“Bəli, hər birimiz anlayırıq ki, pandemiya insanları yorub, bezdirib, əsəblər tarıma çəkilib, amma…”-KAMİLƏ ƏLİYEVA ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Koronavirus pandemiyası ilə əlaqədar yenidən sərtləşdirici addımlara gedildi. Belə ki, ötən həftənin şənbə və bazar günləri ilə bağlı verilən sərtşləşdirici qərarlar bu hətəyə, daha doğrusu, bazar günü və bazar ertəsinə də şamil olundu. Özü də bu dəfə sıra bir qədər də genişləndirildi. Bu dəfə təkcə 4 bölgəmiz-Bakı, Gəncə, Sumqayıt və Abşeron deyil, daha 5 bölgəmiz bu sıraya daxil edildi. Çünki təəssüflər olsun ki, yaşananlar səbəbindən həmin 5 bölgəmizdə də sərtləşdirici, məhdudlaşdırcı addımların atılması gərəyi duyuldu. Beləliklə, bazar günü və bazar ertəsi ilə bağlı ölkəmizin 9 bölgəsində sərt karantin rejimi seçildi, həmin günlərdə insanların evlərindən çıxması, nəqliyyatın hərəkəti və sair məsələlər yasaqlandı. Həmçinin, karantin rejiminin vaxtı yenidən-iyulun 1-dək uzadıldı. Çünki bunlara zəruri ehtiyac var idi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

“Özünüz də görürsünüz ki, son günlər infeksiyaya yoluxma halları, həmçinin, ölüm faktları artmaqdadır. Əgər iki gün tətbiq edilən sərtləşdirilmiş karantin günlərində yoluxma rəqəmləri bir qədər aşağıya ensə də, dünən və srağagün yenidən yoluxma halları üzü yuxarıya- artmağa doğru getdi. Bu, onu göstərir ki, yumşaldılma tədbirləri dərhal bəzi vətəndaşlarımızda arxayınçılıq, bir qədər də məsuliyyətsizlik yaradır”-deyən millət vəkilinin sözlərinə görə, hələ də bu bəlanın fərqinə varmaq istəməyənlərimiz var və tapılır.

“Məhz onların məsuliyyətsizliyi, Operativ Qərargah, TƏBİB tərəfindən elan edilən qaydalara, karantin şərtlərinə, xəbərdarlıqlara əməl edilməməsi üzündən yenidən yoluxma halları artır, çoxalır. Sanki bəzi vətəndaşlarımız 30 qəpik verib tibbi maska tamaqdansa, sosial məsafəni gözləməkdənsə, 50 manat cərimə olunmağı üstün tutur və ya həm özlərinin, həm də başqalarının həyatını təhlükə və risq altına atmağı xoşlayır. Olmaz, bu, qətiyyən və əsla yolverilməz, qəbuledilməzdir. Bəli, hər birimiz anlayırıq ki, 4 aya yaxındır dünyamızda, onun bir parçası olan ölkəmizdə yaşanan pandemiya insanları yorub, bezdirib, əsəblər tarıma çəkilib, stress, həyəcan yaşanmaqdadır. Amma onu da anlamaq və qəbul etmək gərəkdir ki, bu bəla tək bir ölkə üçün deyil, bütün dünyanı cənginə alıb. Ona görə hər bir kəs, hər bir vətəndaşımız kimliyindən asılı olmayaraq, bugünlərdə də səbrli, təmkinli, məsuliyyətli olmalı, vətəndaş həmrəyliyi nümayiş etdirməli, qoyulan, verilən qaydalara, tapşırıqlara, qərarlara birmənalı və istisnasız əməl etməlidirlər.

Ən azı dövlət başçımızdan nümunə götürməlidirlər. Hər kəs də şahiddidir ki, ölkə Prezidenti hər yerə gedəndə tibbi maskadan istifadə edir. Bunu Tərtər, Ağcabədi bölgələrinə səfərlərində də gördük, növbəti 3 modul tipli xəstəxanın açılış mərasimində iştirakı zamanı da. Dövlət başçımız tibbi maskadan istifadə etməklə, bir daha hamımıza örnək və nümunə oldu. Eyni zamanda, bir daha hər kəsə səslənərək, çağırış edərək, tibbi maskalardan istifadə etməyə, verilən qərarlara anlayışla yanaşmağa dəvət etdi. Odur ki, hər birimiz dövlət başçımızın çağırışlarına, Operativ Qərargahın qərarlarına əməl etməliyik. İnanıram ki, keçən həftənin şənbə və bazar günlərində olduğu kimi, bazar günü və bazar ertəsində, ayın 14-ü və 15-də də sərtləşdirilmiş karantin qaydalarına hamılıqla əməl olunacaq, gərginlik yaşanmayacaq, eyni zamanda, digər günlərdə də tibbi maskalardan istifadə ediləcək, sosial məsafə gözləniləcək”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

09:09

Etikxeber.az

Read Previous

“İyunun 18-də saat 12.00-sa Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq…”-“AZAL” RƏSMİSİ – YENİLƏNİB

Read Next

“Daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər ölüb”-TƏBİB – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir