Bəziləri sosial şəbəkələrdə özlərini hörmətdən salır – MSK SƏDRİ

Martın 28-də Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub.

Etikxeber.az-ın məlumatına görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir:“Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində – 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər”.

MSK sədri sonra qeyd edib ki, seçkilərlə bağlı indiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. M. Pənahovun qeyd etdiyinə görə, bu, hələ son rəqəm deyil, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesdi davam edir və yəqin ki, say artacaq. Yerli müşahidəçilərə gəlincə isə, MSK sədri bildirib ki, son məlumata görə, 53 mindən artıq müşahidəçi qeydiyatdan keçib: “Ancaq yerli müşahidəçilərin də sayı artmaqdadır və müraciətlərə baxılır”.

M. Pənahov eyni zamanda, sosial şəbəkələrlə bağlı məsələyə münasibət bildirib: “Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir”. Onun bildirdiyinə görə, sosial şəbəkələrdəki həmin insanlar əslində özlərini hörmətdən salırlar. “İctimai Televiziyada debatlar zamanı isə müəyyən kənara çıxmalar, xoşagəlməz hallar olsa da, bu, ciddi xarakter daşımır. “Hər şey çox yaxşıdır” da demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə, seçkiqabağı təşviqat prosesini normal qiymətləndirmək olar”-deyə, M.Pənahov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əli Həsənov Hafiz Hacıyevlə telefon danışığına aydınlıq gətirdi

Read Next

Ruhani Bakıdadır – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir