Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclası keçiriləcək

Noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, bu sözləri noyabrın 4-də təşkil olunan brifinqdə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Cari ilin mayında IV İslam Həmrəylik Oyunlarının başlanmasına bir il qalması münasibətilə Bakıda möhtəşəm tədbirin təşkil olunduğunu diqqətə çatdıran Səmayə Məmmədova deyib: “Yarışın başlanmasına altı ay qalıb. Bu baxımdan Əlaqələndirmə Komissiyasının növbəti iclası mühüm əhəmiyyət daşıyır. İclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının ikinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, beynəlxalq qurumun baş katibi Faisal Abdulaziz Al-Nassar, həmçinin qurumun vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmi şəxslər iştirak edəcəklər”.

İclasın iki gün davam edəcəyini diqqətə çatdıran S. Məmmədova bildirib ki, noyabrın 8-də infrastruktur, nəqliyyat və könüllülərlə bağlı müzakirələr aparılacaq. Artıq yarışa könüllülərin cəlb olunması prosesinə başlanılıb. Həmçinin üçüncü iclasdan sonra həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılacaq və görülən işlərin hesabatı təqdim olunacaq. Həmin gün iclas ilə bağlı mətbuat konfransı da təşkil ediləcək. İclasın ikinci günündə isə kommersiya, büdcə, yayım məsələləri, yarışa qatılacaq ölkə və idmançıların sayı məsələlərinin müzakirəsi aparılacaq.

Yarışa hazırlığın plana uyğun getdiyini bildirən nazirliyin mətbuat xidmətinin rəhbəri IV İslam Həmrəylik Oyunlarının idman proqramına dəyişikliyin olunmayacağını vurğulayıb.

Etikxeber.az

Read Previous

Daha iki millət vəkili həbs olundu

Read Next

Ombudsmanla Özoral nədən görüşdü?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir