Əslən Ağdərəli və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İlqar oğlu Cəfərovun doğum günüdür.
Təbriz Cəfərovun bu gün 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda sadə, kasıb bir ailədə dünyaya gəlib.
Ailənin beş övladından, üç qardaşdan biri olub.
Orta təhsilini aldıqdan sonra 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin 19 avqust tarixindən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu-MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.
Və müharibənin ilk günlərində Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.
Ancaq Onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb.
Nəşi yalnız 6 aydan sonra, 2021-ci ilin aprel ayında tapılıb və 6 aprel tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Təbriz həm də subay olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün axşam saatlarında Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, qısa çıxışlar ediləcək.
Sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi veriləcək.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az