Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Əsgərliyə yola düşməzdən bir neçə gün əvvəl Bakıya, nənəsinin yanına getmişdi və özünə üzərində Azərbaycan bayrağı olan köynək almışdı…Soruşdum ki, niyə bu köynəyi almısan, dedi ki, bayrağımızı çox sevirəm… Dəhşət bayrağ sevdalısı idi balam…Elə bayraq uğrunda da, Vətən uğrunda da Şəhid oldu 18 yaşlı Röyalım…”.
Bu sözlər övladı aylar öncə, 23 saatlıq antiterror əməliyyatı zamanı Şəhidlik məqamına ucalmış-Oğuzlu Şəhidimiz Röyal Nəsib oğlu Beydiyevin anası Səxavət İbrahimovaya məxsusdur…
Cəmi 43 yaşında cəmi 18 yaşlı övladını Vətən yolunda Şəhid vermiş Dərdli, Yaralı, həm də Qəhrəman Səxavət xanım bu sözləri yana-yana, sızlaya-sızlaya dilə gətirdi onları-Şəhidimizin ailəsini, ocağını ziyarətimiz zamanı…
Qeyd edim ki, bu gün-22 aprel 2024-cü il tarixində, günorta saatlarında əslən Oğuzlu, özü isə Mingəçevirli olan İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin valideynləri-anası, həm də Şəhid xalası Ülviyyə xanım və atası İldırım Cüməzadə ilə birlikdə Oğuzlu, Qarabulaqlı antiterror Şəhidi Röyal Nəsib oğlu Beydiyevin ailəsini, ocağını, valideynlərini, məzarını ziyarət etdik…
Oğuz rayonunun iki antiterror Şəhidindən biri olan Röyal Beydiyevin ailəsinə, valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məqamı Uca, məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedik…
Röyal da daxil olmaqla, cəmi Şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu dilə gətirdik…
Röyal da daxil olmaqla, heç bir Şəhidimizi unutmağa haqqımız olmadığını söylədik…
Şəhidimizin valideynləri-anası Səxavət xanım və atası Nəsib Nofəl oğlu Beydiyevlə söhbətləşdik, dərdləşdik…
Onlarla birlikdə Şəhidimizin məzarını ziyarət, Röyal da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhlarına dualar etdik…
Bu yerdə qeyd edim ki, Röyal Beydiyev 2005-ci ilin fevral ayının 18-də Oğuz rayonunun ucqar Qarabulaq kəndində dünyaya gəlib…
Milliyyətcə ləzgi olan Şəhidimiz ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı idi…
Böyük bacısı orta məktəbi bitirsə də, 2009-cu il doğumlu kiçik bacısı hazırda 9-cu sinifdə oxuyur….
Röyal özü isə 2011-2022-ci illərdə Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbində oxuyub…
18 yaşının tamamından az sonra, 2023-cü ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb…
Cəlilabad rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub…
Və 2023-cü ilin sentyabr ayında həyata keçirilən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ayın 19-da Şəhid olsa da, Şəhidliyi xəbəri ailəsinə sentyabrın 20-də, axşam saat 7-8 radələrində verilib…
Əvvəlcə övladlarının yaralı, sonra isə Şəhid olduğu deyilib…
Və Şəhidimizin nəşi sentyabrın 21-də Qarabulaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Cəmi 18 yaşında Şəhidlik məqamına ucalan və subay olan Röyal həm də Qarabulağın yeganə Qarabağ Savaşı Şəhididir.
***
Yeri gəlmişkən, Şəhidimizin atası 2023-cü ilin yanvarında AccessBank-dan 8 min manat (ümumilikdə 12 min manata yaxın) kredit götürüb olduqca şəraitsiz evini təmir etdirmək üçün…
Həmin vaxtdan da bugünəcən kreditini vaxtlı-vaxtında ödəyib…
Amma Şəhidimizin ailəsi artıq həmin krediti ödəməyə çox çətinlik çəkir…
Kreditlərinin bağlanması, bağışlanması ilə bağlı bəzi qurumlara müraciət etsələr də, hələlik müsbət cavab ala bilməyiblər…
Bununla belə hələ də ümid edirlər ki, götürdükləri və artıq ödəməyə çətinlik çəkdikləri kreditləri bank tərəfindən bağlanacaq, bağışlanacaq…
Biz də ümid edirik ki, məhz belə olacaq, Dərdli, Yaralı, tək və subay oğullarını Şəhid vermiş ailənin istəyi, xahişi nəzərə alınacaq və götürdükləri kredit adıçəkilən bank tərəfindən vaxtından əvvəl bağlanacaq.
Allah Şəhidimizin ruhunu şad etsin!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın, Nur üzlümüz!
***
FOTOLAR:













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az