Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Raziyə Kamilqızı Bərdə rayonunda İkinci Vətən Müharibəsi Şəhidi, evin yeganə övladı Elməddin Hüseynzadənin ev-muzeyini ziyarət edib.
Etikxeber.az xəbər verir ki, mənəvi dəyəri yüksək olan bu səfərdə Raziyə Kamilqızını Bakı şəhərindən şəhid Ramil Rəhimovun və şəhid İlqar Əhmədovun ailə üzvləri müşayiət ediblər.
Şəhid anası Arzu Hüseynova ilə keçirilən səmimi və duyğulu görüş hər kəsin yaddaşında dərin iz buraxıb.
Görüş zamanı şəhidin keçdiyi şərəfli ömür yolu,Vətən uğrunda göstərdiyi qəhrəmanlıq, onun uşaqlıq və gənclik illəri barədə xatirələr bölüşülüb.
“Ev-muzeyində bizi Elməddin Hüseynzadənin adını daşıyan Təhsil Mərkəzinin rəhbəri də qarşıladı. Onun iştirakı ilə səmimi söhbət aparıldı, şəhidimizin həyat yolu, Vətənə sədaqəti və gənclərə örnək olan qəhrəmanlığı haqqında geniş fikir mübadiləsi edildi. Görüş zamanı xatirə hədiyyələri də təqdim olundu”-deyə, Raziyə Kamilqızı bildirib.
Raziyə Kamilqızı tərəfindən şəhid Ramil Rəhimovun əziz xatirəsinə həsr edilərək qələmə alınmış “Vətənə yazılan ömür” adlı kitab Təhsil Mərkəzinin rəhbərinə hədiyyə edilib.
Həmçinin, şəhid İlqar Əhmədovun xatirəsinə həsr olunmuş kitab isə onun anası Leyla xanım tərəfindən Təhsil Mərkəzinə təqdim olunub.
“Bu mənalı hədiyyələr qəhrəman şəhidlərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük dəyər daşıyır”-deyə, Raziyə Kamilqızı əlavə edib.
Bununla yanaşı, Raziyə Kamilqızı qəhrəman şəhidlərin xatirəsinə həsr etdiyi “Zəfərə gedən yol” adlı kitabını da şəhid anası Arzu xanıma hədiyyə edib.
Kitabın təqdimatı zamanı müəllif bildirib ki, bu əsərlər Vətən uğrunda canından keçən igid oğullarımızın ölməz xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Səfər çərçivəsində Bərdə rayonundakı Şəhidlər Xiyabanı da ziyarət olunub.
Şəhidlərin məzarları önünə gül dəstələri düzülərək, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
“Bu cür görüşlər və ziyarətlər şəhid ailələrinə mənəvi dayaq olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılmasına xidmət edir. Şəhidlərimizin keçdiyi şərəfli ömür yolu Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq”-deyə, Raziyə Kamilqızı sonda qeyd edib.

Etikxeber.az





