PA, BŞBPİ, YAP, Müsavat, Milli Şura və MSDM 19 oktyabr aksiyası ilə – AÇIQLAMA YAYDI – FOTO – YENİLƏNİB – (6)

Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır.

Etikxeber.az xəbər verir ki, bu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov Milli Şuranın son aksiyası ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun qeyd etdiyinə görə, sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır.

“Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar.

Yaxşı ki, onlar azdır, özü də lap az. Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”-deyə, YAP rəsmisi sonra bildirib.

19 okt

***

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) də Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən Etikxeber.az-a verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

“Müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar ediliblər. 

Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb” – deyə, məlumatda bildirilir.

***

“AXCP sədri Əli Kərimli, onun müavini Seymur Həzi də daxil olmaqla çoxsaylı AXCP üzvləri, Müsavat başqanının müşavirləri, Məclis üzvləri də daxil olmaqla çoxsaylı Müsavat üzvləri həbs edilib”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Azərbaycan hakimiyyətindən vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasını, mitinqin tələblərinin yerinə yetirilməsini, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edirəm…”-deyə, o,  sözlərinə əlavə edib.

***

“Bu gün Azərbaycanda iqtidarın bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı”.

Bu fikir isə  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) şöbə müdiri  Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.

“…Bugünkü aksiyanın digər maraqlı tərəfi ondan ibarət oldu ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqə yüz minlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, radikal qruplar müxtəlif nöqtələrdən 10-15 nəfərlik lokal qrupları səfərbər edərək Mərkəzi Bankın qabağına cəmi 100-150 nəfər çıxara bildi. Qeyri-qanuni aksiya cəhdi sosial şəbəkələrdə “xalq iqtidardan bezib”, “bu xalqın mitinqidir”, “xalq haqqını tələb etmək üçün meydanlarda olacaq” hayqıran Əli Kərimli və tərəfdarlarının, əslində, heç bir ictimai dəstəyə malik olmadıqlarını və dediklərinin yalnız ucuz piar xarakteri daşıdığını əyani şəkildə təsdiqlədi”-deyən Ə. Həsənovun iddia etdiyinə görə, müxalifətin qeyri-qanuni 19 oktyabr aksiyasının qarşısının qətiyyətlə alınması həm də Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə necə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən hüquq mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını və idarə etdiyini, onun iradəsindən kənar, xalqın maraqlarına uyğun olmayan hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyünü nümayiş etdirdi.

“Bu aksiyanın nəticəsi bir daha göstərdi ki, “milli şura” adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici anti-Azərbaycan dairələrin təhriki ilə antimilli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir.

Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir…”-Ə. Həsənov vurğulayıb.

***

Milli Şuranın sədri Cəmil Həsənli öz növbəsində qurum adından bəyanatla çıxış, aksiyada həbs olunanların azad olunmasını tələb edib.

“…Yalnız 28 may meydanı və ətraf küçələrdə deyil, Bakı şəhərində internet kəsilib, mobil provayderlər öz müştərilərinə xidmət göstərməyi dayandırıb. Cənubdan, Şərqdən və Şimaldan Bakıya daxil olan yollar bağlanıb. Hətta Sumqayıt Bakı elektrik qatarının hərəkəti dayandırılıb. Metronun yalnız 28 may stansiyası və ona yaxın stansiyalar da bağlanıb. Bütün bunlara baxmayaraq minlərlə insan aksiyaya qoşulub…”-deyə, qeyd edən Milli Şuranın sədri  aksiya iştirakçılarına qarşı atılan addımları pisləyib.

Bəyanatda sonra “Millət iradəsi ortadadır və hakimiyyət bundan nəticə çıxarmalıdır. Əli Kərimli və digər həbs edilən şəxslər dərhal azad edilməlidir”-deyə, vurğulanıb.

***

MSDM adından İsa Qəmbərin yaydığı bəyanatda da bunlar qeyd olunur:

“19 oktyabr mitinqi ilə bağlı
1) həbs edilən bütün şəxslərin azad edilməsini,
2) Əli Kərimlinin, digər cəbhəçilərin, MŞ, Müsavat, digər partiya və qurumların üzvlərinin və partiyasız vətəndaşlarımızın qanunsuz və qəddar həbsini həyata keçirənlərin məsuliyyətə cəlb edilməsini,
3) mitinqin tələblərinin yerinə yetirilməsini tələb edirəm”.

***

Saxlanılanlardan bəziləri, o cümlədən, AXCP sədri Əli Kərimli sərbəst buraxıılıb.

O da qeyd olunur ki, Ə. Kərimliyə qarşı fiziki güc tətbiq edilib.

***

Aksiyada saxlanılan Tofiq Yaqublu və Rüfət Sərəfovun harada olmaları ilə bağlı hələ də məlumat yoxdur.

Bu haqda onların üzvləri məlumat verib, narahatlıqlarını ifadə ediblər.

Etikxeber.az

Read Previous

Baş nazirin səlahiyyətləri artırılır?

Read Next

“Tofiq Yaqublu, Rüfət Səfərov və digərləri barədə heç bir məlumat verilmir…” – ARİF HACILI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir