“Bax budur dünyanın iç üzü…” – ƏLİ HƏSƏNOV

 

“Heç bir xarici qüvvə , heç bir kəşfiyyat orqanı bizdəki xalq-iqtidar vəhdətini sarsıda bilməz”

Baş nazirin müavini Əli Həsənov: “Bizə demokratiyadan, insan hüquqlarından dərs verməyə cəhd göstərirlər: getsinlər, özlərinə dərs keçsinlər”

“Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, bu il nəinki Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də,Azərbaycan demokratiyasının 100 yaşı tamam olur”.

Etikxeber.az-ın xəbərinə görə, bunu vitse-premyer, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən dilə gətirib.

O, qeyd edib ki, Azərbaycan xalqı 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, demokratik prinsiplərə riayət edir və bu prinsiplər əsasında fəaliyyət göstərir: “2018-ci il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Cümhuriyyət İli” elan olunub. Çünki  bu ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 100 ili tamam olur. Hər zaman Xalq Cümhuriyyəti sözününün qarşısına “Demokratik” sözünü əlavə edirəm və bu gün deyirəm ki, bu, əslində, Demokratik Xalq Cümhuriyyətidir.Bu, onu göstərir ki, Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, fəaliyyət göstərir və bu prinsiplərə də dönmədən riayət edir. Ancaq bu gün özlərini dünyanın ən güclü, ən qabaqcıl ölkələri adlandıranlar var ki, onlarda demokratiyanın yaşı bizdən xeyli azdır. Biz onlardan xeyli əvvəl demokratiya yoluna qədəm qoymuşuq və bu yolla irəliləyirik. Təəssüf ki, indi həmin ölkələr bizə demokratiyadan, insan hüquqlarından dərs verməyə cəhd göstərirlər. Getsinlər, özlərinə dərs keçsinlər. Onların dərsi bizə lazım deyil. Elə əsl demokratiya da bizdədir, insanlara əsl xidmət, insan hüquqlarına əsl hörmət də Azərbaycandadır. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti insanlara xidmət edir, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün hər cür addımlar atır. Bu xalqa xidmət siyasətinin yaradıcısı, banisi ümummilli liderimiz Heydər Əliyev olub. Bu gün həmin siyasət ölkə prezidenti İlham Əliyev və onun ən yaxın silahdaşı, birinci vitse-prezident Mehriban Əlityeva tərəfindən uğurla, layiqincə davam etdirilir. Bunlar dünyanın gözü qarşısında baş verir. Yəni, hər məsələ çox şəffaf və çox demokratik şəkildə öz həllini tapır”.

“Bu insanlar insan deyil, onların da insan hüquqları yoxdur?”

Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan dövləti və Azərbaycan xalqının həll olunmamış yeganə bir problem var ki, o da Qarabağ münaqişəsidir. Onun sözlərinə görə, 30 ilə yaxındır ki, belə bir problemə düçar olmuşuq: “Bizi bu problemə düçar ediblər, bizə bu problemi yaradıblar. Bunu yaradan dairələr eyni zamanda, Ermənistana imkan, şərait yaratdılar ki, Azərbaycan torpaqlarını işğal etsin. 25 ildən də çoxdur ki, torpaqlarımız, ərazilərimizin beşdə biri işğal altındadır. O zaman Azərbaycan əhalisinin sayı 7 milyondan bir az artıq olardı. Yəni, Azərbaycanda hər 7 insandan biri öz vətənində qaçqın-köçkün vəziyyətinə düşdü və 25 ildən çoxdur ki, bu acı taleni yaşayır. Ötən illər ərzində də Qarabağ münaqişəsinin həli ilə bağlı bir sıra beynəlxalq sənədlər qəbul olunub. Bu yöndə təkcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var.1996-cı ildə Lissabon sammitində bəyanat qəbul edilib. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası 14/16 saylı qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər beynəlxalq qurumların da müxtəlif zamanlarda bu münaqişə ilə bağlı sənədləri ortadadır. Lakin bugünədək də bu münaqişə həll olunmamış, qəbul edilmiş qətnamə və qərarlar icra olunmamış, yerinə yetirilməmiş vəziyyətdə qalır. Biz, axı, kimə nə etmişik? Biz kimin torpağına göz dikmişik, kimin “bostanı”na daş atmışıq? Əlbəttə, heç kimin. Bizim kiminsə torpağında, ərazisində gözümüz yoxdur. Ancaq çox təəssüflər olsun ki, bu sualların cavabı olsa da, illərdir bu cavablar verilmir. Bu cavabı biz yaxşı bilirik, amma bu cavab verilmir. Bu da dünyadakı ədalətsizlikdən və özbaşınalıqdan irəli gəlir. Bu gün dünyada bizə qarşı ədalətsizlik, ikili standartlar hökm sürür”. Ə. Həsənovun qeyd etdiyinə görə, bu gün Ermənistan dünyada lazımsız bir dövlətə çevrilib: “Amma bununla belə, Ermənistandan bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa çalışılır, onun əli, yəni, faşist və cinayətkar Ermənistan rəhbərliyinin qeyri-kostruktiv addımları ilə münaqişənin həllinə imkan verilmir. Bu gün insan hüquqları bir sıra dövlətlərin və onların təsiri altında olan beynəlxalq təşkilatların əlində təzyiq, təhdid vasitəsinə çevrilib. Həmin dairələr, qüvvələr hər yerdə insan hüquqlarından, onlara əməl olunmasından dəm vururlar. Amma bizə gələndə gözləri yumulur sanki.Burada adi bir məsələni şişirtməyə, onu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışan həmin dairələr və təşkilatlar ancaq torpaqlarımızın işğal altında olmasını, 1 milyondan artıq insanımızın qaçqın-köçkün vəziyyətində qalmasını görməzdən gəlirlər. Üzr üstəyirəm, bu insanlar insan deyil? Onların da insan hüquqları yoxdur? Onların da hüquqları təmin olunmamalıdır? Bizə hüquqdan dərs keçməyə çalışırlar, gedib özlərinə hüquq dərsi keçsinlər”.

ali hasan-bas-1

ayppara-16

ali hasan-bas

“O, oradan qovur, bu, buradan qovur… 550 milyonluq Avropa 1 milyonluq miqrantı yola vermir, vermək istəmir…”

Ə. Həsənov eyni zamanda, dünyanın bir sıra, xüsusilə də, müsəlmanlar yaşayan yerlərində-dövlətlərində beynəlxalq güclər tərəfindən münaqişə ocaqlarının yaradıldığını söyləyib:”Özünüz də şahidsiniz ki, 50 ildir Əfqanıstanda qan su yerinə axıdılır. Hər gün orada silah, partlama səsləri eşidilir, insanlar dinclik nədir bilmir. Götürək İraqı. Az qala 30 ildir ki, bu ölkəni cəhənnəmə çeviriblər. Deyirdilər ki, Səddam diktatordur, orada diktatura rejimi var, ona görə getməlidir. Bəli, Səddam diktator idi və getməliydi, bəs onun yerinə nə gətirdilər, iraqlılara nə bəxş etdilər? Qan-qada, dağıntı, uçurum və sairə… Suriyada, Liviyada, Yəməndə yaşananlar da göz önündədir. Demokratiya deyə-deyə bu ölkələri, bu dövlətləri əsl çəhnnəmə, xarabazara çevirdilər…Artıq bu ölkələrdə insanların ölümü, qətlə yetirilməsi də adi hal kimi qarşılanır, heç kimə təsir etmir. Hər gün eşidir, mətbuatdan oxuyuruq ki, orada 100 adam öldürüldü, burada 50 adam məhv edildi… Amma heç kimdən, xüsusilə də, özlərini güclü və aparıcı, dünyanın “ağası” hesab edən dövlətlərdən səs çıxmır. Sanki belə də olmalıdır, olmalıymış…Bu, dəhşətli bir vəziyyətdir, dəhşətli bir mənzərədir! Bu gün 1milyondan artıq miqrantın Avropada başına gətirilənlər insanlıqdankənar addımlardır, o, oradan qovur, bu, buradan qovur… 550 milyonluq Avropa 1 milyonluq miqrantı yola vermir, vermək istəmir. Amma ərazi və əhalicə kiçik olan Azərbaycan dövləti 25 ildən çoxdur ki, 1 milyiondan artıq insana hər cür qayğı və diqqət göstərir. Əslində dünyada dövlətlərin böyüyü-kiçiyi olmur, sadəcə, əhali və ərazicə böyük və kiçik dövlətlər olur. Biz də bu baxımdan kiçik dövlətik. Amma biz kiçik dövlət olmağımıza baxmayaraq, həmçinin, dünyada bu cür haqsızlıqlar, ədalətsizliklər, iqtisadi-siyasi-hərbi kataklizmlər yaşanarkən dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməyi bacarmışıq.Bu gün Azərbaycan inkişaf səviyyəsinə görə dünyada 33-cü yerdə qərar tutub. Sürətlə inkişaf edən ölkələr sırasında neçənci yerdə olsaq yaxşıdır, 3-cü yerdə. MDB məkanında isə birinci yerdə. Bunlar da təbii ki, elə-belə, asanlıqla başa gəlməyib.Bunlar Azərbaycan çox düz yolda olması hesabına başa gəlib.Bunlar Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik hesabına başa gəlib”.

“Mehriban Əliyeva dünyaya Azərbaycan xanımlarının xanımlığını tanıdıb.”

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinin keçirildiyi bir məkana çevrilib:

“Azərbaycana gəlib, gedən insanlar, dövlət və hökumət rəsmiləri, siyasilər, turistlər öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan haqqında ağızdolusu danışırlar. Bildirirlər ki, dünyada Azərbaycan kimi sabit, inkişaf edən bir ölkə var. Təbii ki, bunlar da  dediyim kimi,müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, xidmətləri sayəsində Azərbaycan dünyada tanınıb. Mehriban xanım bir ildir ki, vitse-prezident kimi fəaliyyət göstərir, amma onun fəaliyyəti təkcə bu biri ili əhaətə etmir. O, hələ 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərinin dünyada yayılması istqimətində böyük işlər görüb və bu gün də bu fəaliyyətini yorulmadan davam etdirməkdədir. O, dünyaya Azərbaycan xanımlarının xanımlığını tanıdıb. Tanıdıb ki, bəli, buyurun, görün Azərbaycan xanımları necə olur… Müsəlman qadınları deyərkən bəzən dünyada göz önünə çarşablı, çadralı qadınlar gəlir. Amma Mehriban xanımın xidmətləri sayəsində bu yanlış təsəvvü aradan qaldırılıb, yəni, Azərbaycan qadının timsalında çox mütərəqqi, çox ziyalı müsəlman xanımlarının olduğu dünyaya nümayiş etdirilib. Bu gün Azərbaycanda xalq-iqtidar monolitliyi, vəhdəti var. Bu monolitliyin təməlində də Heydər Əliyev və İlham Əliyev siyasətui dayanır. Heş şübhəsiz ki, bu siyasət də Azərbaycan xalqından qaynaqlanır. Ona görə də hesab edirəm ki, dünyada heç bir dövlət, heç bir kəşfiyyat orqanı bu monolitliyi sarsıda, məhv edə bilməz və bilməyəcək”.

“Beynəlxalq aləmdə İlham Əliyev və Mehriban Əliyevaya qarşı qısqanclıq var”

Bununla yanaşı, Ə. Həsənovun bildirdiyinə görə, bu gün çox təəssüflər olsun ki, beynəlxalq aləmdə İ. Əliyev və M. Əliyevaya qarşı qısqanclıq var: “Əgər bu qısqanclıq ölkə daxilində olsaydı, bunu bir qədər anlamaq olardı. Bu, bizim bəlkə də milli qüsurumuz hesab oluna bilər. Amma çox təəssüflər olsun ki, bu gün beynəlxalq aləmdə həm İlham Əliyevə, həm də Mehriban Əliyevaya qarşı qısqanclıq var. Bir tərəfdən deyirlər ki, dövlətlər, hakimiyyətlər xalq üçün çalışmalıdır, insan hüquqları, demokratiyanı təmin etməlidir. Digər tərəfdən də bunu təmin edən insanlar, öz xalqlarına, dövlətlərinə qulluq edən rəhbərlər qısqanclıqla qarşılanır. Bax budur dünyanın iç üzü, bax budur ikili standartlar, bax budur ədalətsiz münasibət…”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Novruz Aslanov yenidən “Qızıl Aypara”nın prezidenti seçildi – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Müstəqilliyin ilk dövrlərində həyatın bütün sahələrində çətinliklər mövcud idi…” – İBRAHİMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir