Bərdə Şəhidləri: “Azərbaycan Bayrağı” ordenli Xudayar, “Qarabağ” ordenli Asəf, 4 medallı Devran, iki medallı Ərəstun, məzarının üstü hələ də götürülməyən Calal, evin tək-yeganə övladı, ata qayğısı görməyən Elməddin…ŞƏHİDLƏRİMİZİN ADINI DAŞIYAN SİNİFLƏR… – KAMİL HƏMZƏOĞLU YAZIR – FOTOLAR

Bu gün növbəti dəfə Qəhrəman Bərdəmizə, İkinci Vətən Müharibəsi Şəhidlərini və Şəhid ailələrini ziyarət etməyə getmişdik…

İgidimiz, İkinci Vətən Müharibəsinin Qazisi, Qəhrəman Goranboyumun Nərimanlı kəndindən olan MAXE Fuad Mahir oğlu Həsənovla birgə…

***

Guloğlular məktəbi…4 Şəhidin adı verilən siniflər…

Ziyarətimiz zamanı ilk öncə evin tək oğlu, anası tərəfindən minbir əziyyətlə, təkbaşına böyüdülmüş və Ağdərə istiqamətində Şəhid olmuş MAXE Fəxri Qəribzadənin Güloğlular kənd orta məktəbində adına verilmiş sinif otağına baş çəkirik…

Şəhidimizin ailə üzvləri-anası Mehparə xanım, bacısı Türkanə xanım və dayısının həyat yoldaşı ilə birlikdə…

Bu yerdə qeyd edək ki, Güloğlular məktəbində 4 Şəhidimizin adına sinif verilib-Fəxrinin, Xudayar Yusifzadənin,  Baloğlan Nağıyevin və Birinci Qarabağ Savaşının Şəhidi (itkin) Eldar Sadıqovun…

Bu nəcib təşəbbüs isə məktəbin kollektivi və 10 ildən çoxdur ki, məktəbə uğurla rəhbərlik edən direktor Tinatin xanım tərəfindən gəlib və reallaşdırılıb…

Əslən Ağdamlı və 3 övlad anası olan Tinatin müəllim həm də Qazi qohumu, yaxınıdır…

Qızının həyat yoldaşı Fərahim Əşrəfli İkinci Qarabağ Savaşının iştirakçısı və Qazisidir…

Ali Baş Komandan tərəfindən də medalla təltif olunub…

***

Xudam-XUDAYARIM…

Fəxrinin ailə üzvləri ilə Şəhidlərimizin adını daşıyan sinif otaqlarını, məktəbliləri ziyarət etdikdən sonra xatirə fotoları çəkdirir və sonra adı dillər əzbəri İgidimiz, Qəhrəmanımız, əslən Ağdamlı, 1993-cü ildən də ailəsi Bərdəyə pənah gətirmiş Şəhidimiz Xudayarın Guloğlulardakı evini, ailə üzvlərini ziyarətə yollanırıq…

Xudayar barədə uzun-uzadı təqdimata ehtiyac olmasa da, qeyd edək ki, Şəhidimiz 1998-ci ilin iyulun 15-də Bərdədə sadə bir ailədə anadan olub…

3 qardaş, bir bacı olublar…

Xudayar atasının üzünü görməyib, dünyaya gəldikdən bir müddət-24 gün sonra atası vaxtsız şəkildə dünyasını dəyişib…

Həm Xudayarı, həm də bacı və qardaşlarını Radə xanım, Radə ana böyüdüb, boya-başa çatdırıb…Onlara həm ana, həm də ata olub…

Əsgərlikdən sonra həyatını hərblə, Ordu ilə bağlayan çox istedadlı və gözəl səsə malik olan Xudayar İkinci Qarabağ Savaşının ilk saniyəsindən də döyüşlərə atılıb…

Peşəkar hərbçi-gizir kimi, döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib, həm də  gözəl ifası ilə dillər əzbərinə çevrilən “Xudayar təsnifi”ni xalqımıza bəxş, ərməğan edib…

İgidimiz Zəngilan, Ağbənd istiqamətində qanlı döyüşlərdən birində, oktyabrın 21-dən 22-sinə keçən qəhrəmancasına həlak olub, Şəhidlik  Məqamına yüksəlib…

Şəhidliyi xəbəri isə ailəsinə ayın 22-də, axşam saatlarında verilib, 23-də də nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ana nənəsi, Məğrur, Qürurlu, Dik duruşlu Tovuz ana deyir ki, Xudayarla axırıncı dəfə Şəhidliyindən bir həftə öncə bir araya gəlib, döyüş bölgəsində görüşüblər…Əhval-ruhiyyəsi də çox yüksək imiş… Ancaq sonrakı günlərdə Xudayarla dəfələrlə zəng edilsə də, əlaqə saxlamaq mümkün olmayıb, ya telefonuna zəng çatmayıb, ya da zənglərə döyüş şəraitinə görə, cavab verə bilməyib…

“Xudayar barədə saatlarla danışsam, yenə az olar… O qədər danışılacaq sözlər var ki…Allah cəmi Şəhid balalarımıza, o cümlədən Xudayarıma da rəhmət etsin…Başımızı uca etdilər, torpaqlarımızı düşməndən geri aldılar…”deyir Tovuz ana…

Şəhidimiz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və iki medalla təltif olunub…

Şəhidimizin nur üzlü anası Radə xanım isə Bakıya getdiyindən onunla görüşə bilmirik…

Və Tovuz ana ilə bir qədər də söhbətləşdikdən sonra Xudayargildən ayrılırıq…

***

Eyni binada yaşayan “Qarabağ” ordenli və iki medallı Şəhidlərimiz-ASƏF VƏ ƏRƏSTUN…

Sonra Bərdəmizin, Azərbaycanımızın digər İgid oğullarından, Şəhidlərindən biri-“Qarabağ” ordenli və iki medallı, hərbçi-gizir Asəf İlqar oğlu Əsgərovun ailəsinə baş çəkməyə gedirik…

Öncə Şəhidimizin ailəsinin yaşadığı yataqxananın-binanın qarşısındakı həm Asəfin, həm də həmin binanın digər Şəhidi-Ərsəstun Xıdırovun xatirəsinə ucaldılmış-tikilmiş Şəhid bulağını ziyarət edir, Şəhidlərimizin ruhlarına dualar oxuyur,  hər ikisinə Allahdan rəhmət diləyirik…

Daha sonra Şəhidimizin həyat yoldaşı Aydan xanım və digər ailə üzvləri ilə görüşürük…

1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində anadan olan Şəhidimiz orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb…Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə gizir, tank komandiri olub…

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub…

 Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb…Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb… Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və Şəhidimiz elə həmin doğulub boya-başa çatdığı Boyəhmədlidə də dəfn edilib…

Şəhidimiz ailədə 3 qardaş olublar, özünün isə iki övladı-hazırda 6 yaşı olan Emili və bir yaşı yenicə tamam olmuş Kənanı Vətənə əmanət qalıb…

Və Asəfgillə eyni binada yaşamış digər Şəhidimiz – MAXE-çavuş Ərəstun Xıdırov isə 1998-ci ilin martın 18-də Bərdədə anadan olub…

İkinci Vətən Müharibəsindən də cəmi  bir ay öncə MAXE kimi, fəaliyyətə başlayıb… Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində ağır döyüşlərdən birində Şəhid olub…Oktyabrın 16-da isə Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib…

Hər iki Şəhidimiz nurlar içində yatsın, ruhları daim bizimlədir, bizlərlə də yaşayacaq!

***

Aprel və İyul döyüşlərinin, İkinci Vətən Müharibəsinin Dastan yazan Oğullarından biri-DEVRAN FAZİL OĞLU NAİBOV…

Daha sonra Bərdəmizin, Azərbaycanımızın fəxri olan İgidlərimizdən, Qəhrəmanlarımızdan, İkinci Vətən Müharibəsi Şəhidlərimizdən Devran Fazil oğlu Naibovgilə yol alırıq…

1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gələn Devran ailənin ikinci övladı olub…Özündən böyük qardaşı və özündən kiçik bacısı və qardaşı olub…

Peşəkar hərbçi-kiçik gizir olan Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub…

Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub…İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə, ön sıralarda olub… Döyüşüb, vuruşub, ad-san qazanıb…Və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib…Oktyabrın 8-də Şəhid olan İgidimiz Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfidən 4 medalla təltif olunub…Vətən Müharibəsi Qəhrəmanı adına da layiq görülməsi gözlənilir…Haqqıdır, Haqq etdiyini də almalıdır!

Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanımın dediklərindən:

“Heç şübhəsiz ki, Şəhidlərimizin hər biri Qəhrəmandır, İgiddir…Hər birinin Qələbəmizdə, Zəfərimizdə öz yeri, öz əməyi, öz xidməti var…Amma tam məsuliyətimlə deyirəm ki, Şəhidlərimiz, İgidlərimiz arasında Devranın yeri başqadır…O elə igidliklər, elə qəhrəmanlıqlar göstərib ki, ifadə etməyə sözlər belə yetmir, yetməz…Yəni, Devran belə bir İgidimiz, belə bir Qəhrəmanımız olub…”.

Devran axırıncı dəfə Şəhidliyindən 3 gün öncə anası, əslən Naftalanlı Xuraman xanımla, Xuraman ana ilə əlaqə saxlayıb…

Sonra onunla əlaqə saxlamaq, ondan xəbər almaq mümkün olmayıb və daha sonra Şəhidliyi xəbəri gəlib…

Şəhidimizin ailə üzvləri bir qədər də söhbətləşdikdən sonra bir daha başsağlığı diləklərimizi çatdırıraq, onlardan ayrılırıq…

Allah Şəhidimizin məzarını behiştlik etsin, məqamı Ucalardan uca olsun!

Fəxrimiz, Qürurumuz, baş tacımızdır!

***

Məzarı hələ də tam hazır olmayan Şəhidimiz-CALAL CALALZADƏ…

Devrangildən ayrılıb Bərdənin Mustafaağalı kəndinə, Tərtər-Ağdərə istiqamətində Şəhid olan Calal Qaryağdı oğlu Calalzadəgilə gedirik…

1993-cü ilin oktyabrın 17-də anadan olan Calal orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, 2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında xidmət edib, xidmətini başa vurduqadan az sonra həyatı yenidən Ordu ilə bağlayıb, MAXE olub…

Aprel döyüşlərinin, İyul hadisələrinin iştirakçılarından olub, İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə istiqamətində döyüşlərə atılıb…Və döyüşlərin ilk günündə Şəhid olub, oktyabrın 3-də isə nəşi Mustafaağalı kənd qəbiristanlığında torpağa tapşırılıb…Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif olunub…

Kimya müəllimi olan Şəhid anası Zəminə Allahverdiyevanın dediklərindən:

“Calalı axırıncı dəfə müharibədən bir gün əvvəl, ayın 26-da görmüşük…Həmin gün evə gəlmişdi, nahar etdikdən, bir qədər dincəldikdən sonra yenidən Tərtərə, öz hərbi hissələrinə yollandı…Müharibə haqqında da həmin gün bir kəlmə söz demədi…Səhərisi gün televiziyadan müharibənin başlaması xəbərini aldıq… Ondan sonra Calaldan xəbər ala bilmədik…Və sonra da Şəhidliyi xəbəri gəldi… 2020-ci ildə həm həyat yoldaşımı, həm də oğlumu itirdim, danışmaq, dözmək çox çətindir, çox…”.

Yeri gəlmişkən qeyd edək ki, Calalın Şəhidliyindən yeddi ay yarımdan çox vaxt keçsə də, hələ də məzarının üstü götürülməyib, hələ də məzarı tam hazır deyil…Bu məsələdə də ən böyük məsuliyyət məhz Bərdə rayon İcra Hakimiyyətinin və icra başçısının çiyinlərinə düşür…Məhz onların məsuliyyətsizliyi, biganəliyi…üzündən belə bir üzücü və təəssüfedici mənzərə yaranıb…Şəhidimizin məzarının isə ən yaxşı halda yaxın bir-iki aya hazır olacağı gözlənilir…Təəssüf, təəssüf, təəssüf!

Eyni zamanda, Şəhid ailəsi, Şəhid anası kəndlərinin adının dəyişdirilməsini və Calallı adlandırılmasını istəyir və bununla bağlı yaxın zamanlarda da aidiyyatı orqanlara müraciət etməyə hazırlaşırlar…

Şəhid ailəsi ilə sağollaşıb, Calalın məzarını ziyarətə gedirik və Şəhidimizin məzarını ziyarət edərək, ona bir daha Allahdan rəhmət diləyirik!

Allah məkanını cənnətlik və nurlu etsin!

***

23 günlüyündən anası tərəfindən təkbaşına böyüdülən, evin tək-yeganə övladı-ŞƏHİD ELMƏDDİN HÜSEYNZADƏ…

Gün ərzində sonucu ziyarətimiz isə evin tək-yeganə övladı olan, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadənin anası Arzu xanım olur…

1998-ci ilin martın 24-də anadan olan Elməddin ata nəvazişindən, ata qayğısından məhrum olub…

Atası onu körpəliyinin 23-cü günündən tərk edib, Rusiyaya gedir və bir də geri dönmür…

Anası Arzu xanım onu təkbaşına, minbir əziyyətlərlə böyüdüb boya-başa çatdırır…

6 yaşından xalasıgildə qalan Elməddin Bərdə şəhərindəki 1 saylı məktəbə gedir…

2009-cu ildən anası Arzu xanım Sərkarlar kəndindən Bərdəyə köçür və ana-oğul düz 9 ilə yaxın kirayələrdə yaşayırlar, ömür çürüdürlər…

2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərindən isə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçürlər…

2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışır, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Ordu ilə bağlayır, MAXE kimi, fəaliyyət göstərir…

Müharibənin ilk anlarından da döyüşlərə atılır…Və Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdən birində-senyabrın 29-da Şəhid olur…Və elə həmin gün axşam saatlarında da nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılır…

1998-ci ilin aprelindən tək övladını və həyat yoldaşını atıb, tərk edib gedən “ata”-“ər” isə Şəhidin dəfninə belə gəlmir…Və gerçəkdən bunu ifadə etməyə söz tapmaq olmur… Nə yazasan, nə deyəsən ki…

 Tək övladını, gözünün ağı-qarasını itirən Şəhid anası isə təkbaşına, dərdlər, kədərlər içində yaşayır, qovrulur və “Mən Elməddinsiz necə yaşayacam?…”-deyir, göz yaşları selə dönür… Və bir daha sözün bitdiyi, aciz qaldığı yer…

Allah Şəhidimizə qəni-qəni rəhmət etsin, dərdli, kədərli Arzu xanıma, Arzu anaya isə bu dərdi, bu yükü daşımaq üçün dözüm, güc, qüvvət versin!

Şəhid ailələrini ziyarətimizi başa vurur və yenidən geriyə, Goranboya doğru yol alırıq.

Şəhidlərimiz ölməyiblər, Ölümsüzlüyə qovuşublar, daim mənən, ruhən bizimlədirlər və bizlər, Azərbaycanımız var olduqca, onlar da var olacaqlar!

Onları unutmağa haqqımız, kimsənin haqqı yoxdur, unudarıqsa, unudularıq, lənətlənərik!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

19.05.2021, Goranboy-Bərdə-Goranboy

Etikxeber.az

Read Previous

İlham Əliyev rusiyalı həmkarı ilə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələri-MÜZAKİRƏ ETDİ

Read Next

Şəhidlərimizin-Fəxri, Xudayar, Baloğlan və Eldarın adını daşıyan siniflər-GÜLOĞLULAR MƏKTƏBİNİN NƏCİB TƏŞƏBBÜSÜ VƏ ADDIMI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir