“Baydenin prezidentliyi dövründə…”-SABİQ DEPUTAT YAZIR

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən böyük siyasi və iqtisadi güc mərkəzi olan ABŞ-la əməkdaşlıq xüsusi prioritet yer tutur.

Azərbaycan – ABŞ tərəfdaşlıq münasibətlərinin qurulması son 29 ilə təsadüf etsə də, XIX əsrdə və ötən əsrin əvvəllərində yaranmış ikitərəfli əlaqələri də qeyd etmək lazımdır.

Hələ XIX əsrin 70-80-ci illərində Bakı neft sənayesinin yaranması və formalaşması dövründə ABŞ-ın iri şirkətləri Azərbaycan neftinə maraq göstərmiş, Amerika iş adamı Rokfellerin “Standart oyl” kompaniyası iri sərmayədar kimi fəal rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə respublikamız ABŞ ilə əlaqələr qurmağa çalışmış, 1919- cu ildə Paris sülh konfransında Xalq Cümhuriyyətinin nümayəndə heyətinin rəhbəri olan Əlimərdan bəy Topçubaşovla ABŞ Prezidenti Vudro Vilsonun görüşü Azərbaycan haqqında düzgün və ədalətli rəyin formalaşmasına səbəb olmuşdur.

1920-ci ilin yanvarında Avropanın müttəfiq dövlətlərinin Ali Şurası ilə bərabər Amerika da Azərbaycanın müstəqilliyini tanımışdır.

1991-ci ildə Azərbaycan müstəqillik əldə edikdən ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri ABŞ (23 yanvar 1992) olmuş, bununla da ikitərəfli əlaqələrin hüquqi əsası qoyulmuşdur.

1992-ci il martın 17-də Bakıda ABŞ səfirliyinin açılması, 1992-ci il noyabrın 13-də isə ölkəmizin ABŞ-da ilk səfirinin təyin edilməsi əlaqələrin qurulmasına güclü zəmin yaratdı.

Müstəqilliyimizin ilk illərində rəhbərlikdə olan səriştəsiz şəxslərin beynəlxalq münasibətlər sahəsində təcrübəsizliyi və hazırlıqsızlığı, ABŞ-ı yaxından tanıyan kadrların və mütəxəssislərin yoxluğu səbəbindən Azərbaycan rəsmi Vaşinqtonla əlaqələr qura bilməmiş, hətta erməni lobbisinin təsiri altında ölkəmizə qarşı ədalətsiz qərar qəbul edilmişdi.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ABŞ-la uğurlu xarici siyasətinin əsası qoyulmuşdur.

Qısa müddət ərzində həyata keçirilən uğurlu xarici siyasət strategiyası Azərbaycanın ümumavrasiya və qlobal məkanda mühüm bir ölkə olması fikrini qəbul etdirdi.

Ümummilli liderin gərgin əməyi sayəsində ABŞ-la təmasların qurulması Azərbaycan-ABŞ əlaqələrinin praqmatik və ikitərəfli maraqlar nəzərə alınmaqla formalaşmasına səbəb oldu.

1994-cü il iyunun 10-da Heydər Əliyevin Türkiyəyə səfəri zamanı ABŞ dövlət katibi Uorren Kristoferlə görüş Azərbaycan-ABŞ münasibətlərinin strateji və taktiki məsələlərini müəyyənləşdirmək baxımından mühüm rol oynadı.

1994-cü il sentyabrın 3-4-də ABŞ-ın BMT-dəki səfiri M.Olbraytın Bakıya səfəri siyasi baxımdan mühüm dönüş nöqtəsi oldu və xanım Olbrayt Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə və hasilatına dair müqavilənin tezliklə imzalanmasında ABŞ-ın strateji mövqeyini diqqətə çatdırdı.

ABŞ Azərbaycanın neft və qazının dünya bazarlarına çıxarılması istiqamətində dövlətimizin mövqeyini və həyata keçirdiyi layihələri dəstəkləmiş, 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanması və ABŞ-ın “Amoko”, “Mobil”, “Ekson”, “Yunokal”, “Şevron”, “MakDermot”, “Pennzoyl”, “Teksako”, “Frontera Resurses” və digər iri şirkətlərini Azərbaycanın neft-qaz yataqlarının istismarına cəlb edilməsi ikitərəfli münasibətlərdə əsaslı dönüşün yaranmasına səbəb oldu.

Həmin vaxt Prezident Bill Klinton Heydər Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edirdi ki, Azərbaycanla əməkdaşlıq bizim üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan diplomatiyasının uğurlu səyləri sayəsində siyasi münasibətlərdə də müsbət dəyişikliklər baş verdi, ermənilərin təzyiqi ilə qəbul olunmuş 907-ci düzəlişin aradan qaldırılması istiqamətində fəal addımlar atıldı, 1996-cı il yanvarın 25-26-da Nümayəndələr Palatası, sonra isə Senat Azərbaycana birbaşa humanitar yardım göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul etdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, eləcə də, 907-ci düzəlişin ləğvi məsələsi ABŞ dövlət katibi Madlen Olbraytın da xüsusi diqqət mərkəzində olmuşdur.

Beləliklə, Azərbaycan və ABŞ arasında mövcud olan soyuq münasibətlər Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət strategiyası nəticəsində tədricən aradan qalxmağa başladı, Azərbaycanın Amerika ilə münasibətləri milli maraqlarına cavab verən möhkəm təməllərə söykənərək daha da yaxşılaşdı.

Ulu öndər Heydər Əliyevin 1997-ci il iyulun 27-dən avqustun 5-dək ABŞ-a ilk rəsmi səfəri və Bill Klintonla görüşü zamanı tərəflər arasında siyasi, ticari-iqtisadi və strateji sahələrdə gələcək qarşılıqlı əməkdaşlığın möhkəm bünövrəsini qoydu.

1999-cu il noyabrın 18-19-da Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in Zirvə sammitində Ulu öndər Heydər Əliyev və ABŞ Prezidenti Bill Klintonun növbəti görüşü ikitərəfli əlaqələrin, xüsusilə də, iqtisadi münasibətlərin dinamikasına güclü təkan verdi.

2001-ci ildən Azərbaycan-ABŞ münasibətləri daha geniş şaxə almağa başladı. 11 sentyabr ayında baş vermiş terror aktından sonra Azərbaycan ABŞ-ın rəhbərliyi ilə yaradılan antiterror koalisiyasına ilk qoşulan ölkələrdən və onun fəal iştirakçılarından birinə çevrildi və bu amil iki ölkə arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı genişləndirildi.

Azərbaycan Silahlı Qüvvələrinin dörd taqımı Türkiyə Respublikasının Silahlı Qüvvələrinin taburunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirildi və antiterror koalisiyasında yer aldı.

2003-cü il martın 17-də ABŞ Prezidenti Corc Buş Azərbaycan Prezidentinə verdiyi dəstəyə görə təşəkkür məktubu göndərdi.Prezident Heydər Əliyevin 2003- cü il fevralın 23-də ABŞ-a səfəri də münasibətləri möhkəmləndirərək strateji səviyyəyə qaldırdı.

Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətinin ilk günündən Amerika ilə əməkdaşlıqda yeni səhifə açan açıq siyasi diplomatiyanı bütün sahələrdə genişləndirdi, 2004-cü il martın 27-də Azərbaycana səfər etmiş ABŞ dövlət katibinin birinci müavini Riçard Armitacla dövlətimizin başçısının görüşü siaysi-iqtisadi əlaqələrə yeni nəfəs verdi.

Prezident İlham Əliyevin 2006-cı il 25-28 aprel tarixlərində ABŞ-a ilk rəsmi səfəri uğurlu və məhsuldar olmaqla dövlətlərarası münasibətlərin gələcək inkişafına güclü töhfə verdi.

Azərbaycanın dövlət başçısının ABŞ Prezidenti Corc Buşla səmimilik və dostluq şəraitində keçən görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlər haqqında geniş fikir mübadiləsi aparıldı.

2010-cu ildə Nyu-Yorkda keçirilən BMT Baş məclisinin 65-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Prezident İlham Əliyevin Prezident Barak Obam ilə görüşü növbəti dəfə Vaşinqtonun ölkəmizə böyük maraq göstərdiyini və davamlı əlaqələrin intensivləşdirmək niyyətinin ifadəsi oldu.

2010-cu ilin iyulunda ölkəmizə səfər edən ABŞ dövlət katibi Hillari Klinton Prezident İlham Əliyevlə görüşü də strateji əlaqələrin dinamikasına güc qatdı. 2012-ci il fevralın 4-də Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşən Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razı qaldığını, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün mövcud potensialın artırılmasının zəruriliyinə toxunmuşdur.

2012-ci il iyunun 6-da Azərbaycana növbəti dəfə səfər edən Hillari Klinton ölkəmizi ABŞ üçün Cənubi Qafqazda ən perspektivli tərəfdaş adlandırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Obama administrasiyası tərəfindən 2016-cı il aprelin 1-də Vaşinqtonda keçirilən Nüvə Sammitinə dəvət olunması bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Bu sammitə dəvət olunmasını Azərbaycan dostluq və tərəfdaşlığın əlaməti və mühüm tarixi hadisə kimi yüksək qiymətləndirmişdir.

Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 18-də ABŞ-a səfəri zamanı keçirdiyi görüşlər Birləşmiş Ştatların Azərbaycanla çox geniş və konstruktiv əlaqələrinin möhkəmləndirilməsi baxımından çox faydalı olmuşdur.

ABŞ-a səfəri çərçivəsində sentyabrın 19-da Nyu-Yorkda Prezident Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunmuş, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qəbulda iştirak etmişdir.

ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə Prezident İlham Əliyevə ünvanladığı məktublarda iki ölkənin arasında qarşılıqlı münasibətlərin qurulmasına diqqət çəkilmiş, ölkələr arası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlıq və respublikamızın ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olmasını təqdir edilmişdir.

ABŞ-ın yeni seçilmiş 46-cı Prezidenti Cozef Bayden də Azərbaycanın regionun inkişaf edən və Amerika üçün etibarlı tərəfdaş ölkə kimi dəyərləndirmişdir.

2016-cı il martın 31-də Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ilə görüşü olduqca yaddaqalan və maraqlı olmuş, tərəflər arasında səmimi müzakirələr aparılmışdır.

Co Bayden Prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirmişdir.

O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Co Bayden ABŞ-ın Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulamışdır.

Əminliklə qeyd etmək lazımdır ki, Baydenin Prezidentliyi dövründə Azərbaycan və ABŞ arasında mövcud olan güclü və uzunmüddətli əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək, regionda sülh və təhlükəsizliyin, geniş əməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verəcəkdir.

Vaqif ABDULLAYEV,

Sabiq deputat, keçmiş icra başçısı, siyasi elmlər doktoru

Etikxeber.az

Read Previous

Azərbaycan hərbçisi minaya düşərək-ŞƏHİD OLDU

Read Next

“44 günün davamı…Yeni Səhifə, yeni Mərhələ, yeni Tarix, yeni Zəfər, yeni Uğur…”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir