“Balam hər gün gözümün önündə əriyir, məhv olur…Niyə onun əlillik Haqqı tanınmır, niyə əlilliyi verilmir?…Gərək özünə qəsd, intihar etsin?…”- AĞDAMLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, KEÇMİŞ MAXE ELCAN MEHDİYEVİN ANASI NƏRGİZ MƏMMƏDOVA VƏ BİR QRUP ŞƏHİD AİLƏSİ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Ağdam rayonundan olan və Bənövşələr qəsəbəsində yaşayan məcburi köçkün Nərgiz Məmmədova (həm də bir qrup Şəhid ailəsi) Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisin üzvləri Bəxtiyar Əliyev və Bəxtiyar Sadıqova müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident!

Hörmətli Mehariban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-1974-cü il təvəllüdlü Nərgiz Yusif qızı Məmmədova Ağdam rayonundanam və məcburi köçkün kimi ailəmlə birlikdə Bənövşələr qəsəbəsində yaşayıram. Üç övlad-iki oğlan və bir qız anasıyam. Övladlarımı da demək olar ki, özüm, təkbaşına, minbir çətinliklərlə böyütmüşəm. Həyatım əzab-əziyyətlərlə keçib. Tək qızımın hərbçi, Aprel döyüşlərinin iştirakçısı olan həyat yoldaşı 2020-ci ildə dünyasını dəyişib və qızım hazırda bir övladı ilə mənim himayəmdə yaşayır.

İkinci övladım-10 noyabr 1999-cu il təvəllüdlü Elcan Qədir oğlu Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib. İkinci Vətən Müharibəsinin ilk günündən son gününəcən döyüşlərdə iştirak edib. Bir Vətən övladı, bir Qarabağlı balası kimi Vətəninin keşiyində dayanıb, Qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri olub. Müharibə zamanı, oktyabr ayında Suqovuşan istiqamətində sağ ayağından qəlpə yarası və çox ağır kəllə beyin-travması alıb. Qısa müddətdə hərbi hospitalda müalicə-müayinə aldıqdan sonra özünün təkidi ilə döyüş yoluna davam edib. Müharibədən sonra da MAXE kimi fəaliyyətini davam etdirib və bu müddətdə də dəfələrlə müalicə və müayinələrdən, həkim nəzarətindən keçib.

Hər gün demək olar ki, dava-dərmanlarla yaşayır. Dəfələrlə koma vəziyyətinə düşüb, ölüm həddinə çatıb, özünə qəsd etməyə cəhd edib. Gündən-günə də səhhəti pisləşməkdə, ağırlaşmaqdadır. Vəziyyəti göz önündə olduğu halda əlilliklə bağlı iki dəfə imtina cavabı gəlib. Bu isə onun səhhətinə, durumuna daha da pis təsir göstərib. Övladım gözlərim önündə məhv olur, əriyə-əriyə gedir. Gücüm də, əlacım da heç nəyə çatmır.

Müzəffər Ali Baş Komandanımız!

Dəyərlimiz, əzizimiz Mehriban xanım!

Bir Ana kimi Sizlərə müraciət etməklə, övladıma sahiblənməyinizi, ona köməklik göstərməyinizi rica edirəm. Anayam, balamın vəziyyətinə, durumuna, halına dözə bilmirəm. Ürəyim parçalanır. Nə onda, nə də məndə taqət, səbr, dözüm qalıb. Çox çarəsiz durumdadır balam, çox çarəsiz vəziyyətdəyəm bir ana kimi. Gərək balam intihar, özünə qəsd etsin ki, onun nə halda olduğu, nə hala gəldiyi bilinsin? Aidiyyatı qurumlar, səlahiyyətli şəxslər niyə öz vəzifələrini düzgün icra etmirlər, niyə balamın əlillik dərəcəsini, o cümlədən medal Haqqını vermirlər? Niyə balamın Haqqını yeyirlər? Əlillik də, medal(lar) da balamın Haqqıdır. Medalları da bir tərəfə qoyuram, əsas balamın səhhəti, sağlamlığıdır. Balam isə gündən-günə əriyir, məhv olur.

Ona görə Sizlərdən çox-çox xahiş və rica edirəm ki, balamın vəziyyətini nəzarətinizə götürəsiniz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxslərinə göstəriş və tapşırıqlar verəsiniz, əlillik dərəcəsini almasına köməklik göstərəsiniz. Eyni zamanda, balamın medal(lar) Haqqının tanınmasına yardımçı olasınız. Yenə də acizanə şəkildə deyirəm, yalvarıram-balam da, mən də çarəsizik. Sizlərdən savayı köməyimiz, çarəmiz yoxdur.

İnanıram ki, müraciətim nəzərə alınacaq, balamın əlillik dərəcəsi veriləcək, güclü şəkildə müalicə və müayinə olunacaq.

Oncədən də Sizlərə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizləri qorusun!”

Etikxeber.az

Read Previous

Tək və subay övlad, 9 yaşından Gəncədə yaşayan bibisinin himayəsində böyümüş-SAMUXLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ PƏRVİZ RÜSTƏMOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Read Next

“Bu, münasibətlərimizin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur…”-İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir