Bakıını azad edilməsinin 100 illiyinə həsr olunmuş parad – ƏLİYEVLƏ ƏRDOĞAN ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.

“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirilib.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.

***

baki-parad

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

***

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlanıb.

Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib.

Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirilib.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçdilər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

baku-parad-1

baku-parad-2

baku-parad

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

***

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib.

***

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu olub.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açıb. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparıb.

“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaradıblar.

“MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirib.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başlayıb.

Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdiriblər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkiblər.

Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edirib.

***

Türkiyə Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək.

Bunu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanın sevinci – Türkiyənin sevinci, Azərbaycanın acısı – Türkiyənin acısıdır” – deyə, Ərdoğan bildirib və qeyd edib ki, Ankara dost ölkənin problemlərinin aradan qaldırılması üçün əlindən gələni edir.

Türkiyəli lider Ermənistanın Azərbaycana qarşı davam edən işğal siyasətinə də toxunub.

“Qardaşımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir”,- deyə, türkiyəli lider bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanla münasibətlərin normallaşması üçün mütləq şərtdir”-deyə, Ərdoğan sonra  vurğulayıb:

“Xocalıdakı qətliama, Dağlıq Qarabağda dinc əhalinin qətlinə görə cəzalanmayanlar, qatilləri qəhrəman adlandıranların Türkiyəyə tarix öyrətmək haqqı yoxdur”.

FOTOLAR Məleykəxanım HƏMİDOVAYA MƏXSUSDUR.

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdi

Read Next

Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar etdilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir