“Belə görüntü yaratmağa çalışırlar ki…”-DEPUTATLIĞA NAMİZƏD

Parlament seçkiləri yaxınlaşmaqdadır, deputatlığa namizədlər seçiciləri ilə görüşür, onlara platformalarını təqdim edir, seçkilərə çağırırlar.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli ölkədə dinamik seçki kampaniyası aparanlar sırasındadır.

Etikxeber.az onunla söhbəti (müsahibəni) təqdim edir:

– Anar bəy, hər gün seçicilərlə görüşdəsiniz. Bütövlükdə kampaniya ərzində xalqla sıx təmasda olursunuz, ümumi təəssüratınız necədir? İnsanlar nə istəyir?

– Artıq 10 gündən çoxdur ki, təbliğat-təşviqat kampaniyası ilə məşğuluq, seçicilərimizlə görüşür, onların problemlərini dinləyirik. Düşüncələri, istəkləri ilə tanış oluruq. Məlum olur ki, əslində, bizim insanımız çox böyük şeylər tələb etmir. Ümumilikdə dinlənilmək istəyirlər, əllərinin çatacağı, sözlərini deyə biləcəkləri bir millət vəkillərinin olmağını istəyirlər. Açığını deyim ki, elə seçki prosesində qarşılaşdığımız ən ciddi problem insanlarda laqeydlikdən yaranan aqressiya oldu. Dövlətimiz tərəfdən məcburi köçkünlərimizə çox gözəl şəhərciklər salınıb, çox gözəl şərait yaradılıb, amma məsələ bununla bitmir axı… İnsanların gündəlik yaşamında xeyli problemlər var ki, bunları da məmurlar, deputatlar həyata keçirməlidir. Bu tip məmurların və millət vəkillərinin üzərinə düşən vəzifələri yerinə yetirməməsi insanlarda narazılıqlar yaradır və görülən işlərə kölgə salır. Bizim kampaniya boyu ən çox çalışdığımız da məsuliyyətsiz və yarıtmaz məmurların ucbatından camaatımızın dövlətə qarşı yönələn aqressiyasını azaltmaq oldu.

Onları ölkədə başlayan müsbət dəyişikliklərə inandırmağa çalışdıq. İnsanların məmurlara və onu təmsil etməyə borclu olan adamlara inamı tamamilə itib. Bu inamı dövlət və vətəndaş arasında olan məsul şəxslər sarsıdıb. Biz də bunun fərqindəydik. Ona görə də seçki prosesində heç bir evə gedib “Bizə səs verin” demədik. Biz seçkidə seçici aktivliyi yaratmağa çalışırıq və buna görə də onların evlərinə gedib ünsiyyət qurduq. Xahiş etdik ki, seçkiyə gəlsinlər. Bunu etməkdə məqsədimiz uzun illər boyu davam edən hərəkətsizliyi, seçkilərə biganəliyi aradan qaldırmaq idi. Seçicinin öz taleyinə laqeyd yanaşması doğru olmayan tendensiyadır ki, parlamentdə doğru olmayan adamların yer almasına gətirib çıxarıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli mediaya verdiyi müsahibə zamanı parlament seçkilərinə münasibət bildirərkən deputatların seçiləcəkləri ərazidə əhali ilə sıx əlaqədə olmasını, onların problemlərini dövlət orqanları qarşısında qaldırmasını önə çəkmişdi. Biz də inanırıq ki, dövlət başçımızın dediyi kimi, seçkilərin nəticəsi xalqın iradəsini və mövqeyini əks etdirəcək. Bunun üçün sadəcə və sadəcə inanmaq, seçkilərə getmək, müqəddəratını başqalarının öhdəsinə buraxmamaq lazımdır. Bizim əsas məqsədimiz insanları seçkiyə gətirmək, müsbət dəyişikliklərə birgə nail olmaqdır.

– Hazırda güclü və ciddi rəqib kimi diqqət mərkəzindəsiniz. Seçki prosesi boyu hər hansı bir təzyiqlə üzləşmisinizmi, sizə hər hansı problem yaradıldımı?

– Bizə seçki prosesi boyu hər hansı problem yaradılmadı. Zəngilan və Qubadlı ictimaiyyətinin formalaşdırdığı Təşəbbüs Qrupu mənim namizədliyimi irəli sürdü, mən də deputatlığa namizədliyimi verdim, normal qaydada qeydiyyata alındım. Dairə Seçki Komissiyası ilə çox yaxşı münasibətlər qurmuşuq. Ancaq yenə də xırda məmur qüsurları, bürokratik əngəllər yaratmağa çalışanlar var. YAP-ın namizədi seçkilərdə iştirak edir, təbii ki, YAP-ın təmsilçiləri onu dəstəkləyib təbliğatını aparırlar. Amma burada bir qeyri-bərabərlik var. İcra strukturlarında ikinci, üçüncü dərəcəli məmurlar problem yaratmağa çalışırlar. Bu da ölkədəki demokratik, şəffaf seçki anlayışına, dövlət başçısının ortaya qoyduğu siyasi iradəyə və ölkədə aparılan islahatlara ziddir. Ancaq düşünürük ki, bu təzyiqlər kiçik məsələdir, öhdəsindən gələ biləcəyik. Lakin təzyiqlərin həcmi böyüyərsə, biz bununla bağlı qanun çərçivəsində tədbir görəcəyik. Bu barədə qeydlər götürürük. Dediyim kimi, belə hallarla daha sıx qarşılaşacağımız təqdirdə, dövlətin aidiyyəti strukturlarına yönəldəcəyik. Biz seçki prosesinə ona görə qoşulduq ki, dövlət başçısının ölkədə apardığı siyasi islahatlar var, eyni zamanda, seçkilərlə bağlı ortaya qoyduğu mövqe var. Bu mövqeyini Davosda keçirilən iqtisadi forumda səsləndirdiyi fikirdə də ortaya qoydu. Biz də düşünürük ki, parlament seçkilərində xalqın içindən çıxan, xalqın etimadını qazanan, “Elin gözü tərəzidir” prinsipinə uyğun gələn, xalqın seçimini əks etdirən namizəd qazanmalıdır.

