Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsində Şəhid olmuş İsmayılov Orxan Qədim oğlunun məzarının (baş daşının) hələ də tam hazır olmaması sosial şəbəklərdə ciddi müzakirələrə, etirazlara səbəb olub.
Etikxeber.az xəbər verir ki, Şəhid Orxan İsmayılov 2020-ci ilin oktyabr 5-də Qusar rayonunun Həsənqala kəndində dəfn edilib və o vaxtdan onun məzarının üstü hələ də götürülməyib, baş daşı hələ də hazır deyil.
Sosial şəbəkə istifadəçiləri isə buna görə, Qusar rayon İcra Hakimiyyətini (RİH), İcra başçısını ciddi tənqid atəşinə tutublar.

Qusarı parlamentdə təmsil edən millət vəkili Azər Badamov da bir az öncə öz növbəsində sosial şəbəkə hesabında bunları yazıb:
“Cəmiyyətimizdə bəzi insanlar var ki, sosial şəbəkələrdə ictimailəşdirməyə mövzu axtarırlar.
İstəyirlər ki, yaydıqları məlumatlarla sensassiya yaratsınlar, dövlət orqanlarına qarşı pis ictimai rəy formalaşdırsınlar.
Səhərdən bir çox sosial media nümayəndələri mənimlə əlaqə saxlayıb, bir məsələyə münasibətimi soruşurlar.
Bu, Vətən müharibəsində Qusar rayonun Həsənqala kəndindən Şəhid olmuş İsmayılov Orxan Qədim oğlunun məzarına hələ də baş daşının qoyulmaması, məzarın üstünün tikilməməsi ilə bağlıdır.
Hətta sosial şəbəklərdəki şərhlərində RİHB-nın ünvanına ittihamlar da yazılır.
Əvəla onu qeyd edim ki, bir məsələni araşdırıb öyrənmədən onu ictimailəşdirmək və insanlarda yanlış fikir formalaşdırmaq heç də etik normalara uyğun deyil.
İndi isə sosial şəbəkələrdə ictimailəşdirilən həmin məzar haqqında. Birincisi, o məzarın şəkilini çəkən görməliydi ki, məzar tikilməsi üçün betonlanıb və tikinti işləri gedir.
Sonrası da məlumat üçün qeyd edim ki, Qusar rayonda bütün Səhid məzarlarına RİH tərəfindən baş daşı qoyulur, düzəldilir.
Vətən müharibəsində rayonumuz 32 Şəhid verib.
Həmin Şəhid məzarlarının 6-na baş daşı və məzarın üstü qoyulub.
Qalan 26 məzarın üstündən artıq torpaq götürülərək betonlanıb və sifariş olunmuş baş daşlarının hazır olunmasını gözləyir.
Baş daşları hazır olan kimi yerdə qalan bütün Şəhid məzarların üstü də qoyulacaq.
O cümlədən, sosial şəbəkələrdə ictimailəşdirilən həmin Şəhid məzarı da yaxın günlərdə hazır olacaq.
Ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidləri heç kim unutmur, yaddan çıxmır, onların xatirəsi həmişə əzizdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Şəhid ailələrin sosial problemləri də dövlət diqqətində saxlayır.
Sonda sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bir xəbəri yaymazdan əvvəl, onu araşdırıb-öyrənmədən ictimailəşdirməyin”.
Etikxeber.az





