“Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istfifadə etmirlər”-OPERATİV QƏRARGAH – DAHA 547 YOLUXMA VƏ 6 ÖLÜM FAKTI QEYDƏ ALINDI – YENİLƏNİB – (4)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib

Qeyd edib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Vəfat edənlərin ümumi sayı 180-nə çatıb. TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün 7274 test aparılıb.

***

“Bəzi vətəndaşlar yenə arxa küçələrdə toplanır, maskadan istfifadə etmirlər”-deyən  Y. Qarayeva bildirib ki, bu gün hətta elə ailələr var ki, yaşlılarda test neqativ nəticə verir, amma uşaqlarda testlər müsbət çıxır, uşaqlar ötürücü olurlar:

“Bu gün parklar açıqdır. Parklarda da qaydalara riayət etməliyik. Əks halda gözlənilən nəticə əldə olunmayacaq. Qaydaları pozmağa çalışaraq yenə həyətlərdə, parklarda toplanırıqsa, yoluxmaların sayının azalmamasını görə bilərik”.

***

“Bu gün Avropada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır”.

Bunu isə mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

 ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, 1 peyvənd artıq sınağın son mərhələsindədir:

“Ümid edirik ki, 2020-ci ilin sonuna qədər tibb işçiləri və risk qrupunda olanlar üçün bu peyvənd əlçatan olacaq. Deksametazonun da ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu üzə çıxıb”.

 H. Harmancı qeyd edib ki, ötən günlərdə Azərbaycana 168 min fərdi qoruyucu gətirilib, çox yaxında da iki reyslə yenə fərdi qoruyucu vasitələr gətiriləcək.

***

“BMT pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Azərbaycana konkret sahələrdə texniki yardımlar təmin edib”.

Bunu da mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi deyib ki, bu yardımlar həm potensialın, həm də biliklərin artırılmasına yönəlib:

“Həm də jurnalistlərlə təlimlər təşkil edilib ki, məlumatlar cəmiyyətə düzgün çatdırılsın. Bununla bərabər, biz müxtəlif kampaniyalar təşkil etmişik. Cəmiyyətdə nüfuzlu insanları cəlb edərək, düzgün davranışın təbliğ olunmasına çalışmışıq. O cümlədən TƏBİB və Səhiyyə Nazirliyinə fərdi qoruyucu vasitələr və digər ləvazimatlarla bağlı yardım etmişik. Hazırda biz İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə iqtisadiyyatın bərpası ilə əlaqədar texniki əməkdaşlıq sahəsində müzakirələr aparırıq”.

17:33

***

Sonra “Pandemiyanın sürəti artır”-deyən H. Harmancının sözlərinə görə, dünyada virusa yoluxmanın 100 minə çatması üçün iki ay vaxt getmişdi, ancaq son 24 saatda 180 mindən çox yoluxma olub:

“Avropada vəziyyət yaxşılaşmağa doğru getsə də, qlobal olaraq yaxşı deyil. Avropada virusdan yoluxanların 21 faizi tibb işçiləri, vəfat edənlərin 95 faizi isə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, xəstələrin 94 faizi 65 yaşdan yuxarı insanlardır”.

17:37

***

“Evdə müalicə ilə bağlı tibbi-metodik göstərişlər hazırlanaraq xəstəxanalara paylanıb”-deyən Y. Qarayeva eyni zamanda bildirib ki, yüngül, asimptomatik xəstələrin evdə müşahidə altında olması nəzərdə tutulub:

“Bu xəstələrə müalicə lazım olmayacaq, müşahidə altında olacaqlar. Ona görə o xəstələrə dərman da lazım olmayacaq. Digər tərəfdən, hazırda müalicə simptomlara qarşı aparılır, xəstəliyi birbaşa müdaxilə edən dərman hələ yoxdur. Həm də dərman preparatlarından həkim nəzarəti olmadan istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər, insanlar bunu da nəzərə almalıdır”.

Daha sonra “Biz fevral və martda ölkəmizə kənardan virusun idxal olunmasının qarşısını aldıq”-deyən  Y. Qarayeva vurğulayıb ki, bunun üçün sərhədi keçən vətəndaşlar karantinə alındı:

“Bu, rahat idi, çünki sərhədlər nəzarət altına alındı. Virus ölkəyə daxil olandan sonra isə ailələrdə, digər klastrlarda yayılmağa başladı. Bu zaman görülən tədbirlərin effekti daha çox cəmiyyətdən asılıdır. Avropada xəstəlik yayılanda sərhədlərimizə nəzarəti artıraraq virusun geniş yayılmasının qarşısını ala bildik. Biz bu gün bir yerdə olsaq, yenə virusun yoluxma zəncirini qıra bilərik ”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, hazırda xəstəlik ailə-ailə, müəssisə-müəssisə yayılır:

“Biz bir müddət özümüzü ən yaxınlarımızdan belə təcrid etməliyik”.

Etikxeber.az

Read Previous

“Bu, hər birimiz üçün qürur və inamdır”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

8 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarda-DƏYİŞİKLİK EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir