Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətən yolunda canını fəda etmiş Şəhidlərimizdən biri də Ağcabədili, əslən Qarabağlı Rövşən Allahverdiyevdir…
Vətənini ailəsindən üstün tutan, Vətən yolunda Şəhid olan İgidimiz, Qəhrəmanımız Rövşən Fərrux oğlu…
Vətən sevdalısı, Vətən fədaisi Rövşən Fərrux oğlu Allahverdiyev…
Vətəni Vətən edən, Vətəni qanı, canı ilə bütünləşdirən Nur üzlü Şəhidimiz…
***
Rövşən Allahverdiyev 1991-ci ilin noyabr ayının 10-da Ağcabədi rayonunun Qaraxanlı kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…
Ailənin dörd övladından, üç qardaşdan biri və evin sonbeşiyi olub…
1999–2008-cu illərdə Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2009-cu ildə Əsgərliyə, Vətənin keşiyinə yollanıb…
2009-2011-ci illərdə Azərbaycan Ordusunda xidmət edən Rövşən Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…
Müxtəlif sahələrdə çalışıb, ailəsinə maddi dəstək olub…
2017-ci ildən isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı isə Füzuli istiqamətində döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Və elə müharibənin, döyüşlərin ilk günündə də qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…
Nəşi səhəri gün, sentyabrın 28-də Qaraxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra üç medalla təltif olunub…
Ailəsi, valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…
Rövşən həm də ailəli olub, 2018-ci ilin noyabrında ailə həyatı qurub, amma övladı dünyaya gəlməyib…
O, həm də Qaraxanlının üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
***
7 aprel 2024-cü il tarixində Şəhidimizin ailəsini, ocağını ziyarət etdim…
Ziyarətdə mənimlə birgə Qaraxanlı İkinci Vətən Müharibəsi Şəhidi Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva da iştirak edirdi…
Şəhidimizin ailəsinə-valideynləri Gülöyşə Anaya və Fərrux kişiyə Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında baş əydiyimi, baş əydiyimizi, bir ömür boyu Şəhidlərimizə-Rövşənlərə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…
Təxminən 40 dəqiqə çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim, az da olsa, onları ovundurmağa, onlara təsəlli verməyə çalışdım…
“Balam ölümə, Şəhidliyə gülə-gülə getdi…Onların döyüşə yoladüşmə videosu var…Orada necə gülə-gülə, oxuya-oxuya gedirlər…Balam ölümdən qorxmadı, Şəhidliyi seçdi, Vətən yolunda da Şəhid oldu…”
Bunları isə Şəhidimizin anası Güloyşə Ana dedi…
Allah Gülöyşə Ananın, Allahverdiyevlər ailəsinin bir daha səbr və dözümünü versin!
Allah bir daha Şəhidimizin məqamını Uca, dərgahını mübarək etsin!
Nur içində yatsın!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az