“Baş naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram…”-MM-İN KOMİTƏ SƏDRİ – DEPUTATLAR ƏN MÜXTƏLİF MƏSƏLƏLƏRİ DİLƏ GƏTİRDİLƏR…

Tural GƏNCƏLİYEV: “Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır. Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib…”

Azərbaycan müstəqillik əldə edəndən sonra yüzlərlə qanun qəbul etmişik. Lakin bəzi qanunlar hələ də işləmir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Eldar Quliyev deyib.

O, təklif edib ki, qanunların icrasına nəzarət etmək üçün qurum yaradılsın:

“Ölkə başçısı da Milli Məclisin ilk iclasında çıxışı zamanı keyfiyyətin əsas olması fikrini səsləndirdi. Bu qurum qanunların icrasına nəzarəti həyata keçirsin. Bununla da qəbul edilən qanunlar işlək hala gələ bilər”.

“Çox təəssüf ki, bu gün Nəsimi rayonunda yaradılan yaşıllıqların suvarılması problem olaraq qalmaqdadır. Bu, Bakının bütün rayonlarında belədir”.

Bunu isə MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

O, bildirib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür:

“Bu problemin ən qısa zamanda həll olunmasını xahiş edirəm. Vətəndaşlar öz hesabına bu problemi həll etməyə çalışsalar da, bu alınmır. Həmin idarə edilən müraciətlərə cavab verməli, tədbirlər görməlidir”. 

“Kənd təsərrüfatının inkişafı istiqamətində cənab Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir. Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

Bunu da MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, il quraq keçərsə, bu il də məhsuldarlıq çox aşağı olacaq:

“Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş Nazir Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram. Bunlardan biri Zəyəm çayı üzərində su anbarının tikilməsidir. Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır. Hörmətli Baş Naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram”. 

“Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərmişik”.

Bunu öz növbəsində deputat Tural Gəncəliyev deyib.

Millət vəkili bildirib ki, bundan öncə də icma və öz adından Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu”nu göndərməsinə etiraz edib:

“Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır. Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Deputat Ramil Həsən də qeyd edib ki, həmkarı T. Gəncəliyevin dediyi kimi, MM-in 82 ölkə ilə parlamentlərarası dostluq qrupu var:

“Prezidentin burada ilk iclasdakı çıxışı bizim hər birimiz üçün fəaliyyət istiqaməti olmalıdır. Dövlət başçısı hücum diplomatiyasından danışdı. Biz onun çıxışından yola çıxaraq, dostluq qruplarında hücum diplomatiyasının üstünlüklərindən istifadə etməliyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Fazil Mustafa “Hərbi dərslər”in vacibliyindən-RAZİ NURULLAYEV “ÖRÜŞ YERLƏRİ”NDƏN DANIŞDI…

Read Next

Qüdrət Həsənquliyev Milli Məclisin iclaslarının canlı yayımlanmasını-TƏKLİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir