Bahar Muradova: “Biz bu imkanları dəyərləndiririk…” – FOTO – YENİLƏNİB

Dekabrın 14-də Bakıda Avropa İttifaqının və BMT-nin Uşaq Fondunun (UNICEF) “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsinin qiymətləndirilməsinin yekun nəticələrinin təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin iki il öncə Avropa İttifaqının və UNICEF-in Azərbaycandakı nümayəndəliklərinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə bu layihənin icrasına başladığını xatırladıb. O, layihənin məqsədinin ədliyyə mexanizmlərinə çıxışın artırılması vasitəsilə risk altında və ya həssas təbəqədən olan uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsi olduğunu söyləyib.

Edvard Karvardin qeyd edib ki, bu layihə yuvenal ədliyyə sektorunda aparılmış işlərin davamı olaraq həssas və təcrid olunmuş uşaqların maraqlarına xidmət edəcək.

UNICEF rəsmisi vurğulayıb ki, Azərbaycanda ədliyyə sahəsində əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir. Bu nəticələr uşaq və yeniyetmələrin həyatına təsir edən məsələdir. Əsas məsələ ailələrin ədliyyə sisteminə çıxışını asanlaşdırmaqdır. Layihə Azərbaycanda 3351 həssas uşağın pulsuz hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərindən istifadə imkanlarının artırılmasına kömək edib. Mingəçevirdə, Şirvanda, Qəbələdə, Ağcabədidə, Şəmkirdə və digər rayonlarda həyata keçirilən layihə çərçivəsində, həmçinin zorakılıq baş verdiyi halda müdafiə tədbirlərindən yararlana bilmək üçün qapalı müəssisələrdə yaşayan 3500 uşağın hüquqları daha yaxşı monitorinq olunub.

***

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan parlamenti bir neçə ildir UNICEF ilə müxtəlif məsələlər üzrə əməkdaşlıq edir. Dinamik inkişaf həyatımızın bir çox sahələrinə təsir etdiyi kimi, uşaqların hüquqlarının təmin olunması sahəsində də ciddi addımların atılmasını qarşımıza bir vəzifə kimi qoyur. Demokratik vətəndaş cəmiyyətində insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin olunması çərçivəsində hər bir vətəndaşın, o cümlədən həssas qruplara aid olan vətəndaşların, ailələrin, uşaqların ədliyyə imkanlarına çıxışının, ədalətli mühakimənin tam təmin olunması və bütün səviyyələrdə prosedurların qanuna əsasən gözlənilməsi bu və ya digər çatışmazlıqların aradan qaldırılması üçün əməkdaşlığın genişləndirilməsini təmin edir. Bu baxımdan, belə layihələrin həyata keçirilməsi bizə bir çox məsələləri vaxtında və bəzi hallarda öncədən nəzərə alıb həll etmək üçün imkanlar yaradır. Biz bu imkanları dəyərləndiririk. Milli Məclisdə uşaqların ədliyyəyə çıxışı dəfələrlə müzakirə olunub. Bu müzakirələrdə birmənalı olaraq uşaqlar üçün ixtisaslaşmış məhkəmələrin, hakimlərin olmasının, onların hüquqlarının qorunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyi vurğulanıb. Bu sahədə ciddi addımlar atılmaqdadır. Xüsusilə həyata keçirilən iqtisadi islahatlar, son illər atılmış addımlar bu sahənin daha çox diqqətdə saxlanılmasının vacibliyini önə çıxarır. Bu şəbəkə getdikcə genişlənir. Nailiyyətlərimizi daha çox təmin edən belə layihələr, xüsusilə “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsinin təqdimatı çox maraqlıdır. “Qeyd edilən sahədə beynəlxalq qurumlarla, o cümlədən UNICEF-lə birgə işləməyə hazırıq” – deyə, Bahar Muradova bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems alternativ icma, əsaslı reabilitasiya və islah işlərinin gerçəkləşdirilməsi istiqamətində təkmilləşdirilmiş addımların atılmasının önəmini qeyd edib. O deyib ki, uşaqlara cəza yox, əlavə şans verilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməliyik. Bu layihə çərçivəsində regionlarda üç min ailə hüquqi yardımla təmin olunub. Avropa İttifaqı bu sahəyə diqqət göstərir və dəstəyini davam etdirir.

Uşaqların ədliyyə imkanlarının təmin olunmasının vacibliyini vurğulayan Yorun Villems Milli Məclisin bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirib. O qeyd edib ki, bu istiqamətdə bir çox yeniliklər edilib və qanunvericilikdə dəyişikliklər aparılıb. Bir çox cəzalar islaholunma işləri ilə əvəz edilib. Avropa İttifaqı Azərbaycanda belə nəticələrin davamlı olmasını dəstəkləyəcək.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Teymur Məlik-Aslanov bildirib ki, ədliyyəyə çıxış insanların fundamental hüququdur. Uşaqların ədliyyəyə çıxışının təmin olunması isə başlıca vəzifələrdən biridir. Bir çox hallarda valideynlər tərəfindən uşaqların bu hüququ təmin edilmir. Bu isə gələcəkdə onları daha ağır nəticələrlə üzləşməyə vadar edir. Layihə risk altında olan uşaqların və valideynlərin uşaqlar üçün münasib ədliyyə mexanizmlərindən istifadə imkanlarının artırılmasını təmin edən çərçivəyə töhfə verib.

Sonra tədbir çərçivəsində “Uşaqlar üçün ədliyyəyə çıxış” layihəsi ilə bağlı videofilm nümayiş olunub.

UNICEF-in beynəlxalq eksperti Kameliya George “Azərbaycanda dövlət və qeyri-hökumət subyektləri üçün milli səviyyədə təlimlər vasitəsilə uşaqlar üçün ədliyyə xidmətlərindən istifadə imkanlarının dəstəklənməsi” layihəsinin qiymətləndirilməsinin yekun nəticələrinin təqdimatını edib.

Tədbir təqdimat ətrafında müzakirələrlə yekunlaşıb.

Etikxeber.az

Read Previous

Bu gün Rəşid Behbudovun doğum günüdür -102 YAŞI TAMAM OLUR

Read Next

“Bu səfər əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq…” – BİRİNCİ VİTSE-PREZİDENT – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir