“Bayrağın bütün guşələrində dalğalansın, Azərbaycanım!” – MİLLƏT VƏKİLİ

Bayraq dünya, insanlıq, bəşəriyyət yaranan gündən var olub desək, yanılmarıq. Dövlətlər yaranmamışdan, toplumlar, tayfalar, qəbilələr  xalqlara, millətlərə çevrilməmişdən öncə bayraq olub. Bayraq toplumların, xalqların, millətlərin, dövlətlərin varolma, yaşam səbəblərindən, rəmzlərindən, atributlarından birinə çevrilib. Bayraq müqəddəs səmavi kitablar – “Quran” kimi, müqəddəs, ali nemət olan çörək kimi öpülüb, göz üstünə qoyulub, and yerinə çevrilib. Bayraq qürur, şərəf, iftixar, fəxarət mənbəyi, namus, şərəf rəmzi olub.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, Azərbaycan xalqı, Türk milləti də yaranan, var olan gündən,  onu qələbələrdən-qələbələrə, zəfərlərdən-zəfərlərə yürüdən məhz müqəddəs bayraqları olub.

“Nəhayət, 1918-ci ildə Şərq-Müsəlman aləmində ilk demokratik, hürr Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə müstəqil dövlətimizin atributlarından olan-türkçülüyü, islamçılığı və müasirliyi özündə ehtiva edən ay-ulduzlu, müqəddəs ucrəngli bayrağımız qəbul olundu. Ancaq 28 aprel ilhaqı-işğalından sonra üçrəngli, müstəqil dövlətimizin nişanəsi olan bayrağımız digər atributlarımız kimi dəyişdirildi, sovetləşdirildi.

Amma böyük öndərimiz, AXC-nin yaradıcılarından və qurucularından olan Məhəmməd Əmin Rəsulzadə demişkən, “Bir kərə yüksələn bayraq bir daha enməz!”. 

Millətin ruhundan doğan bayrağımızı yaddaşlardan, tarixdən silmək kimsəyə nəsib olmadı. 1988-ci ildə Qarabağ hadisələri dalğasında baş qaldıran növbəti istiqalal savaşımız, milli-azadlıq hərəkatımız zamanı üçrəngli bayrağımız da yenidən meydanlarda dalğalandırıldı və xalqımızın mübarizəsi nəticəsində yenidən haqqını, layiq olduğu yerini aldı, Azərbaycanın rəsmi dövlət bayrağına çevrildi.

bayraq-bay

ELDENİZ-QARDAS

2009-cu ildə isə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan olundu və rəsmi bayramlarımız sırasına daxil edildi. Fəaliyyətində hər zaman AXC-yə, Cümhruyyət qurucularına dərin hörmət və ehtiramını səmimi şəkildə ifadə edən ölkə Prezidenti bu addımı ilə bir daha tariximizə, keçmişimizə, istiqlalımıza öz bağlılığını, sevgisini ortaya qoymuş, nümayiş etdirmiş oldu. Artıq 10 ildir ki, xalqımız, dövlətimiz 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edir, üçrəngli bayrağımıza, onu yaradanlara, bizə ərməğan edənlərə, yenidən yaşadanlara öz rəğbətini, övladlıq sevgisini, dərin minnətdarlğını izhar edir. Bu günün yeri müstəqil Azərbaycanımızın həyatında, xalqımızın qəlbində, varlığında bir başqadır-sözlərlə, kəlmələrlə ifadə edilməyəcək dərəcədə…

Odur ki, 9 noyabr- Dövlət Bayrağı Günü ilə bağlı xalqımızı təbrik edir, üçrəngli bayrağımız daim səmalarda, ən uca zirvələrdə, yüksəkliklərdə dalğalansın deyirəm. Həm də ən ülvi arzumu və diləyimi ifadə edirəm ki, tezliklə üçrəngli bayrağımız işğal olunmuş yurd yerlərimizdə, bütün Azərbaycanımızda dalğalansın!”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Kür çayının bu məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb…

Read Next

9 noyabr, 12 noyabr və 17 noyabr – FƏXR GÜNLƏRİMİZ! – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir