“Banklara olan kredit borcları bir müddətə təxirə salınsın, ödənişlər dayandırılsın…” – MİLLƏT VƏKİLLƏRİ DAHA HANSI TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİLƏR?

Addım-addım karantin şərtlərinin sərtləşdirilməsi də ən optimal yanaşmadır. Burada əsas çətinliklər nələrdir? Bələdiyyələrin və vətəndaş cəmiyyəti institutlarının canlı orqanizm kimi daha geniş səlahiyyət və imkanlara sahib olmamasının gətirdiyi dezavantaj. Bu səbəbdən də hədsiz mərkəzləşdirilmiş sosial xidmət mexanizminin bütün ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığında mümkün axsamalar ortaya çıxır. Dövlət əmlakının, torpaq sahələrinin icarəsindən, kirayəsindən ödəniləcək haqların bu dövrdə 50% aşağı salmalıdır. Özəl sektorda kirayə, icarə qiymətlərinin yarı-yarıya azadılması tövsiyə edilməlidir.

Etikxeber.az xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

Onun sözlərinə görə, banklara olan kredit borclarının bir müddətə təxirə salınması, kommunal xidmətlərə görə bütün ödənişlərin 50% güzəştlə edilməsi kimi məsələləri oprativ həll etmək lazımdır ki, vətəndaşların psixoloji sarsıntısını azaltmaq mümkün olsun.

“Bunları çox sadalamaq olar, ancaq düşünürəm ki, bizim burada qeyd etdiyimiz təklifləri bizdən də yaxşı araşdıran, mümkün olanı etməyə çalışan hökumət var. Onları mümkün olmayanları etməyə məcbur buraxmaq məsuliyyətli davranış olmazdı…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində Azərbaycan dövləti və dövlət başçısı tərəfindən koronavirus təhlükəsinin önlənməsi yönündə bir sıra qabaqlayıcı addımların atıldığını, ölkə vətəndaşlarının bu prosesdən ziyan çəkməməsi üçün müvafiq qərarların qəbul olunduğunu dilə gətirib və qeyd edib ki, bu istiqamətdə addımlar bundan sonra da atılmalıdır və atılacaq.

“Azərbaycan dövləti, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının yanında olub, onun bütün qayğılarını öz üzərinə götürüb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya büdcədən 20 milyon manat vəsaitin ayrılması, həmçinin, ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik məvaciblərini həmin Fonda ianə etməsi, iqtisadiyyatda dalğalanmaların önlənməsi üçün 1 milyard manat vəsaitin nəzərdə tutulması, dünən açılışı həyata keçirilən “Yeni klinika”nın koronavirusa yoluxan insanların müalicəsinin daha yaxşı təşkil edilməsi üçün onların ixtiyarına verilməsi dövlətin, dövlət rəhbərliyinin bu məsələdə qətiyyətini, iradəsini bir daha gözlər önünə sərir. Ancaq bununla belə hesab edirəm ki, müəyyən addımların da atılması lazımdır ki, insanlarımız bu prosesi daha rahat və daha sakit keçə, adlaya bilsinlər. Məsələn, kommunal və bank ödənişlərində müəyyən güzəştlər edilə bilər. Bu ödənişlərin ertələnməsi mümkün və vacib məqamlardandır . Eyni zamanda, günəmuzd işləyən və hazırda işsiz qalmağa məcbur olan insanları ehtiyaclarının ödənilməsi ilə bağlı addımların atılması yaxşı olardı. Bu məsələlərdə dövlətlə yanaşı, yerli özünüidarəetmə orqanları-bələdiyyələr də öz töhfələrini verməlidirlər. Onlar bu çətin və məsuliyyətli günlərdə dövlətlə çiyin-çiyinə addımlamalıdırlar. Hesab edirəm və inanıram ki, bu məsələlər yaxın günlərdə öz həllini tapacaq”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

Şəhid atası dünyasını dəyişdi…

Read Next

Testdən keçən deputatlar bir-birindən ən azı iki metr aralıda əyləşəcək-65 YAŞDAN YUXARI OLANLAR İSƏ İCLASA QATILMAYACAQLAR – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir