Bakı polisindən dilənçiliklə mübarizə ilə bağlı ictimaiyyətə – MÜRACİƏT

Bakı Şəhər Baş Polis İdarəsi dilənçilik fəaliyyəti ilə məşğul olan şəxslərin bəzi cinayət əməlləri ilə əlaqədar ictimaiyyətə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyəcanlı xəbər oldu.

Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq ailəsinə təhvil verildi. İctimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa cəlb olunub. Baş verən əməlin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq hadisədən nəticə çıxarılmalıdır. Belə hadisələr polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda bununla bağlı xeyli istinadlar var.

Diqqətə çatdırılıb ki, əmək qabiliyyəti olan, ancaq işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə ̶ nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakı müşahidə edilir. İyunda Sabunçu və Binəqədi rayonlarında valideynin məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın, avqustun 15-də 7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanmaları ilə təkrarlanan növbəti hadisələrlə əlaqədar polisin həyata keçirdiyi tədbirlər nəticəsində müəyyən olunan azyaşlıların məhz dilənçilər tərəfindən oğurlandıqları aşkarlanıb.

Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, şəhər sakinləri onlara qarşı mübarizənin səmərəliliyinin artırılmasında həssas olmalı, paytaxt küçələrində belə şəxslərin saxta göz yaşları töküb dilənmələrinə inanmamalı, şikəst, xəstə, köməyə möhtac imitasiyalara məhəl qoymamalıdırlar. Onlar ac, köməyə möhtac olduqları üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir.

Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olub oğurluqlar edir, yaxud fala baxaraq insanları çaşdırır, onların hissləri ilə oynayırlar. Daha peşəkarları isə insanlara yaxınlaşaraq “nəsə probleminiz, gözləntiniz var”, deyə müraciət edir, “kömək” təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının gözləntisi olur. Dilənçilər məhz belə durumlarda vəziyyətdən çıxış yolu olduğunu deyərək müxtəlif mistik–dini jarqonlardan istifadə etməklə insanları ələ alır və onları talayırlar.

Eləcə də onlar sənədsiz və qeydiyyatsız doğulan övladlarını dilənçiliklə məşğul olan digər şəxslərə icarəyə verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaq.

“Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökumət təşkilatlarını, mətbuatı polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatdırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq”– deyə, müraciətdə qeyd olunub.

Etikxeber.az

Read Previous

“Dünya çempionatının, sonra da Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam” – CƏBRAYIL HƏSƏNOV

Read Next

“Varlılara münasibətdə neqativdən pozitivə keçilməlidir, çünki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir