Bəhram Nəsibov ömrü: 50 il öncə…QULU ƏSGƏROVLA SÜLEYMAN ABDULLAYEVİN RƏNG, GÖZƏLLİK QATDIĞI TOY…XOŞBƏXT CÜTLÜK VƏ…-FOTOLAR

Azərbaycan musiqi mədəniyyətində, musiqi-sənət tarixində öz yolu, öz izi, öz cığırı, öz dəst-xətti, nadir-fitri istedad sahibi olan insanlar, sənətkarlar var, az deyillər…

Belə sənətkarlardan, təkrarsızlığı, bənzərsizliyi, özünəməxsusluğu ilə seçilən sənət adamlarından, sənətkarlardan biri də mübaliğəsiz və heç şübhəsiz ki, Azərbaycanın musiqi, sənət konservatoriyası sayılan Qarabağ bölgəsinin yetirməsi, yetişdirməsi  mərhum Bəhram Nəsibovdur…

O Bəhram Nəsibov ki, elə yaradıcılığının, sənətə qədəm basmasının ilk günlərindən, ilk dövrlərindən, gənc, cavan yaşlarından artıq tanınmış, adı, sanı, şöhrəti Azərbaycanla bir olmuşdu…

O Bəhram Nəsibov ki, çoxlarına müyəssər olan istedad üstəgəl şəxsiyyət dəyəri ilə özünü tanıtmış, təsdiqləmiş, sevənlərinin, milyonların qəlbində özünə taxt, əbədi heykəl ucaltmışdı…

Çox təəssüflər olsun ki, bu nadir, fitri istedad sahibi bu gün cismən bizim aramızda deyil…Amansız xəstəlik, acımasız ölüm onu illər öncə bizlərdən alıb apardı…

Vaxtsız ölümü ilə sevənlərini, milyonları dərin kədərə qərq etdi…

Amma o ruhən, mənən bizimlə, bizlərlədir, qədirbilən sevənləri, Azərbaycan xalqı ilədir, onların könüllərindədir…

Çünki özündən sonra qoyub getdiyi böyük irsi, xəzinəsi, qərinəsi var…

Bu gün də bu irs, bu xəzinə, bu qərinə çoxlarına, sənət yollarında addımlayan gənclərə, o cümlədən, püxtələşmiş sənətçilərə bir vəsiqə, bir vizit kartıdır…

Ondan öyrənməkdə, ondan əxz etməkdə, ondan yaranlamaqda, onun hesabına pillədən-pilləyə ucalmaqdadırlar…

Budur sənətçi sənəti, budur sənətkar sətənkarlığı, budur əsl sənətçi-sənətkar obrazı, misalı, timsalı, nümunəsi…Bundan böyük xoşbəxtlik çətin ki, olar, tapılar…

Bu gün özü də, YARI da ( mərhum Rəfiqə xanım) həyatda olmasa da, olmsalar da, onların ailə həyatı qurmalarından, dünya evinə daxil olmalarından nə az-nə çox, düz 50 il, yarım əsr keçir…

Düz 50 il öncə, 1970-ci ilin bu günü, 19 sentyabr tarixi bu xoşbəxt cütlüyün, bir-birinin YARI olan bu iki insanın ailə həyatı qurduğu, birlikdə yeni yola çıxdığı gündür…

Azərbaycanın iki böyük sənətçisinin-mərhum Qulu Əsgərovun və Süleyman Abdullayevin təkrarsız, bənzərsiz ifaları, xeyir-duaları ilə keçən toy, gözəl mərasim…

Odur ki, bu əlamətdar gündə bir daha 50 il öncəyə qayıtmaq, onu anmaq, ümumiyyətlə, Bəhram Nəsibov dünyasına bir daha boylanmaq, varid olmaq qərarına gəldik…

***      

Yaradıcılığına son dövrlərdə daha çox qiymət verilən, dövlətin qayğısı, diqqəti hər keçən gündə daha çox hiss edilən, yarım əsrdən çoxdur ki, dillərdə əzbər olan, milli ruhla, muğamla yoğrulmuş, azərbaycançılıq ideyalarının təbliğində azacıq da olsa yeri olan mahnıların müəllifi,  bəstəkar-şair-ifaçı Bəhram Nəsibov 1942-ci ildə dünyaya göz açmışdır.

O, 1962-ci ildə İncəsənət İnistitutunun Musiqili Komediya fakültəsinə daxil olmuşdur. “Qarabağ” adlı ilk mahnısını da həmin dövrdə yazıb. Musiqisiz səhnələrə şeir və musiqi parçaları yazmışdır. Onun yaradıcılıqda atdığı bu ilk addımlarını qrup rəhbəri, rejissor Soltan Dadaşov, müəllimi, Azərbaycanda ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova, eləcə də digər məşhur sənətkarlarımız-Şəfiqə Məmmədova, Nazim Ağayev, Əşrəf Orucov, Mürşid Abbasov və başqaları çox bəyənmişlər.

Həmin illərdə yazdığı şeirə 1967-ci ildə böyük şairimiz Rəsul Rza “Mənim fikrimcə” kitabında öz münasibətini də bildirmişdir. Bu illərdə obrazlı desək, ifaçı kimi, ilk dəfə el şənliyinə “Arşın mal alan” bədii filmində epizodik tarzən rolu ilə gedib. İlk yazdığı mahnı “Qarabağ” olsa da, efirdə və konsertdə ilk səslənən mahnılarından biri “Sən də həmdəm, mən də həmdəm” və “Salam, Hindistan!” olub və həmin mahnılar Hindistanda təşkil edilən Azərbaycan ongünlüklərində xalq artistləri İslam Rzayev və Elmira Rəhimovanın ifalarında səsləndirilib. Məlumat üçün bildirək ki, buna qədər mahnıları yalnız el şənliklərində ifa edilmişdir.

Fitri istedada malik olduğundan istənilən musiqi alətində ifa etməyi məşqsiz bacaran Bəhram Nəsibovun bəstəkar kimi uğurları artıq göz qabağındadır. “Qarabağ”, “Qadan mən alım”, “Gözlərin”, “Var gülüşündə”, “Səni qəmli görəndə”, “Eşqimin baharı”, “Ay dəli ceyran”, “Xatırla məni”, “Deyin, hardadır?”, “Gecələr” və s. onlarla dillər əzbəri olan mahnıları bütün dünyada məşhurdur. Vətənə bağlı olduğundan doğulduğu rayonun torpağını həmişə öpüb-qoxlayaraq daxil olan Bəhram Nəsibov Azərbaycana aid olan bayramlara, əlamətdar hadisələrə öz yaradıcılığında geniş yer ayırıb.

Məktəblilər üçün tərbiyəvi səciyyə daşıyan mahnı və şeirlər, vətənə və regionlarımıza, Azərbaycan bayrağına, yazıçılarımıza – özünün mənəvi müəllimi bildiyi, bunu qürurla dostlarına, ailəsinə təbliğ etdiyi görkəmli yazıçı, ziyalı, pedaqoq, alim, əməkdar elm xadimi, ictimai xadim Mir Cəlal Paşayevə həsr etdiyi “İlk müəllimim” və “Nəsrimizin günəşi” mahnıları, həmçinin Azərbaycan-Türkiyə əlaqələrinə, eləcə də klassik türk şairi Yunis Əmrənin sözlərinə (yeri gəlmişkən qeyd edək ki, o, bir neçə xalqların üslubunda da mahnılar yazmışdır, o cümlədən də bu iki mahnı), 20 Yanvar faciəsinə, Milli Dirçəliş Gününə, Cənub həsrətinə, 8 Mart Beynəlxalq Qadınlar Bayramı Gününə, Novruz və Yeni il bayramlarına, zəhmətkeşlərimizə, saf sevgiyə, Azərbaycan şəxs adlarına, məzəli duet və toy-düyünlərə, Azərbaycan təbiətinə, xaricdə yaşayan həmvətənlərimizə, Xocalı faciəsinə, işğal olunan bölgələrə, əsgərlərimizi döyüşə ruhlandıran mahnı və marşlar həsr etmişdir.

Son yazdığı mahnı və şeirlərini Azərbaycanı məhv olmaqdan xilas edən Ulu Öndərimiz Heydər Əliyev cənablarının xilaskar kimi qayıdışına, eləcə də qurucusu olduğu Yeni Azərbaycan Partiyasına ithaf etmişdir.

Həmçinin, qeyd edək ki, o, bəzi mahnılarını Ulu Öndərin hələ sovet dönəmindəki quruculuq işlərindən ilhamlanaraq yazmışdır. Ulu Öndər Bəhram Nəsibovun “Deyin, hardadır?”, “Naçar gedər”, “Min yaşa, Heydər baba!” mahnıları ilə yanaşı, “Mənim anam” mahnısını da çox bəyənmişdir. Hətta o, 1982-ci ildə xarici ölkələrin səfirləri ilə birlikdə bu mahnıya qol götürüb rəqs edib və mahnı haqqında yüksək fikirlərini də bildirmişdir. Bu, Bəhram Nəsibova sağlığında verilən ən böyük qiymət olmuşdur. 

Fəaliyyətinin çoxşaxəliliyinə və qısa müddətdə yazdığı mahnılarının tez bir zamanda məşhurlaşmasına görə musiqiçilər Bəhram Nəsibovu “Bala Üzeyir” də adlandırırdılar. Türkiyənin “TRT” kanalında “Türk dünyasında savaşların müzikdəki izləri” adlı alboma iki Azərbaycan bəstəkarının – dahi Üzeyir bəyin “Çırpınırdı Qara dəniz” və Bəhram Nəsibovun “Qarabağ” mahnıları daxil edilmişdir. Bəhram Nəsibov Azərbaycanın ən məşhur şair və müğənniləri ilə daim yaradıcılıq əlaqəsində olmuşdur. Onlar Bəhram Nəsibovun şəxsiyyət və yaradıcılığı haqqında yüksək fikirlər söyləmişlər. Onun mahnıları İran radiosunda Mustafa Payanın, Almaniyada yaşayan həmyerlimiz Pakizə Aydanın, Türkiyədə Burhan Çaçanın, Ərəbistanda Şəhrizadın və başqalarının ifasında da səslənmişdir.

Hələ uşaqlıqdan mütaliəni çox sevən Bəhram Nəsibov sonralar poeziyanın demək olar ki, bütün janrlarında qələmini uğurla sınamış, klassik şairlərimizin üslubunda şeirlər yazmış, bəzən parodiyalar etmiş, hətta karikatura mövzuları da işləmişdir. Bədii yaradıcılığında dövrün tələblərini: məsələn, ailə qurmağın qazanca çevrilməsi, alkoqolizmə, antipodlara qarşı mübarizə və s. əhatəli əks etdirmişdir.

1982-ci ildə yazdığı “Ovda” bəhri-təvili “Kirpi” jurnalının mükafatına layiq görülmüşdür. Novellaları və bəhri-təvilləri Azərbaycan televiziyası ilə ən məşhur gülüş ustalarımız-Əliağa Ağayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Yaşar Nuri, Arif Quliyev və başqalarının ifalarında nümayiş etdirilib. Müəllifi olduğu “Güləndam maşın udub” adlı səhnələşdirilmiş novellası yaxşı mənada böyük səs-küyə səbəb olduğundan sonradan bu mövzuda film də çəkilmişdir. Bu novellada işlətdiyi “Sənin üçün qədir ağacı əkəcəyəm” ifadəsi sonralar az qala aforizmə çevrilmişdir.

 Bəhram Nəsibov Azərbaycan Filarmoniyasında böyük sənətkarımız, xalq artisti Xan Şuşinskinin studiyasında Xanı (ona qədər görkəmli muğam ustası, Birinci dərəcəli xanəndə Ağabala Abdullayevi) tarda müşayiət edib. Sonra Əhmədxan Bakıxanovun ansamblında tarzən kimi fəaliyyət göstərib. Həmin ansambl üçün bir neçə rənglər də yazıb. 1970-ci illərdə “Şahnaz” ansamblını yaradaraq, bədii rəhbər kimi fəaliyyət göstərib, dəfələrlə “Qocalar evi”ndə, əmək qabaqcıllarının, zəhmətkeşlərin, sənətsevərlərin və s. qarşısında maraqlı çıxışlar etmişdir.

Bu çıxışların böyük əksəriyyəti televiziya və radio vasitəsilə xalqımıza çatdırılmışdır. Vaxtilə görkəmli müğənnimiz Nəzakət xanım Məmmədova və eləcə də hazırda tanınmış müğənnilərin böyük bir hissəsi həmin ansamblda fəaliyyət göstərmiş, bəziləri isə sənətdə ilk addımlarını bu ansamlda atmışlar. Qarabağın səmasını qara buludlar alanda, torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilməyə başlayanda vətənin dar günü ilə həmahəng olaraq Bəhram Nəsibov həmin ansamblın adını dəyişərək “Vətən” qoymuşdur.

Bəhram Nəsibov dəfələrlə ön cəbhədə əsgərlər və məcburi köçkünlər qarşısında çoxlu konsertlər təşkil etmişdir. 20 Yanvar faciəsi zamanı olduğu kimi, Xocalı faciəsindən sonra da mənəvi cəhətdən əzab çəkən Bəhram Nəsibov ifaçlıqdan, doğma Qarabağının işğalından sonra beyninə qan sızdığına görə sənətdən uzaqlaşmış və bir neçə il yataq xəstəsi kimi əziyyət çəkərək 1998-ci ildə dünyasını dəyişmişdir.

 Ölümündən sonra Bəhram Nəsibovun bir neçə dəfə xatirə gecələri təşkil edilmişdir. Həmin xatirə gecələrində mədəniyyət xadimlərimizin böyük əksəriyyəti onun haqqında çox yüksək fikirlər söyləmiş, mahnılarını ifa etmişlər. Həmin xatirə gecələri televiziya və radio ilə yayımlanıb, o cümlədən də internetə yüklənibdir. Onlardan ən yaddaqalanı 2016-cı ildə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, Azərbaycan mədəniyyətində sözünü demiş şəxslərin xatirə gecələrinin təşkil edildiyi, dövlət əhəmiyyətli bir məkanda – Beynəlxalq Muğam Mərkəzində keçirilən “Xatirə gecəsi” olmuşdur.

Bəhram Nəsibov yaradıcılığına belə bir diqqətə, qayğıya, hörmətə görə dövlətimizə, onun başçısı İlham Əliyev Cənablarına, Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə Bəhram Nəsibovun ailəsi xüsusi minnətdarlığını bildirmişdir. 2000-ci ildə Naxçıvan Universitetinin “Ünsiyyət” nəşriyyatında professor,  pedaqoji elmlər doktoru Fərahim Sadıqov “Nəğməli-sözlü Bəhram” adlı kitabı çap etdirmişdir.

***

Bəhram Nəsibovun yaradıcılığı və şəxsiyyəti haqqında sənət dostlarının və onun sənətini sevən ziyalıların dəyərli fikirləri:

Ramiz Mustafayev – Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Xalq artisti , dosent, “Şöhrət” ordenli professor:

-O, ifaçı kimi çıxış edəndə yanırdı, adamları da yandırırdı. Belə insan əlbəttə ki, çox yaşamazdı. O məhz sənəti ilə özünü yandırdı.

Cahangir Cahangirov – Bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti: -Hər dəfə onun mahnılarına qulaq asanda uşaq kimi kövrəlirəm.

 Şəfiqə Axundova – Şərqdə ilk opera yazan bəstəkar qadın, Xalq artisti.  Bəhram Nəsibovun müəllimi:

-Bəhramla mən çox ünsiyyətdə olmuşam, çox gözəl bəstəkardır. Mahnıları bir-birindən seçilir, bir-birindən ayrılır. Bu mahnılar hamısı kökə bağlı, milli ruhlu, olduqca cana yatan, insanın canına-qanına hopmuş mahnılardır. Bu mahnılar uzun illər yaşayacaq və Bəhramı yaşadacaq. Vaxt gələcək Bəhram Nəsibovun musiqilərindən ibarət albomlar olacaq, yubileyləri keçiriləcək, hər kəs onu ayaqda alqışlayacaq. Kaş ki onun qədrini, dəyərini zamanında biləydilər.

Oktay Kazımi – Bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycanda ilk rok operettanın müəllifi:

-Musiqi təhsili olmasa da, yəni Konservatoriyanın Bəstəkarlıq fakultəsini bitirməsə də, çox istedadlıdır, çox gözəl musiqiləri var və çox gözəl insandır.

Qulu Əsgərov – Bəstəkar, tanınmış xanəndə, ifaçı və pedaqoq:

-Vaxt olacaq Bəhramın mahnılarını musiqi dərsliyinə daxil edəcəklər.

Şahid Əbdülkərimov – Bəstəkar:

-Bəhram quzu kimi sakit bir adamdır. İndiyədək kimsənin toyuğuna “kiş” deməyib. Allah verən istedaddır da – mahnı yazır. Bunu da ona çox görmək insafdan deyil axı.

Ağaverdi Paşayev – Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış dirijor və peraqoq, professor,  bu kitabın baş məsləhətçisi:

– Bəhramı sənət dostu kimi tanımışam, yaxın münasibətimiz var idi. Gözəl musiqiçi idi. Həvəskar bəstəkar səviyyəsindən daha da yüksəldi. Onun yazdığı mahnılar xalqın ruhunu oxşadı, xalqın mənəviyyatına yaxın oldu. Həmin mahnıların əksəriyyəti artıq həyata böyük vəsiqə alıb, artıq tarixdə qalası mahnılardır.

 Şair və yazıçıların Bəhram Nəsibov haqqında dedikləri

Bəxtiyar Vahabzadə – Görkəmli şair, dramaturq, ədəbiyyatşünas, “İstiqlal” ordenli Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı:

-Mən başa düşə bilmirəm ki, belə gözəl mahnıların müəllifinin adının çəkilməsi məgər cinayətdirmi?..

Nəbi Xəzri – Şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, AYİ-nın üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı, SSRİ dövlət mükafatı laureatı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq şairi:

-Onun mahnıları Allahdan gələn vəhy kimidir.                    

Hüseyn Arif – Şair, “Qızıl oraq” mükafatı, Dövlət mükafatı laureatı, Xalq şairi:

-Bəhram təpədən dırnağa qədər istedaddır, anası onu əsl aşıq doğub. Doğma ruhlu gözəl bəstəkarımız Bəhram, qocalma!

Rüfət Əhmədzadə – Yazıçı, satirik şair, ssenarist:

-Adətən, satiriklər bir-birinin paxıllığını çəkirlər. Amma sənin yazıların çox xoşuma gəlir. Canında yumor var, duz var. Əsl bəhri-təvili çox az adam yazır. Səni də o cərgəyə aid etmək olar.

Zəlimxan Yaqub – Xalq şairi, ictimai xadim, Aşıqlar Birliyinin keçmiş sədri:

-Bəhram Nəsibovun bəstələdiyi mahnılar Azərbaycan mədəniyyətinin ən yaxşı incilərindəndir. Xüsusilə bədahətən dediyi bəhri-təvillər əsl mədəniyyət üçün bir töhfədir. Yazdığı şeirlər əsl mahnı mətnidir.

Hafiz Baxış – Tanınmış şair:

-Bəhram yaxşı ifaçıdır, xüsusilə “Sarı bülbül” mahnısını gözəl ifa edir. Xalq musiqisini çox dərindən bilir.

Vidadi Babanlı – Nasir, şair, tərcüməçi, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü:

-Bəhram “Ruhani” havasını çox yaxşı ifa edir. Onun ifası ilə biz Gəncəbasar elatı, Oğuz tayfalarının nümayəndələri bu havanı əl-ələ verib dostcasına rəqs edirik…

Məmməd Aslan – Şair, tərcüməçi, Əməkdar mədəniyyət İşçisi:

-Özüm qədər mənə yaxın olan Bəhram Nəsibovun bəstəsinə də, sözünə də, şirin səsinə də böyük hörmətim var.

Paşa Qəlbinur – Şair, oftalmoloq (göz həkimi), AYB-nin üzvü, tibb elmləri doktoru professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmleri Akademiyasinin fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri:

-Göz yaşı kimi dumduru və şəffaf olan Bəhram musiqisi sağlam ürəyə təmənnasız axan qandır.

Qasım Qasımzadə – Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü:

-Bəhram Nəsibov istedadlı bəstəkar, səmimi insandır.

Seyran Səxavət – Şair, nasir, tərcüməçi, AYB-nin üzvü:

-Çaldığı musiqi alətini özünə oxşadan adam böyük sənətkardır. Bəhramın tarını görsən elə bil ki, özüdür. Onların arasında elə sirli əlaqə var idi ki, Bəhram tarı adi taxta parçası kimi yox, böyük bir varlıq, dünya kimi, həsrətini çəkdiyi doğmaları kimi sinəsinə basırdı. Onun mahnıları adamın varlığını yerindən oynadır.

Nahid Hacızadə – Yazıçı-publisist, ssenarist, kino redaktoru, Respublika Xatirə Kitabı redaksiyasının keçmiş baş redaktoru:

-O həm istedadlı ifaçı, həm şair, həm bəstəkar idi. Mən ona dəfələrlə demişdim ki, sən bunlardan birini seçsən, o sahədə böyük uğurlar qazanarsan. Təəssüf ki, o, istedadını parçaladı.

 Dadaş Mehdi – Şair:

-Bəhram səmimi dost, sənətini sevdiyim gözəl bəstəkar, qələm dostum, şirin sözlü, xoş, nəcib qəlbə malik olan insandır.

Eldar İsmayıl – Şair, publisist, “Araz” ali ədəbi mükafatı laureatı, Əməkdar jurnalist:

-Bəhram xalqımızın böyük sənətkarı,canı, ruhu, vətənə, millətə bağlı qeyrətli bir oğludur.

Dəmir Gədəbəyli – Şair, filologiya elmləri doktoru:

-Azərbaycan xalqının ruhundan qopan Bəhram musiqisi, Bəhram istedadı, Bəhram ömrünün bəlası oldu.

Yusif Nəğməkar – Şair, yazıçı, AYB-nin üzvü:

-Mən Bəhram Nəsibovu çox istedadlı, sözün əsl mənasında, Allah verigisi olan bir bəstəkar kimi tanımışam. O, çox sağlam ruhlu, çox nikbin, təmiz qəlbli bir insan idi. Bu da Allah vergisi idi, yəni əsl təbii yaradıcı insanlarda belə ürək olur.

 Ziyalılar, elm adamları Bəhram Nəsibov haqqında

Tariyel Əhmədov – Elmlər doktoru, professor:

– Bəhram Nəsibovun dinləyiciləri həmişə ziyalılar, sənətə qiymət verən insanlar olub. Bəhramın yaşadığı dövrdə məşhur bəstəkarlar yaşayıb: Tofiq Quliyev, Cahangir Cahangirov, Nəriman Məmmədov, Ramiz Mirişli, Emin Sabitoğlu, Ələkbər Tağıyev. Bu nəhənglərin arasında parlamaq böyük istedad, böyük qüdrət tələb edirdi.

Fərahim Sadıqov – Pedaqoji elmlər doktoru, professor, Bəhram Nəsibovun tədqiqatçısı:

-Bəhram Nəsibovu mən həmişə böyük Üzeyir bəy məktəbinin yetirməsi hesab etmişəm. Bəhram Azərbaycan mədəniyyətinin, incəsənətinin bir neçə janrını öz yaradıcılığında ehtiva edib. Bədii yaradıcılığı yüksək səviyyədə saxlayan, Azərbaycana başucalığı gətirən görkəmli simalar haqqında tədqiqatlar sırasında B.Nəsibovun da yeri var.

Zemfira Vəliyeva – Filologiya elmləri doktoru:

-Bəhram Nəsibov Azərbaycan bəstəkarlıq məktəbinə səmimiyyət, vətən sevgisi, ülviyyət gətirən bəstəkardır. O öz cığırı ilə öz sözünü dedi, heç kəsi təkrarlamadı.

Vasim Məmmədəliyev – Şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının keçmiş müdiri, akademik, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının  sabiq sədri:

-Bəhram Nəsibov xalq ruhunda yazan, xalqın ruh nəbzinin tutan bir bəstəkar kimi xalq tərəfindən sevilib, sevilir. Ona görə də Bəhramın bəstələri hər zaman aktualdır.

Rais Rəsulzadə -Əməkdar rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi:

–Bəhramın hər bir nəğməsi, hər bir melodiyası insanın ruhunu oxşayır, ruha qida verir. Ən əsası odur ki, Bəhram vətənpərvər bəstəkar kimi hər bir azərbaycanlıda vətənpərvərlik hissini aşıladıb öz nəğmələri, bəstələri ilə. Onun hər nəğməsi bir rəsm əsəridir.

Vidadi Xəlilov –Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü:

– Bəhram Nəsibov Azərbaycan mahnı antalogiyasının əsas müəlliflərindən biridir. Azərbaycan mahnı yaradıcılığının, xüsusilə müğənnilərin repertuarının rəngarəng əsaslarda inkişaf etməsi naminə çalışan bəstəkardır.

 Etikxeber.az

Read Previous

54 saat ictimai nəqliyyat-VƏ METRO İŞLƏMƏYƏCƏK…

Read Next

MONQOL YÜRÜŞLƏRİNİN ƏSL SƏBƏBLƏRİ VƏ CƏLALƏDDİN RUMİNİN SİRRİ…-Araz Şəhrili yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir