Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək-GƏLƏN AY – FOTO

Birinci onu deməliyəm ki, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində necə deyərlər, səfərbər edib:

“Bu işə biz birlikdə nail olmuşuq və gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək, ənənəvi olaraq bizim təşəbbüsümüzlə Bakıda keçirilir. Hər dəfə bu görüşlərdə mən özüm şəxsən iştirak edirəm və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılır, artıq orada iştirak edən ölkələrin sayı genişlənir. Üstəgəl, orada bütün aparıcı banklar iştirak edir – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı – yəni, bütün aparıcı maliyyə qurumları, həmçinin şirkətlər iştirak edir. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı – həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması.

Qış təzə başlayır və gözlənilir ki, qış çox sərt olacaq. Ona görə qazın çatışmamazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəydik. Əgər bu perspektiv olmasaydı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu yataqların işlənməsinə qoymazdı. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq. Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir.

Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına. Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq”.

Etikxeber.az

Read Previous

Qubanın İkinci Vətən Müharibəsi Şəhidləri: AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, SUBAY, 4 MEDALLI HƏMZƏ ƏLİYEV, EVİN 3 ÖVLADINDAN BİRİ, 4 MEDALLI, BİR QIZ ATASI, XTQ-ÇI, ŞUŞA FATEHİ RUSLAN BAYRAMOV – HƏMZƏ ƏLİYEVİN AİLƏSİ EVLƏ, MƏNZİLLƏ TƏMİN OLUNACAQMI, RUSLAN BAYRAMOVUN ORDEN HAQQI TANINACAQMI? – FOTOLAR

Read Next

ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək-VYANADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir