Şəhidim-Nurlanım eyni ayda-noyabrda dünyaya gəldi, eyni ayda-noyabrda da Şəhid oldu.
Etikxeber.az xəbər verir ki, bunu Ağcabədili-Qaraxanlılı İkinci Vətən Müharibəsi Şəhidi Nurlan Şükür oğlu Quliyevin anası Zülfiyyə Quliyeva deyib.
“Bunu bəlkə də ilk dəfə olaraq, açıqlayıram. Nurlanımın doğum tarixi şəxsiyyət vəsiqəsində 4 dekabr kimi yazılıb. Amma əslində elə deyil. Nurlan 1995-ci ilin 11 noyabr tarixində dünyaya gəlib. Sadəcə, o vaxt adqoyma məsələsi var idi. Hərəmiz bir ad təklif edirdik, amma ümumi məxrəcə gələ bilmirdik. Bir gün rəhmətlik yoldaşım qonşu Boyat kəndinə (mənim özüm də Boyat qızıyam) gedir və orada bir nəfər oğlan uşağı rastına çıxır, soruşur ki, adın nədir bala…Uşaq da cavab verir ki, Nurlan…Yoldaşım deyir ki, hə, yaxşı adın var və qayıdıb evə gələn kimi dedi ki, uşağın adını Nurlan qoyuram…
Ad məsələsi uzun çəkdiyi üçün ona görə şəxsiyyət vəsiqəsində, kimliyində doğum tarixi 4 dekabr tarixi kimi qeyd olunub…Mən hər il, Şəhidliyindən sonra da həmişə 11 noyabrı Nurlanımın ad günü kimi qeyd etmişəm…Amma özü hər zaman gülə-gülə deyərdi ki, mən qanunpərəstəm, doğum günüm sənəddə necə qeyd olunubsa, elə də olmalıdır, ad günümü 4 dekabrda qeyd edəcəyəm…Və Şəhidliyindən sonra 4 dekabrda da onun mövludunu keçiririk…Balam noyarda dünyaya gəldi, noyabrda da Şəhid oldu…Atası-rəhmətlik yoldaşım da noyabrda dünyasını dəyişib…Nə deyim…”-deyə, Zülfiyyə Quliyeva sözlərinə əlavə edib.
Kamil HƏMZƏOGLU (HƏMİDOV)
Etikxeber.az