Balakənin İkinci Vətən Müharibəsi Şəhidləri və Qaziləri-SARKAYEV, HÜSEYNOV…, URKAYEV(LƏR), MİRZƏYEV, HUDULOV, BOZBAXOV…HƏR BİRİ BİR DASTAN…-FOTOLAR

Bu gün səhər tezdən İkinci Vətən Müharibəsi Qaziləri və Şəhid ailələri ilə görüşlərə Balakənin Şəhidləri Xiyabanını ziyarətdən başladıq…

Yusif müəllimlə (Mirzəyevlə) ilk öncə Balakənin Şəhidlər Xyabanını, Balakənli Şəhidlərimizi ziyarət etdik…

Şəhidlər Xiyabanında həm Birinci Qarabağ Savaşının, həm də İkinci Qarabağ Savaşının Şəhidləri (böyük əksəriyyəti) dəfn olunublar…

Qeyd edim ki, Birinci Qarabağ Savaşı zamanı 162 İgid Balakənli Şəhid olub, 44 günlük İkinci Vətən Müharibəsində isə 30 Balakənli Şəhidlik məqamına Ucalıb…

Sonuncu-30-cu Şəhid dünən, yanvarın 15-də Hənifə kəndində torpağa tapışırılıb…

Şəhidimiz Orxan Ələkbər oğlu Hüseynovdan bir xeyli müddət xəbər çıxmayıb, onun Şəhidliyi yalnız bugünlərdə təsdiqlənib və dünən doğulub boya-başa çatdığı Hənifə kəndində dəfn olub…

Məqamı Ucalardan Uca olsun!

Şəhidlər Xiyabanını ziyarətdən sonra Yusif müəllim və dostum Mehman Papaxovla Şambul kəndinə, Qazilər-Qəhrəman Urkayevlərə baş çəkdik…

Xatırladım ki, ata-oğul Urkayevlərdən də bir müddət öncə bəhs etmişdim, həm sosial şəbəkə hesabımda, həm Etixeber.az-da…

Nazim və Pərviz Urkayevlər…Biri Birinci, biri İkinci Vətən Müharibəsinin İgidi, Qazisi…

Pərviz Urkayev İkinci Vətən Müharibəsi zamanı, oktyabrın 4-də Suqovuşan istiqamətində ağır yaralanıb, ağır əməliyyatdan keçib, sol ayağı-topuq hissədən yuxarı kəsilib, bədənində, əllərində hələ də qəlpələr var…

Atası Nazim Urkayev isə 1994-cü ilin yanvarında yenə Ağdərə istiqamətində-“Vışka” deyilən yerdə ağır döyüşlər zamanı gözündən yaralanıb…

Belə ki, snayper gülləsi alnından dəyib və sağ gözü sıradan çıxıb…

Qarabağ əlili, Birinci Qarabağ Savaşı Qazisidir…

Ot kökü üstə bitər deyiblər…

Bəli, Qəhrəman atanın yolunu oğlu da Kişi davam etdirib və o da Qazi olub…

Bu gün səhhətlərində hələ də problemlər, hələ də çətinliklər yaşanmasına baxmayaraq, həm ata Urkayev, həm də oğlul Urkayev çox nikbindirlər, qürurludurlar, məğrurdurlar…

Üzlərində, çöhrələrində zərrə qədər də olsa, inçiklik, bədbinlik, küskünlük yoxdur…

Əsl Qazi, Əsl Qəhrəman duruşu var hər ikisində…

Pərviz döyüşlərdə göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” medalı ilə də təltif olunub…

Bir qədər söhbətləşdikdən sonra Qəhrəman Urkayevlərlə sağollaşıb, daha bir Qazimiz-bu dəfə Meşəşambullu Hudulov Hudulgilə yola düşdük…

Hudulov Hudul da Ağdərə, Talış, Suqovuşanda, “Ağuçuq” deyilən yerdə döyüşüb, vuruşub…

Oktyabrın 16-da isə “Ağuçuq”da dabanından ağır yaralanıb…

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra yaralı vəziyyətdə yenidən döyüş bölgəsinə, yenidən Talış-Suqovuşan istiqamətinə yola düşüb…

Onu da deyim ki, Hudul barədə ilk dəfə İkinci Vətən Müharibəsi iştirakçısı-dayım oğlu Asifdən eşitmişdim…

Demişdi ki, Hudul onun yaddaşında çox ürəkli, çox mərd, çox cəsur bir döyüşçü kimi qalıb …

1999-cu ilin martın 30-da Meşəşambulda sadə, zəhmətkeş Ömər kişinin ailəsində dünyaya göz açan İgidimizin səhhətində, dabanında problemlər hələ də qalmaqda, yaşanmaqdadır…

Amma buna baxmayaraq, Hudul yenə çox məğrur və ötkəmdir…

Müharibə, gördükləri və yaşadıqları onu daha da mətinləşdirib, daha da sınmaz, daha da məğrur edib…

Halal olsun!

Hudulla, ailəsi ilə bir qədər söhbətləşdikdən sonra Balakənli Şəhidilərimizdən olan gizir Sarkayev Nəcməddin Əli oğlunun anasını ziyarət etdik…

Şəhidimizin anasına bir daha başsağlığı verdik, Şəhidimizin Qəhrəmanlığı və İgidliyindən qürur duyduğumuzu, onun ruhu qarşısında ehtiramla baş əydiyimizi bildirdik…

Şəhidimizin özü kimi Məğrur və Cəsur anası Tinay xanım (ibtidai sinif müəllimi işləyir) bildirdi ki, oğlu sentyabrın 21-də könüllü şəklidə səfərbərliyə müraciıət edib və elə həmin gün Vətənin müdafiəsinə, vaxtilə əsgərlik çəkdiyi Tərtər-Ağdərə istiqamətinə yollanıb…

Müharibənin 3-cü gündə, sentyabrın 29-da isə “Tülkü dərəsi” deyilən yerdə ağır döyüşlər zamanı Şəhid olub…

Müharibədə cəmi üç gün iştirak etsə də, sözün əsl mənasında Qəhrəmanlıq, İgidlik Dastanı yazıb, ermənilərə qan uddurub…

Amma onun üzun müddət nəşini-cəsədini döyüş bölgəsindən, Şəhid olduğu yerdən götürmək mümkün olmayıb…

Yalnız düz 37 gündən sonra, noyabrın 6-da nəşi doğulub boya-başa çatdığı Şərif kəndinə gətirilib və orada torpağa tapşırılıb…

Nəcməddingil həm də ailədə 3 uşaq-2 qardaş, 1 bacı olublar…

O, 1999-cu ilin oktabr ayının 9-da anadan olub, düz 21 il sonra-elə oktyabr ayında da Şəhid olub-canından çox istədiyi Vətən torpaqları uğrunda…

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Daha sonra yenə haqqında sosial şəbəkə hesabımda və Etikxeber.az-da bəhs etdiyim daha bir Qazimiz, İgidimiz, ayağından, başından ağır yaralanan Ömər Bozbaxovgilə getdik…

23 yaşlı Ömər Balakənin Xalatala kəndindədir…

Çox təəssüflər olsun ki, özü evdə yox idi, müalicəsi ilə bağlı yenidən Bakıya getmişdi…

Atası Rəcəb kişi ilə bir az söhbətləşdik, Qazimizə salam-dualarımı çatdırmağını xahiş etdim…

Hələ də şəhhətində ciddi problemlər var…

Ömər həm də tələbədir, daha doğrusu, ali təhsilini yarımçıq qoyub Vətəninin müdafiəsinə yollanıb…

Allah həm tam sağlamlığına qovuşmasında, həm də təhsilini davam etdirməsində köməyi olsun-23 yaşlı İgidimizin!

Balakəndə bu gün sonuncu görüşümüz əmisi Birinci Qarabağ Savaşında ağır yaralanmış və sonra dünyasını dəyişmiş Sahib Rəfail oğlu Mirzəyev və ailə üzvləri oldu…

Qohumları da İgidimizə, Sahibə baş çəkməyə gəlmişdilər…

Balakənin, Tülü kəndini İkinci Vətən Müharibəsi Qəhrəmanı, İgidi olan 24 yaşlı, texnikum (kollec) təhsilli Sahib həm də Aprel döyüşlərinin iştirakçısı olub…

2015-ci ilin yayında birinci kursu bitirdikdən sonra Tərtər bölgəsinə hərbi xidmətə göndərilib…

Həmin vaxt, yəni, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, 2017-ci ilin yanvarında isə hərbi xidmətini başa vuraraq, evinə dönüb, təhsilini davam etdirib.

İkinci Qarabağ Müharibəsi başlanan ilk günlərdən-sentyabrın 29-dan ta ki, bu ilin yanvarın 12-cən Vətənin keşiyini çəkib…

Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Razdərəyə, Kolluqışlağacan döyüş yolu keçib Qəhrəmanımız…

Çox ağır döyüşlərdən keçib, döyüşüb, vuruşub, düz iki ay, təxris olunan günə kimi də, Zəngilanda- Ermənistanla sərhəddə olub…

Yanvarın 12-də təxris olunub və elə həmin gün Tülüyə, evinə, ailəsinə dönüb…

Sahib danışdıqca, döyüş yolunu nəql etdikcə, onunla-belə bir İgidimizlə fəxr etdim…

Çünki Fəxr ediləcək, qürur duyulacaq Oğuldur…

Gülərüz, şirin ləhcəli, məğrur görkəmli bir İgidimizdir…

Allah qorusun!

16 yanvar, 2020-ci il, Şambul-Meşəşambul-Şərif-Xalatala-Tülü (Balakən)

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi-AÇIQLANDI

Read Next

Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı-MUSA QULİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir