“Bacaraq, hətta, lazım gələrsə – onlarla bərabər uşaq olmağı…” – DEPUTAT YAZIR

Bütün Sovet ailələrində oyuncağa qarşı eyni allergiya yaşanıb. Təbii, valideynlər tərəfindən. Hamısı da bir ağızdan eyni sözü deyib: “Evdə oyuncaq əlindən yer yoxdur. Oyuncağa verilən pul heyfdir”. Üstəlik, bu o zamanlara təsadüf edib ki, həmin oyuncaqların nə indiki kimi çeşidi olub, nə də qiyməti.

Yəni, almaq daha asan idi.

Bəli. Sovet Bankına qoyulan (və batan) minlərlə rublun heyfinə köklənmək əvəzinə oyuncağa verilən pulun heyfinə sarılıblar. Valideynlər. Almayıblar.Uşaqların uşaqlıq sevincini əllərindən alıblar, amma oyuncaq almayıblar. Uzağı iki nəsil qız uşaqları bir kukla ilə oynayıblar. Oğlanlar isə təkəri “8” yazana qədər istismar elədikləri maşınla. Bir də televizor üstünə qoyulan tüklü ayılar və itlər olub. O da vitrin üçün. Yəqin, bu səbəbdən fərdi yaradıcılığımız formalaşıb. Ki, “samokat”ları, məftildən düzələn arabaları icad etmişik, “gizlənqaç”, “rezinka”, “7 şüşə” kimi oyunların əsasını qoymuşuq.

İndi həmin dövrün əksər valideynlərindən soruşsan hamı bir ağızdan deyəcək: “Başqa zaman idi. Texnologiya inkişaf etməmişdi. Qıtlıq olub və s.” Amma “Universam”larda ağzına qədər dolu olan + 63 manat 10 qəpiyə satılan ”Orlenok”, “Desna-2” velisopedlərinə nə gəlmişdi bəs? Mütləq idimi ki, məhlədə hər kəsə “sən canı bir kruq ver, sürüm”- müraciətindən sonra alınaydı?. Ya da olsun “Nu poqadi”- elektron əl oyunu. Uşaqların ona sahib olana necə bir sərvətin yiyəsi kimi baxdığının kimsə fərqində olubmu görən?

Lütfən, böyük bir oyuncaq dükanına girən azyaşlı uşağa kənardan diqqətlə baxın. Gözləri parıldayır. Uçunmaq istəyir. Vahimələnir. Biz necə Tanrıdan ən böyük arzularımızı diləyiriksə, onlar da balaca ovuclarını sinəsinə sıxıb daha çox oyuncağın alınması üçün dua edirlər. Xoşbəxtlik budur uşaqlar üçün. Onlara bu yaşda Avro-inteqrasiyadan, Nyutondan, nisbilik nəzəriyyəsindən danışa bilmərsən, onlara bu yaşda az qala əlləri ilə deyil, gözləri ilə tutub saxladıqları evcikdən, maşından, bələkli-krovatlı kukladan qiymətli heç nə bəxş edə bilmərsən, onları həmin dəqiqə girmiş olduqları xoşbəxtlik odasından daha yaxşısının olduğuna inandıraraq çıxara bilmərsən.

Razıyam. 5 manat, 10 manat, 20 manat neçə kiloqram kartofun, pomidorun, ətin puludur. Fəqət, sizin gözünüzdə. Uşaqların gözündə deyil. Onlar onsuzda 15-20 ildən sonra həyatın sınaqları ilə baş-başa qalacaq. Biri Universitetə girməyib uduzacaq, biri udacaq, biri boşanacaq, biri xoşbəxt olacaq, biri yarıdacaq, biri tüfeyli olacaq, biri bank açacaq, biri banka kredit verəcək, biri ağrı çəkəcək, biri kefinə baxacaq. Amma…uşaqlıq yeganə mərhələ – zaman kəsiyidir ki, onlar hamısı eyni boydadır, eyni saflıqdadır, eyni ağlıqdadır. Beyinləri açıqkən, dünyanın dərdindən bixəbərkən, imkankən…bacaraq onları sevindirməyi. Bacaraq bu dünyaya onların gözü ilə baxmağı.

Bacaraq, hətta lazım gələrsə – onlarla bərabər uşaq olmağı…

Elşən MUSAYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul etdi – FOTO – YENİLƏNİB

Read Next

“Azərbaycanın xarici siyasəti açıqdır…” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir