Baş Prokurorluq vəzifəli şəxslərin intiharı ilə bağlı məlumat yaydı – MEDİAYA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (1)

Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Etikxeber.az-a daxil olan açıqlamada bildirilib ki, avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

 Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, dörd aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intihar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Intihar

Baş Prokurorluq eyni zamanda, son günlər artan intihar xəbərləri ilə bağlı KİV nümayəndələrinə müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər: “Baş Prokurorluq olaraq media təmsilçilərindən xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olsunlar”.

E.Sultanov qeyd edib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir: “Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir”.

 Baş Prokurorluğun rəsmisi bildirib ki, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər: “İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveçdə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar”.

E.Sultanov həmçinin qeyd edib ki, Azərbaycanda intihar hadisələrinin sayı Avropa və MDB ölkələri ilə müqayisədə azlıq təşkil edir. İntihar hadisələrinin Azərbaycandakı artım tempinə gəldikdə isə E.Sultanov qeyd edib ki, bu artım cüzidir.

***

Baş Prokurorluğun Mətbuat xidməti həmçinin, Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavininin intiharı ilə bağlı açıqlama yayıb.

Rəsmi məlumata görə, avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir – AZƏRBAYCANDA

Read Next

“Boykot zəiflik əlamətidir və zəiflərin işidir” – YAP-ÇI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir