“Bakı Marafonu-2017″yə Leyla və Arzu Əliyevalar da qatıldı – FOTOLAR – YENİLƏNİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.

Etikxeber.az xəbər verir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.

Startdan əvvəl ötən il keçirilmiş marafonu işıqlandıran media nümayəndələrinin bir qrupuna mükafatlar təqdim olunub.

Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışın finiş xətti və iki kateqoriyadan ibarət mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda olacaq. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər. Bununla yanaşı, kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü, beşinci və altıncı yerləri tutan şəxslərə (ümumilikdə altı nəfərə) Avropa daxilində istədikləri ölkəyə ikinəfərlik səyahət bileti hədiyyə ediləcək. Yeddinci və səkkizinci yerlərin sahiblərinə “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, doqquzuncu və onuncu yerləri tutanlara isə 100 manatlıq hədiyyə kuponu veriləcək.

İlk dəfə ötən il mayın 1-də keçirilən Bakı Marafonunda 7 mindən çox idman həvəskarı iştirak edib.

Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.

leyla-arzu

***

Budəfəki marafona Azərbaycanın müxtəlif bölgələrinin sakinləri də fəal qoşulub. Sumqayıt, Quba, Goranboy, Kürdəmir və digər şəhər və rayonlardan iştirakçılar, o cümlədən “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif regionları əhatə edən könüllüləri yarışa qatılıb.

Marafonun ən yaşlı iştirakçısı, bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyev olub. Xatırladaq ki, Tarverdi Əliyev “Bakı Marafonu-2016”da da iştirak edib və həmin il də ən yaşlı marafonçu olmuşdu.

Yarış Dənizkənarı Milli Park, Yusif Səfərov küçəsi, daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su, sanitar qovşaq və ilkin tibbi yardımla təmin edib.

Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıblar. Marşrut boyu ümumilikdə dörd avtobus dayanacağı fəaliyyət göstərib.

Yarışın fan zonası finiş nöqtəsində – Bakı Olimpiya Stadionunda təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar təqdim edilib.

Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın finiş xətti və təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb. Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Sonra Bakı Olimpiya Stadionunda “Bakı Marafonu-2017”nin qaliblərinin mükafatlandırılması mərasimi olub.

“Bakı Marafonu-2017”nin qalibləri iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində ilk yerin sahibi 3 min, ikinci yeri tutan 2 min, üçüncü yerə çıxan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər. Bundan əlavə, marafonda 4-cü pillədən başlayaraq 10-cu pilləyə kimi qərarlaşan iştirakçılara “Bakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif həvəsləndirici mükafatlar təqdim olunub.

Etikxeber.az

Read Previous

Ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Read Next

“3-cü bir ölkə Şimali Koreya-ABŞ məsələsində vasitəçi olmalıdır” – Fransisk

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir