“İslahatların ruhuna uyğun yenilənmiş parlamentə ehtiyac var” – AZAY QULİYEV

Azay QULİYEV: ” Təcrübə, ötən dövr göstərdi ki, bir çox hallarda bəzi parlament üzvlərinin fəaliyətində bu və ya digər formada  ümumi trendə, islahatların ruhuna-tempinə uyğun olmayan məqamlar ortaya çıxdı. Bu da kifayət qədər əsas verdi ki,  Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış etsin…”

Etikxeber.az-ın suallarını millət vəkili, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cavablandırır:

-Azay müəllim, 5-ci çağırış Milli Məclisin (MM) buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təşəbbüsünü necə qiymətləndirirsiniz?

-Bilirsiniz, ölkə tamamilə dəyişir, yeni bir mərhələyə qədəm qoyur.

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli islahatlar paketi Azərbaycan ictimaiyyətinin bütün tərəflərini əhatə edir, belə demək mümkünsə, idarəetmənin  hər bir sahəsində yeniliklər var. Bunlar şübhəsiz ki, qanunvericilik hakimiyyətinə də mütləq şəkildə şamil edilməlidir.  Yəni, çox çevik, islahatların tam ruhuna uyğun olan yenilənmiş bir parlamentə ehtiyac var.

Ona görə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının məlum təşəbbüsünü tam dəstəkləyirəm. Hesab edirəm ki, növbədənkənar parlament seçkilərini keçirməklə Azərbaycandakı islahatlar prosesinə yeni bir nəfəs vermiş olacağıq.

Təbii ki, parlamentin indiki tərkibində kifayət qədər təcrübəli, çevik üzvləri də var.

Bununla yanaşı, təcrübə, ötən dövr göstərdi ki, bir çox hallarda bəzi parlament üzvlərinin fəaliyətində bu və ya digər formada  ümumi trendə, islahatların ruhuna-tempinə uyğun olmayan məqamlar ortaya çıxdı. Bu da kifayət qədər əsas verdi ki,  Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış etsin.

Digər tərəfdən isə bu, çox normal bir haldır, normal hadisədir. İnkişaf etmiş demokratik dövlətlərdə belə hallara tez-tez rast gəlirik.

YAP bu gün parlament çoxluğunu özündə birləşdirən hakim partiyadır və onun haqqıdır ki,  öz mandatından, özünün deputatlarının say çoxluğundan istifadə edərək, dövlətin, xalqın, millətin ümumi mənafeyi naminə bu və ya digər addımlar atsın.

Düşünürəm ki, YAP ölkə Prezidentinin islahatlar çağırışına, islahatlarla bağlı son dövrlərdə həyata keçirdiyi böyük və əhatəli layihələrə dəstək vermək üçün belə bir təşəbbüslə çıxış etdi.

Həmçinin, bu gün mənim də daxil olduğu parlamentin müstəqil deputatlar qrupu öz  yığıncağını keçirdi və məlum təşəbbüsü dəstəklədi…

-Sizcə, 6-cı çağırışın tərkibi, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı “yaşlı-cavan” məsələsi necə olacaq, ümumən olacaqmı?

-Bununla bağlı cənab Prezidentinin özünün açıqlaması, bəyanatı var.

Orada da  yanaşma belədir ki, istənilən halda kadrların gəncləşməsi, yeni ruhun, yeni nəfəsin gətirilməsi çox təqdirəlayiq bir haldır.

Cənab Prezident çox haqlı olaraq qeyd etdi ki, gəncləşmə, yeniləşmə heç bir halda yaşlı nəslin təqib olunmasına, aşağılanmasına, onların fəaliyyətinin üstündən birdəfəlik xətt çəkilməsinə gətirib çıxarmamalıdır.

Həyat davam edir və biz düşünməli, elə bir situasiya yaratmalıyıq ki, yeni gələn nəsil bu varislik ənənəsinə sadiq qalsın və bütövlükdə yaşlı nəslin indiyə qədər yaratdığı müsbət təcrübə davam etdirilsin.

Azərbaycanda kifayət qədər savadlı gənclər var. Müxtəlif dilləri bilən, Azərbaycanın milli maraqlarını, Azərbaycan seçicisinin mənafelərini qorumağa qadir olan gənclərimiz yetişir.

Düşünürəm ki, gənclərimizə nədən belə bir şərait yaratmayaq?!

Əminəm ki, gənclərin parlamentdə təmsil olunması heç şübhəsiz  ölkənin parlamentarizm tarixində bütövlükdə yeni bir yanaşmanın bərqərar olunmasına öz töhfəsini verəcək.

İstənilən halda yaşından asılı olmayaraq Milli Məclisə seçilən şəxs çox böyük bir məsuliyyət altına  girməyin fərqinə də varmalıdır.

Seçisini, millətini, dövlətini yüksək səviyyədə təmsil etməyi  bacarmalıdır.

Təəssüflər olsun ki, keçən müddətdə bəzi xoşagəlməz halların şahidi olduq.

Düşünürəm ki, millət vəkili bu yüksək, şərəfli vəzifəyə daim layiq olmağa çalışmalıdır. Heç vaxt unutmamalıdır ki, o xalqı, milləti, seçicilərini təmsil edir.

Millət vəkili fəaliyyətində hər bir hərəkəti ilə bu yüksək ada layiq olmağı bacarmalıdır.

Düşünürəm ki, növbəti-6-cı cağırış parlamentin tərkibi formalaşan zaman əsas parametrlər sırasında bunlar olmalıdır: yüksək məsuliyyət, yüksək peşəkarlıq, öz vəzifəsinin öhdəsindən gəlmək bacarığı, dövlətə, millətə bağlılıq, vətənpərvərlik.

Bunlar hamısı olduğu təqdirdə, parlamentin yeni tərkibində kifayət qədər canlanmanın şahidi olacağıq.

-Yeri gəlmişkən, Azay Quliyev 4-cü dəfə öz şansını sınayacaqmı?

-Hər halda bu məsələni tam olaraq aydınlaşdırmaq üçün qarşıda xeyli vaxt, zaman var.

Azay Quliyevin də verdiyi qərarla yəqin ki, hamınız tanış olacaqsınız.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Əflatun Amaşov Əli Həsənovdan -YAZDI

Read Next

Premyer Liqanın 13-cü turuna start veriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir