Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mahir Mirzəbaba oğlu Həmidov…
Lənkəranlı, 14 oktyabr 1976-cı il doğumlu…
Sadə, zəhmətkeş bir ailənin övladı…
Həmidovlar ailəsinin on övladından biri…
Vətən sevdalısı, cəmi 17 yaşlı, 1993-cü il, Birinci Qarabağ Savaşı Şəhidi…
***
Bir neçə gün öncə Bakıdan olan Şəhid ailələri-Şəhid anası Mətanət xanım, Şəhid atası Qiyas Zeynalov, Şəhid qardaşı Əsəd Şükürov və hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynovla birlikdə Şəhidimizin Lənkəran şəhərində yaşayan ailəsini, anası Bəyim Ananı, Bəyim Həmidovanı ziyarət etdik…
Şəhidimizin ailəsinə, 10 övladından dördününü itirmiş Dərdli, Yaralı, həm də Dik duruşlu Bəyim Anaya Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Şəhidimizin ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…
Təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı Bəyim Ana ilə söhbətləşdik, dərdləşdik…
Ziyarətimizdən məmnunluğunu, sevinci gizlətməyən, kövrələn Bəyim Ana hər kəsə, xüsusilə, onun ziyarətinə, Şəhidinin ocağına gələn Şəhid ailələrinə öz minnətdarlığını söylədi…
“Bu gün mənə böyük sevinc yaşatdınız…Hər birinizə, Şəhidinə dəyər verən hər bir kəsə öz minnətdarlığımı bildirirəm…Bu günü heç zaman unutmayacağam…”-deyə, 71 yaşlı Bəyim Ana əlavə etdi…
Biz də öz növbəmizdə minnətdarlığa, təşəkkürə ehtiyac olmadığını, bunun bir insanlıq, vicdan, Şəhidimizə vəfa borcumuz olduğunu söylədik…
Sonra isə sağollaşıb, Şəhidimizin ocağından ayrıldıq…
Onu da qeyd edək ki, Şəhidimiz Lənkəran şəhər Şəhidlər Xiyabanında uyuyur.
O, həm də subay olub, atası da illər öncə dünyasını dəyişib.
Məqamı Uca, dərgahı mübarək olsun, Şəhidimizin!
Nurlar içində uyusun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az