Bədii gimnastika üzrə 37-ci dünya çempionatı başa çatdı – BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLDİ – YENİLƏNİB

Sentyabrın 22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub.

Etikxeber.az xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın yeddinci günündə qrup hərəkətləri komandaları final mərhələsində mübarizə aparıblar.

İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramlarını təqdim ediblər.

Yarışda qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Üç halqa və iki cüt gürzlə final yarışlarında Azərbaycan, Yaponiya, Bolqarıstan, Rusiya, Belarus, İsrail, İtaliya və Çin yığmaları mübarizə aparıblar.

Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Yaponiya (29,400 xal) və İtaliya (29,200) milliləri tamamlayıblar. Azərbaycan komandası 26,450 xalla çempionatı 7-ci pillədə başa vurub.

Beş topla yarışlarda isə Rusiya, Bolqarıstan, Yaponiya, Belarus, Ukrayna, İtaliya, İsrail və Çin komandaları xalça üzərinə çıxıblar. Dünya çempionu adını qazanan yaponiyalı gimnastların kompozisiyası hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya (28,150) isə bürünc medala sahib olub.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast iştirak edib. Gimnastlar çempionatda 9 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020”yə vəsiqə qazanıblar.

***

gimnas-1

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub.

Mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər.

Tədbirdə rəqqaslarımız və nağaraçıların şousu tamaşaçıların böyük coşğusu ilə qarşılanıb.

On dörd ildən sonra ölkəmizin bədii gimnastika üzrə dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib: “Yüksək rəqabət şəraitində keçən çempionatda gimnastların maraqlı çıxışlarını izlədik. “Tokio 2020” Yay Olimpiya Oyunları öncəsi Bakıda təşkil olunan lisenziya xarakterli dünya çempionatı böyük önəm daşıyırdı. Artıq idmançıların həyəcanı geridə qaldı. Dünya çempionatı cari il ölkəmizdə gimnastika üzrə keçirilən sonuncu beynəlxalq turnir idi. Növbəti irimiqyaslı yarışlarda görüşənədək”.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib: “Nağıllar – hətta ən yaxşıları belə bitməlidir. Bir həftəlik yarışlardan sonra nağıl kitabımızı bağlamaq vaxtıdır. Bütün gimnastları gözəl çıxışlarına görə təbrik edirəm. Nağıl bəzi gimnastlar üçün “Tokio 2020” Yay Olimpiya Oyunlarında davam edəcək”.

“Azərbaycan Gimnastika Federasiyası və dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvlərinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Həmçinin gələcək nəslə gimnastika məşəlini ötürməyə kömək edən dünya çempionatının rəsmi səfiri Yana Batırşinaya da təşəkkürümü çatdırıram. Növbəti il Olimpiya Oyunlarının möcüzəsini yaşadan daha bir nağılı dinləmək üçün hamınızı Tokioda yenidən görməyə şad olarıq”, -deyə FIG-in prezidenti əlavə edib.

Sonra M.Vatanabe bədii gimnastika üzrə 37-ci dünya çempionatını bağlı elan edib.

Gənc gimnastımız Ceyla Əlizadə FIG-in bayrağını İ.İsmayılova təqdim edib. Gənclər və idman nazirinin müavini bayrağı M.Vatanabeyə verib. FIG-in prezidenti isə bayrağı dəfələrlə Avropa və dünya çempionu olan, “Atlanta 1996” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Y.Batırşinaya ötürüb.

Sonda dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

Etikxeber.az

Read Previous

“Biz passiv olacağıqsa…” – POLİTOLOQ MƏMMƏDYAROVA VƏ RƏSMİLƏRƏ SƏSLƏNDİ

Read Next

“Möminin öz yolu var, ateistin öz yolu, Qərbin öz yolu, Şərqin öz yolu…” – DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir