Bakı və Azərbaycanın turizm brendləri yaranır – JALƏ ƏLİYEVA QDİƏT PM-DƏN SƏSLƏNDİ – FOTOLAR

Görüşümüzün mövzusu olan turizm – dünya iqtisadiyyatında mühüm yer tutmaqla, bu sektorun inkişafını prioritet bir məsələ kimi əhəmiyyətli etməkdədir. Bu gün turizm böyük gəlir, yeni iş yerləri, müasir infrastruktur, tarixi və mədəni abidələrin qorunması, milyonlarla insanın bir ölkə ilə, onun təcrübələri, nailəyyətləri ilə tanış olması, biliklərin artırılması və özünü inkişaf etdirmək anlamını daşıyır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 51-ci iclasında “Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri” mövzusunda çıxışı zamanı deyib.

a-jala-1

a-jala-2

O, qeyd edib ki,  Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünya iqtisadiyyatı ilə birbaşa əlaqə qurmağa başladı:

“Ölkəmizin iqtisadi və sosial sahədə həyata keçirtdiyi uğurlu və davamlı siyasət sayəsində Azərbaycanda daxili və xarici vətəndaşların sərfəli kapital qoyuluşu prosesində iştirakına lazımi şərait yaradıldı.

Azərbaycan Prezidentinin təsdiq etdiyi yol xəritələrində Azərbaycanda postneft dövrü iqtisadiyyatın inkişafı üçün strateji istiqamətlər müəyyən edilib. Belə ki, həmin strateji aspektlərdən biri sayılan turizm, ölkənin prioritet sahələrindən birinə çevrilmişdir və bu sahənin inkişafı üçün mühüm siyasi və iqtisadi qərarlar verilib. Ötən illər ərzində turizm sektorunda xidmət göstərənlərin maarifləndirilməsi, investisiya mühitinin möhkəmləndirilməsi, infrastrukturun inkişafı, sərhəd keçid prosedurlarının sadələşdirilməsi və digər məsələlərlə bağlı geniş fəaliyyət həyata keçirilib”.

Onun sözlərinə görə, turizmi təbliğ və təşviq etmək məqsədiylə 2016-cı ildə Turizm Təşviq Milli Bürosu yaradılıb və cari ilin əvvəlində isə turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan Dövlət Turizm Agentliyi təşkil edilib:

“Son illərin göstəriciləri bunu deməyə əsas verir ki, bu sahə ölkəmizdə davamlı inkişaf edir, xarici turist axını gündən-günə artmaqdadır və turizm infrastrukturu güclənir. Hazırda turizm, ölkə  iqtisadiyyatının qeyri-neft sektorunda  telekommunikasiya və kənd təsərrüfatı ilə eyni sırada gəlməkdədir.

2018-ci ilin ilk yarısında ölkəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artıb. Yeni otellər, yollar, istirahət zonaları və istirahət mərkəzləri tikilib, hostellər açılıb, kadr potensialı güclənib. Hazırda Bakı şəhərinin kommunikasiya və marketinq planları hazırlanır, Bakı və Azərbaycanın turizm brendləri yaranır, mövcud və yeni turizm məhsulları və xidmətləri inkişaf etdirilir.

Turizm sənayesini qanunlar çərçivəsində qorumaq, inkişaf etdirilmək, yarana biləcək maneə və problemlərin qanuni yollarla həllinə nail olmaq məqsədiylə 1999-cu ildə  Milli Məclisdə “Turizm haqqında” qanun qanun qəbul edilib. Bu qanun son illərdə günümüzün tələblərinə və reallıqlarına uyğun olaraq çox mükəmməl şəkildə yenidən hazırlanıb və Azərbaycan parlamenti tərəfindən 2017-ci ildə qəbul edilib. Həmin yeni qanun, turizm sektoruyla bağlı bütün məsələləri əhatə etməklə yanaşı, bu sahənin balanslı şəkildə inkişaf etdirilməsinə və mövcud olan boşluqların aradan qaldırılmasına imkan yaradacaq.

Eyni zamanda, turizmin inkişafı baxımından beynəlxalq əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq da vacibdir. Beynəlxalq turizm bazarına daxil olmaq, turizm sahəsində uğur qazanan ölkələrlə əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq tendensiyaları nəzərdən keçirmək və təcrübə mübadiləsi aparmaq turizmin inkişafı üçün vacib amillərdir.

Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritetlərini artıq müəyyənləşdirib  və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Bu çərçivədə, turizm sahəsində uğurlu olan 30-dan çox ölkə, o cümlədən, QDİƏT-ə  üzv ölkələrdən 8-i ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair hökümətlərarası sazişlər imzalanıb. Azərbaycan QİƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.

 Azərbaycan, qardaş Türkiyənin, Gürcüstanın, Rusiyanın, Bolqarıstanın, Ukraynanın, Yunanıstanın və QDİƏT üzvü digər ölkələrin turizm sahəsində üstün təcrübələrini və müvəffəqiyyətlərini nümunə götürərək, bu təcrübələri öz ölkəsinin tarixi, coğrafi, milli, mənəvi xüsusiyyətləri doğrultusunda tətbiq edir.

Dilə gətirdiyimiz fikirlərin sübutu olaraq,  bundan iki gün əvvəl Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu haqqında qısaca məlumat verərək çıxışımı bitirmək istərdim. Rusiya Prezidentinin də qatıldığı Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev turizm mövzusuna diqqət yetirərək, bu yöndə müxtəlif ölkələrlə həyata keçirdiyimiz işbirliyini Rusiyanın timsalında belə izah elədi:

“Turizm sahəsində Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinin əhəmiyyətli dərəcədə artdığını görürük. Son 9 ay ərzində Azərbaycana təxminən 700 min rus gəlmişdir. Əminəm ki, bu rəqəm artacaq”.

Bundan başqa Forumda azərbaycanlı iş adamları tərəfindən Yessentuki şəhərində  sanatoriya-kurort şəhərciyinin, Jeleznovodskda mehmanxanalar kompleksinin tikildiyi vurğulandı, Xəzər dənizində ortaq dəniz səfərlərinin  inkişafı ilə bağlı perspektiv planlara da toxunuldu.

Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, bir ölkədə turizmin inkişafı – həmin ölkənin mədəniyyətinin, tarixinin, coğrafiyasının, mənəviyyatının tanıdılması, büdcəsinin, iqtisadiyyatının möhkəmləndirilməsi, xalqların və millətlərin bir-birlərinə daha tez inteqrasiyası, qısacası bir ölkənin öz varılığını və mövcudluğunu dünyaya daha təsirli bir şəkildə isbat etməsi deməkdir.

Atalar boş yerə deməmişlər ki,  “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər””.

Etikxeber.az

 

 

Read Previous

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilir – BU GÜN

Read Next

Birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik – QƏNİRƏ PAŞAYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir