Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan cəmiyyətində qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.
Etikxeber.az-ın məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır: “Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir”.
Komitə sədri qeyd edib ki, xaos, qeyri-sabitlik, silahlı münaqişələr baş verən ölkələrdə qadınlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar: “Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Bu gün də rəsmi qeydə alınan 288 itkin, 98 əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur”.
H.Hüseynovanın dediyinə görə, insan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması Azərbaycan hökumətinin əsas prioritetlərdir: “Qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qızqaçırma, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin”.
O, həmçinin, bildirib ki, qadınların iqtisadi cəhətdən güclənməsi, onların iş həyatına qoşulması, təhsillərini artırmaq üçün imkanlar daha da genişləndirilməlidir. Onun sözlərinə görə, zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir, bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olu: “Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir”.
H.Hüseynova əlavə edib ki, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra hakimiyyətləri yanında monitorinq qrupları yaradılıb. Qrup üzvləri daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər.
Komitə sədri hesab edir ki, qadın və qızlar bütün sahələrdə irəli çəkilməli, onlara bərabər şərait yaradılmalıdır: “Öz hüquqlarını bilən, gücünə inanan qadın hər zaman ailədə də, cəmiyyətdə də özünü ifadə etməyi bacaracaq. O zaman zorakılığın müxtəlif formalarının aradan qaldırılması daha real olacaq. Buna görə də məlumatlılığın artırılması üçün maarifləndirmə kampaniyaları daha da gücləndirilir. Biz görürük ki, artıq məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq artıb”.
Komitə sədri qeyd edib ki, bu gün sığınacaqların, ailə psixoloqlarının fəaliyyətinə ehtiyac var: “Biz istəyirik ki, insanlar virtual aləmdən uzaqlaşsınlar, bir-biri ilə ünsiyyətdə olsunlar. Onda insanlar bir daha əmin olacaqlar ki, bizim əxlaqi-mənəvi dəyərlərimiz çox yüksəkdir. Bunu gənclərimizə, böyüməkdə olan nəslə düzgün ötürməliyik. Hamılıqla çalışmalıyıq ki, zorakılığa qarşı mübarizə aparaq, bu işlər doğru istiqamədə aparılmalıdır”.
Etikxeber.az