Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin başlamasında, İkinci Qarabağ Savaşının Qələbə və Zəfərlə başa çatmasında 2020-ci ilin İyul-Tovuz döyüşlərinin əhəmiyyətli dərəcədə təsiri və rolu olub.
Məhz İyul-Tovuz döyüşlərindən, generalımız Polad Həşimovun Şəhidliyindən sonra Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxaraq, Vətən torpaqlarının düşmən işğalından azad olunması üçün səfərbər olub, müsəlləh əsgərə dönüb.
Və İyul-Tovuz döyüşlərinin qəhrəmanlarından biri də Rusiyada ali təhsilini yarımçıq qoyub, Vətəninə dönən, həqiqi hərbi xidmətə yollanan Məhyəddin Elsevər oğlu Zeynalovdur.
O Məhyəddin ki, cəmi 20 yaşında Vətəni yolunda sağlamlığından keçib.
O Məhyəddin ki, Vətəninə gözünün Nurunu qurban verib, bir gözünü itirib.
Və təkcə gözünümü?
Xeyr, bədəninin, orqanlarının çox hissəsi sıradan çıxıb.
Amma bunlar Məhyəddinin Vətəninə, Torpağına, Dövlətinə olan sevgisini nəinki azaldıb, əksinə, daha da güclü edib, daha da artırıb.
Bəli, əsl Vətən sevdalısı, əsl İgid, əsl Qəhrəman bir oğuldur Məhyəddin…
Məhyəddin İmişli rayonundamdır.
2000-ci ilin may ayının 31-də dünyaya gəlib.
Ailədə iki övlad, bir bacı-bir qardaşdırlar.
2001-ci ildə, bir yaşında olarkən ailəsi ilə Rusiyaya köçüb, Novosibirsk şəhərində yaşayıblar.
Orada orta təhsilini alıb və ali məktəblərdən birinin hüquq fakültəsinə daxil olub.
Sonra təhsilini yarımçıq saxlayıb, dondurub, Vətəninə, elinə dönüb, Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…
Və 7 ayın Əsgəri kimi İyul-Tovuz döyüşlərində iştirak edib, iyulun 11-dən 12-nə keçən çox ağır şəkildə yaralanıb.
24 gün komada qalıb…
Bu yerdə qeyd edim ki, Qazimizlə, İgidimizlə ilk dəfə dünən-29 aprel tarixində Şəhidlik Haqqını hələ də tanınmayan Aydın Həzrətovun Hövsan qəsəbəsində təşkil edilən Anım Günü mərasimində tanış oldum.
Qazimizlə, atası ilə bir araya gəldim, qısaca olsa da, söhbətləşdim.
Allahdan Qazimizə şəfa, can sağlığı arzuladım.
Qazimizin dediklərindən:
“Mən Tovuz döyüşlərində, əfsanəvi generalımız-Polad Paşamız Şəhid olan döyüşlər zamanı ağır yaralanmışam…İyulun 11-dən 12-nə keçən döyüş-Əsgər yoldaşımı xilas edərkən yaralanmışam…24 gün komada qalmışam, bir gözümü itirmişəm…Başımın yarısı “kauçuk”dur…Dad və iybilmə qabiliyyətini ömürlük itirmişəm…Eyni zamanda, döyüşlər zamanı qıçım sınmışdı…”İlizarov aparatı” qoydular, qıçımı düzəltdilər…Hazırda mil var qıçımda…Ağ ciyərim ciddi şəkildə zədələnib…Başımda hələ də 3 qəlpə qalır…Yaralandıqdan sonra məndə həm də epilepsiya xəstəliyi əmələ gəlib…Hazırda ikinci qrup müharibə əliliyəm, amma əlində birinci qrup olmalıyam… Hər zaman Vətənimi sevmişəm, Torpağıma bağlı olmuşam…Qazi olmağımla da Fəxr edirəm…”
Bəli, qeyd etdiyim kimi, Məhyəddin əsl Qəhrəman, əsl İgid, əsl Vətən sevdalısı Azərbaycan övladıdır…
Qanı ilə, canı ilə Azərbaycanına, Vətəninə bağlı bir oğuldur…
Həm də sadə, səmimi, tərbiyəli, utancaq, təvazökar bir oğuldur Məhyəddin…
Və hər zaman Ona, Onun kimi oğullara, Vətən sevdalılarına borcluyuq…
Borcumuzu da heç zaman unutmamalı, yaddan çıxarmamalıyıq!
Allah qorusun İgidimizi-Məhyəddin Zeynalovu!
Böyük Yaradan Yar və Yardımçısı olsun!









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az