– Bildiyiniz kimi, dünən Cəmil Həsənli 9 fevralda “seçiləcək” deputatların siyahısını yayıb və Azərbaycanda demokratik seçki deyilən bir şeyin olmadığını, yeni parlamentdə sadəcə cüzi dəyişiklik olacağını qeyd edib. Bununla bağlı fikirləriniz maraqlıdır…

– Mən hesab edirəm ki, bu siyahının yayılması dövlətə, prezidentin və Birinci vitse-prezidentin mövqeyinə, son vaxtlar aparılan siyasi islahatlara, dəyişiklik siyasətinə kölgə salmaq üçündür. Hətta bunun təxribat belə olduğunu da demək olar. Çünki bu siyahı xalqın iradəsinə inamsızlığını göstəricisidir. Belə görüntü yaratmağa çalışırlar ki, ortada bu siyahı varsa, hansısa məmurların istək və maraqları Azərbaycan hökumətinin bu günə qədər apardığı siyasət və prezidentin siyasi iradəsindən yuxarıda dayanacaq. Bu siyahı həm də elin gücünü nəzərə almamaq və xalqın layiqli namizədlərinin nüfuzuna kölgə salmaqdır. Biz kampaniya boyu “İnanın, dəyişirik!” şüarı ilə fəaliyyət göstərdik. Çünki xalqda seçkilərə çox böyük bir inamsızlıq var. Bir az əvvəl qeyd etdiyim kimi, proses boyu inamsızlığı, seçilmiş millət vəkillərinin dövlət və xalq arasında körpü ola bilməməsi səbəbindən yaranan aqressiyanı sakitləşdirməklə məşğul olduq və olmaqdayıq. Belə bir siyahının ortaya çıxması da xalqı dövlətə və dövlət başçısına qarşı hiddətləndirir, inamı öldürür, seçkilərə getməməyə sövq edir. Biz bu məsələdə düşünürük ki, dövlət başçısının, Birinci vitse-prezidentin mövqeyi və fəaliyyəti xalqın iradəsinin 9 fevralda demokratik parlament seçkiləri keçirilməsini təmin edəcək.

– Anar bəy, fərqli bir seçki kampaniya aparırsınız, bu kampaniya cəmiyyətdə, seçicilərinizdə maraq doğurmaqla yanaşı, mütəxəssislər tərəfindən də yüksək qiymətləndirildi. Qısa bir vaxtda belə bir kampaniya aparmağa necə müvəffəq oldunuz?

– 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ən aktiv dairələrdəndir, dairəmiz üzrə 15 deputatlığa namizəd və yaxşı bir rəqabət mühiti var. Biz də bu rəqabət mühitində önə çıxmaq üçün ciddi şəkildə çalışırıq. Prosesə başlayandan bəri ürəklə çalışan bir komandamız formalaşdı, nəticədə ortaya ciddi və peşəkar bir iş qoya bildik. Komanda da hər kəsin öz funksiyası var, gərgin bir qrafiklə işləyirik, çox yoruluruq. Amma bizi bu qədər güclü edən inamımızdır. Bir-birimizə inamımız, qələbəyə inamımız, dəyişikliklərə inamımız… Düşünürük ki, bu sevgi və əmək hesabına qazanan tərəf olacağıq. Ən əsası, proses boyu fəaliyyətimiz nəticəsiz qalmayacaq, seçicilər seçkiyə gələcək, bülletenlərini qutuya özləri atacaqlar. Və həqiqətən də, dəyişdiyimizi sübut edəcəyik. Qeyd edim ki, artıq bülletenlər hazırdır. Bülletendə sıramız 5-cidir. Bildiyiniz kimi, 5 uğur simvoludur. 5-i çalışmaqla, zəhmət çəkməklə qazanırsan. Ümid edirik ki, bu günə qədər seçicilərimizin etimadı və dəstəyi ilə gəlib bu çıxdığımız bu yer bizi, həqiqətən də, qələbəyə aparacaq. İnanırıq ki, biz qazanacağıq! İnanırıq ki, qələbə 5-dədir!

Etikxeber.az

Read Previous

Vuqar Bayramovun Seçki Qərargahından-ETİRAZ

Read Next

“İnsanlar qapalı geyimlərdən qorxurlar, hicabla küçəyə çıxanlara hücum edirlər…” – DEPUTAT AŞPA-DAN SƏSLƏNDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir