Dünya çempionatı – AÇILIŞ MƏRASİMİNDƏ İLHAM ƏLİYEVLƏ MEHRİBAN ƏLİYEVA İŞTİRAK EDİRLƏR – FOTO – YENİLƏNİB – (2)

Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə – bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.

Etikxeber.az xəbər verir ki, 61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar.

Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.

Çempionatın qeydiyyat siyahısına əsasən, yarışa qatılacaq 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini sərf edəcəklər. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə “səyahətə aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiqlənib.

Çempionatın birinci günündə – açılış mərasimində məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən nəğmələri ilə izləyənlərin qəlbini fəth edəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda səsləndirəcək.

Açılış mərasiminin maraqlı məqamları bununla məhdudlaşmır. Mərasimdə dünya çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.

Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı “Qur-Qur” da tamaşaçılarla olacaq. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” təəssüratlarını azarkeşlərlə bölüşəcək. Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar da gözləyir.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Yarışın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Ertəsi gün halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə – sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.

***

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olundu.

Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış etdilər.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər.

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

***

gimnasss

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad RƏHİMOV dedi:

– Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışı keçirilir. On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir.

2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena dövlətimizin başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib.

Müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın rəhbərlik etdiyi yerli təşkilat komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk.

Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin mübarizə şəraitində keçəcəyinə, maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari VATANABE çıxış edərək dedi:

– Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Əziz gimnastlar, əminəm ki, siz bədii gimnastikanın gözəlliyini və mükəmməliyini dünyaya nümayiş etdirəcəksiniz.

***

gimnasss-2

gimanass-3

gimnass-4

Etikxeber.az

Read Previous

Tofiq Yaqublu, Yadigar Sadıqlı, Arif Hacılı – “MÜSAVAT” BAŞQANLIĞINA İDDİALIDIRLAR

Read Next

“Mançester Yunayted” David de Xea ilə yenidən anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir