəsini almağa tam və birmənalı şəkildə əsas verir…

Elcanın dediklərindən:

“Artıq əsəblərim heç cür dözmür… Gündə nə qədər dava-dərman qəbul etmək olar?!… Qəbul etdiyim dərmanlar da artıq ağrılarımı kəsmir…Bəzən az qalıram intihar edim…Səhhətim o dərəcə pisdir…Heç olmasa, bu dəfə imtina cavabı verməsinlər, əlilliyimi təyin etsinlər…”

Döyüş yolundan da danışan Elcan bunları deyib:

“Oktyabrın 14-nü heç zaman unutmayacağam…Həmin gün Suqovuşandan üzü aşağı enirdik ki, yanımıza minamyot düşdü…Mən yaralandım, ağır kəllə-beyin travması aldım…Bərdəli hərbçi yoldaşım Yaqub Yaqubov və Kürdəmirli Əsgər Nizami Osmanov gözümün qabağında Şəhid oldular…Hələ də o anları unuda bilmirəm…Günlər sonra hər iki Şəhidimizin cəsədlərinin neytral zonadan götürülməsində də iştirak etdim…Mənim üçün bu barədə danışmaq çox çətindir, çox əzab çəkirəm…Nə qədər yoldaşımız, dostumuz Şəhid oldu…Ömür boyu onlara borcluyuq…Allah məkanlarını cənnətlik etsin!”

Bəli, biz də ümid edir və inanmaq istəyirik ki, nəhayət, Elcanın səhhət durumu, yaşadıqları nəzərə alınacaq və ona əlillik dərəcəsi veriləcək…

Eyni zamanda, Haqqı olan medallarla təltif ediləcək…

Allah şəfasını versin, Allah özü köməyi olsun!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Yeni ixtisaslarla bağlı meyarlar-MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir