“Bəli, bütün dünya bərpa olunmuş və dirçəldilmiş Qarabağın simasında, timsalında bir daha və yenidən Azərbaycanın gücünü görəcək və bu gücü etiraf edəcək!”-ELDƏNİZ SƏLİMOV SON AÇILIŞLARDAN, PREZİDENTİN SON MÜSAHİBƏSİNDƏN YAZDI

“…Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik…”

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Xilaskar dövlət rəhbərimiz bu fikirləri bu gün Birinci xanım Mehriban Əliyeva ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra AzTV-yə müsahibəsində dilə gətirdi.

Bu yerdə qeyd edim ki, bu gün dövlət başçımız ən yaxın və ən sadiq silahdaşı-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Bakının Yasamal rayonunda, Abşeronda, Xırdalan şəhərində bir sıra açılışlarda iştirak etdilər.

Konkret şəkildə ifadə etməli olsaq ki, bu gün Yasamal rayonunda salınan meşə tipli parkın, həmçinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının, “Xırdalan” yarımstansiyalarının açılışları keçirildi, Xırdalan şəhərindəki 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə tanışlıq baş verdi.

Bunlar hamısı çox önəmli hadisələr, Azərbaycanın, paytaxt Bakının, Abşeronun inkişafı, bütövlükdə insanlarımızın rahatlığı, məmnunluğu naminə atılan növbəti addımlardır.

Koronavirus pandemiyasının hələ də davam etməsinə və zərərlərinə baxmayaraq, Azərbaycan dövlətinin iqtisadi gücünün, iqtisadi inkişafının, bütövlükdə ölkədəki stabilliyin əyani göstəricisi, təcəssümüdür bunlar…

Bunlar müdrik və uzaqgörən Liderin Azərbaycan dövləti və Azərbaycan insanı naminə fədakarlıqlarının, xidmətlərinin, zəhmətlərinin növbəti töhfələri, növbəti bəhrələridir…

Bəli, güclü dövlət, inkişaf, tərəqqi edən dövlət deyilən budur…

Budur hər bir sahədə model yaradan Azərbaycanın əsl siması, əsl gerçəkliyi, əsl reallığı…Sözlə əməlin vəhdəti…

Bəli, 2003-cü ilin prezident seçkiləri və andiçmə mərasimi zamanı verilən bütün sözlər bir-bir tutulur, verilən bütün vədlər bir-bir yerinə yetitilir, öz hədəfinə çatır, öz hədəflərinə çatdırılır…

Bütün bunlara görə də, ölkə Prezidentinə-Azərbaycanı hər bir məsələdə, hər bir sahədə Qələbədən-Qələbəyə, Zəfərdən-Zəfərə çatdıran Müzəffər Ali Baş Komandana borcluyuq, ona minnətdarıq…Var olsun, min yaşasın!

Müsahibəsinə gəlincə dövlət başçımız yenə həm ölkəmizi, həm də bütövlükdə dünyamızı maraqlandıran bütün məsələlərə öz məzmunlu və əhatəli münasibətini bildirdi, ortaya çıxan məsələlər və problemlər barədə yenə açıq sətirlərlə danışdı, heç kimə və heç nəyə güzəştə gedilmədiyini və gedilməyəcəyini bəyan etdi, öz Lider, Rəhbər iradəsini, qətiyyətini bir daha ortaya qoydu…

Bildirdi və açıq şəkildə mesaj verdi ki, erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik.

İllər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək.

O cümlədən, erməni xalqı vaxt keçəcək, bizə-Azərbaycana minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Onlar xilas olunacaqlar, ya da əks-təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq.

Sonra və növbəti dəfə Şuşa şəhərinin onun tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan edildiyini vurğulayan Müzəffər Ali Baş Komandan bildirdi ki, bunu hər kəs bilir və bu qərar hər kəs tərəfindən yüksək qiymətləndirilir.

Bəli, deyildiyi kimi, Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcək.

Daha sonra “Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə”-deyən dövlət başçısı bir daha hər kəsə öz yerini göstərdi, hər kəsə öz işi ilə məşğul olmağı tapşırdı.

“Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar”-deyərək, ölkə Prezidenti müvəqqəti idarəetmə strukturu yaratdığını da xüsusi şəkildə xatırlatdı.

“Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun”-deyə, sözlərinə davam edən dövlət rəhbərimiz onu da əminliklə bildirdi ki, bütün torpaqlar planlı şəkildə bərpa ediləcək.

Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq.

Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır.

Əminik ki, buna da nail olacağıq.

Çünki hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.

Bəli, belə də olacaq, bütün dünya bərpa olunmuş və dirçəldilmiş Qarabağın simasında, timsalında bir daha və yenidən Azərbaycanın gücünü görəcək və bu gücü etiraf edəcək!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 77 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Skaliozdan əziyyət çəkirəm, otura, uzana bilmirəm, evim-eşiyim də yoxdur…”-VALİDEYNLƏRİ TƏRƏFİNDƏN ATILMIŞ, UŞAQ EVİNDƏ BÖYÜMÜŞ, HAZIRDA BAŞQASININ EVİNDƏ YAŞAYAN RAUF MUSAYEV ONA KÖMƏKLİK GÖSTƏRİLMƏSİNİ XAHİŞ EDİR…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir