Bərdə…Şəhidlərimizi ziyarət-QAZİMİZLƏ GÖRÜŞ… – KAMİL HƏMZƏOĞLU YAZDI

Dünən, 14 aprel tarixində Birinci və İkinci Qarabağ Savaşının, xüsusilə də, İkinci Vətən Müharibəsinin ağrılarını, acılarını canında, ruhunda, varlığında yaşamış, cəngin, müharibənin ağırlıqlarını çiyinlərində daşımış, bir neçə dəfə hücumlara, bombardmanlara-Qarayusifli və Bərdə (şəhər mərkəzi) terraktına, erməni vəhşətinə məruz qalmış Qəhrəman Bərdəmizə getmişdim…

Bərdəyə gedişimdə də məqsədim İkinci Vətən Müharibəsinin İgidlərindən, Qəhrəmanlarından, Qazilərindən olan və səhhətində problemlər olmasına, qalmasına baxmayaraq, hazırda da MAXE kimi, fəaliyyətini davam etdirən Bəhruz Xəlil oğlu Tağıyevlə görüşmək idi…

Onun haqqında da ilk dəfə Qəhrəman Goranboyumun Qəhrəman Oğullarından olan İkinci Vətən Müharibəsi Qazisi Fuad Mahir oğlu Həsənovdan eşitmişdim…

Barəsində Qazimizin adına-şanına layiq çox yüksək fikirlər söyləmişdi…

Sonra Qazimizlə əlaqə saxlamış, onun keçdiyi döyüş yolu, səhhəti və üzləşdiyi problem barədə yazmışdım…

Bu dəfə isə Qazimizlə canlı, üzbəüz şəkildə görüşmək, onu yenidən və yaxından dinləmək, söhbətləşmək, həmsöhbət olmaq üçün Bərdəyə getmişdim, daha doğrusu, Fuadla birgə getmişdik…

Görüşdən öncə də yolumuzu Bərdənin mərkəzindəki Şəhidlər Xiyabanından saldıq…

Şəhidlər Xiyabanında uyuyan və bir-birindən gözəl, yaraşıqlı, boylu-buxunlu, Mərd, İgid, qanları, canları ilə Qəhrəmanlıq Dastanı yazmış Şəhidlərimizin məzarlarını bir-bir ziyarət etdik, əziz və müqəddəs ruhlarına dualar oxuduq…

Şəhidlər Xiyabanından da ayrılarkən diqqətimi-diqqətimizi Şəhid məzarlarından birinin başında dayanan 4 nəfər cəlb etdi…

Bir qədər çəkinə-çəkinə olsa da, həmin Şəhid məzarından kənara çəkilib, kədərli halda skamyada əyləşən xanıma yaxınlaşdım…

Məlum oldu ki, Şəhidimiz Səidin, Səid Həsən oğlu Ədilovun anasıdır…

Övladının nə vaxt, harada Şəhid olması, döyüş, Şəhidlik yolu ilə maraqlandım…

Şəhidimizin anası bildirdi ki, evin, ailənin tək oğlu olan Səid İkinci Vətən Müharibəsinin ilk günlərində, oktyabrın 2-də Şəhid olub…

Qanlı, ağır döyüşlərin getdiyi, qanla suvarılan və qanlar, canlar hesabına azad edilən Suqovuşan istiqamətində…

Oktyabrın 2-də Şəhid olsa da, Vətən sevdalısı İgidimizin nəşi düz 61 gündən sonra, 2020-ci ilin dekabrın 3-də Bərdə şəhərinə gətirilib və elə həmin gün Şəhidlər Xiyabanında da dəfn edilib…

Qeyd edim ki, Şəhidimiz 1994-cü ilin noyabr ayının 5-də Bərdənin Cəyirli kəndində-sadə bir həyat tərzini yaşayan Ədilovlar ailəsində dünyaya gəlib…

Ailədə iki uşaq, bir qardaş, bir bacı olublar…

Yaşca ondan böyük olan bacısı bir neçə il öncə ailə həyatı qurub və bir övlad anasıdır…

Şəhidimiz isə 26 yaşının olmasına baxmayaraq, subay olub, ailə həyatı qurmayıb…

Orta məktəbi qurtardıqdan sonra Bakı şəhərində hərbi hissələrdən birində əsgərliyini çəkən Səid hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb və özəl şirkətlərdən birində çalışmağa başlayıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə səfərbərliyə cəlb olunub və müharibənin ilk anlarından da döyüşlərdə olub, döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Və…döyüşlərdən birində, oktyabrın 2-də qəhrəmancasına həlak olaraq, Şəhadətinə qovuşub, Şəhidlik məqamına ucalıb…

Ancaq qeyd etdiyimiz kimi, Şəhidimizin nəşini düz 61 gündən sonra əldə etmək mümkün olub və dekabrın 3-də də Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Baş tacımız, and yerimizdir, əziz ruhu qarşısında baş əyirik, baş əyirəm!

Nur içində yatsın, məkanı cənnətlik, məzarı behiştlik olsun, Allah ailəsinə, əzizlərinə səbr versin!

Şəhidimizin valideynləri ilə bir qədər də söhbətləşdikdən sonra Şəhidlər Xiyabanından ayrıldım, ayrıldıq…

Allah Səid də daxil olmaqla, bütün Şəhidlərimizə qəni-qəni rəhmət etsin!

Onlara olan borcumuz bir ömür boyu tükənməz!

Hər zaman onlara borcluyuq və minnətdarıq!

Azərbaycanımız var olduqca, Uca millətimiz yaşadıqca, Şəhidlərimiz də var olacaq, onlar da mənən, ruhən yaşayacaqlar!

***

Şəhidlər Xiyabanını-əziz Şəhidlərimizin məzarlarını ziyarətdən sonra isə Qazimiz Bəhruzgilə getdik…

Çox səmimi, çox unudulmaz, çox yaddaqalan bir görüşümüz, söhbətimiz oldu…

Söhbət zamanı da ancaq Şəhidlərimizdən, Qazilərimizdən, İkinci Vətən Müharibəsi iştirakçılarından, şanlı Qələbəmizdən danışdıq…

Və…Qazimizlə görüşdən ayrılıb, yenidən üzü rayonumuza tərəf yol aldıq…

Yolun-izin açıq olsun, daim var olasan, Qalib Azərbaycanım!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

14.04.2021, Goranboy-Bərdə-Goranboy

Etikxeber.az

Read Previous

“Onlar eyforiyaya uğrayaraq öz ordularının “məğlubedilməz” olduğunu düşünür və iddia edirdilər ki, əgər müharibə başlasa, guya hərbi texnikaları Bakıya qədər gələcək…”-MİLLƏT VƏKİLİ

Read Next

“Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub”-VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir